Xoy və Təbriz xanlıqları. Kərim xan Zənd Urmiya xanlığını məğlub etdikdən sonra Azərbaycanın cənubundakı xanlıqlar müstəqil oldu. Onlardan Xoy xanlığı nisbətən güclü idi. Şahbaz xan Kərim xan Zənd tərəfindən əsir aparıldıqdan sonra Xoy xanlığında hakimiyyət Dünbuli tayfasından olan Əhməd xanın əlinə keçdi. Onun dövründə Xoy xanlığı xeyli gücləndi, onun təsiri İrəvan, Naxçıvan, Qaradağ, Sərab xanlıqlarına yayıldı. 1786-cı ildə Əhməd xan öldürüldü, bundan sonra xanlıq zəiflədi.
Nadir şahın ölümündən sonra Təbrizdə hakimiyyəti ələ keçirən Əmiraslan xan Təbriz xanlığının əsasını qoydu. Fətəli xan Əfşar Təbrizi tutanda paytaxtı bura köçürtmüşdü. Məhəmmədhəsən xan Qacar Kərim xan Zəndlə döyüşdə məğlub olduqdan sonra Fətəli xan Əfşar Təbrizin idarə edilməsini Nəcəfqulu xan Dünbüliyə tapşırmışdı. Təbriz xanlığı Fətəli xan Əfşarın ölümündən sonra yenidən müstəqilliyini bərpa etdi.
Qaradağ xanlığı. Qaradağ xanlığının paytaxtı Əhər şəhəri idi. XVIII əsrin birinci rübündən Qaradağ hakimi Kazım xan müstəqil oldu. Mərkəzi hakimiyyətə tabe olmadığı üçün Nadir şah onun gözlərini çıxartdırdı. Nadir şahın ölmündən sonra Kazım xan Qaradağ xanlığında hakimiyyətini bərpa etdi. Qaradağ xanlığı 1782-ci ildə Xoy və Qarabağ xanlıqlarının birləşmiş qüvvələri tərəfindən tutuldu.
Ərdəbil xanlığının əsasını Şahsevən tayfasından olan Nəzərəli xan qoymuşdur. Onun həm zəndlərlə, həm də qacarlarla münasibətləri gərgin idi. Qaradağ və Lənkəran xanlıqları ilə dostluq münasibətində olmuşdur. 1784-cü ildə Qubalı Fətəli xan Ərdəbilə yürüş etdi və Ərdəbili ələ keçirdi. Lakin Rusiyanın narazılığına görə, qoşununu buradan çıxartdı. Nəsir xanın dövründə Ərdəbil xanlığı Qacarlardan asılı olmuşdu.
13.2.Azərbaycanın şimal xanlıqları, sultanlıqları və məliklikləri və onların daxili siyasəti Şəki xanlığı. 1743-cü ildə Haçı Çələbinin başçılığı ilə Şəkidə üsyan baş verdi və müstəqil Şəki xanlığı yarandı. Nadir şahın ölümündən sonra Hacı Çələbi yaranmış əlverişli şəraitdən istifadə edərək Şəki xanlığının daxili vəziyyətini möhkəmlətdi. Hacı Çələbi Azərbaycanı birləşdirmək üçün Təbriz, Gəncə, Qarabağ, Şirvan xanlıqları ilə mübarizə aparmış və xanlığın ərazisini genişləndirməyə çalışmışdı. O, əvvəlcə Təbrizə hücum etmiş, lakin müvəffəqiyyət qazana bilməmişdi. Şamaxı xanı ilə birləşərək Qarabağa hücum etmiş, Bayat qalasını bir ay mühasirədə saxlasa da, onu ala bilməmişdi. Kür çayını keçərkən demişdir: “Pənahəli xan bu vaxtacan bir sikkəzis gümüş idi, biz gəldik, ona sikkə vurduq və qayıtdıq”.O, Qazıqumux hakimi Məhəmmədhəsən xanın qızını böyük oğlu Ağakişiyə aldı və onu öz tərəfinə çəkdi. Hacı Çələbinin qüvvətlənməsi digər xanları, Kartli və Kaxetiya hakimlərini narahat edirdi. Şəkiyə qarşı olan qüvvələr-Gəncə,Qarabağ, İrəvan, Naxçıvan, Qaradağ xanları və Gürcü hakimləri II İrakli və Teymuraz ittifaqa girdilər. Onlar hərəkət planı qurmaq üçün 1752-ci ildə Gəncə yaxınlığında Qızılqaya adlanan yerdə görüşdülər.Bu hadisə tarixdə “Qızılqaya xəyanəti” adlandırılmışdır. Lakin gürcü hakimləri xanlara hücum edərək onları əsir aldılar və onlarla birlikdə Gürcüstan istiqamətində hərəkətə başladılar. Hacı Çələbinin qoşunları bu zaman Kür çayının sağ sahilində qərarlaşmışdı. Hacı Çələbinin yaxın adamları satqın xanların layiqli cəzalarına çatdıqlarını bildirdilər. Hacı Çələbi müşavirə çağırdı və müşavirədə iştirakçılara dedi: “Nə məsləhət görürsüzsə görün, Kürü keçmək içərisində olsun”. Hacı Çələbi hücum edərək gürcüləri məğlub etdi, xanlar azad olduqdan sonra Hacı Çələbiyə sədaqət andı içdilər və sonra öz xanlıqlarına yollandılar. Tezliklə Hacı Çələbi gürcülərin idarəçiliyində olan Qazax və Borçalını azad etdi, oranın idarə edilməsini oğlu Ağakişiyə tapşıırdı. 1755-ci ildə Hacı Çələbinin son yürüşü Şamaxı xanlığına qarşı oldu. Lakin o bu yürüşdə müvəffəqiyyət qazanmadı.
1755-ci ildə Hacı Çələbi öldü və onun oğlu Ağakişi hakimiyyətə gəldi. Lakin qayınatası Qazıqumuxlu Məhəmmədhəsən xan onu zəhərləyərək öldürdü və hakimiyyəti ələ keçiridi. 40 gündən sonra Fətəli xanın köməyi ilə Məhəmmədhəsən xan Şəkidən qovuldu və Hacı Çələbinin nəvəsi Hüseyn xan hakimiyyətə gətirildi. Hüseyn xan azyaşlı olduğundan Fətəli xan özünü onun qəyyumu elan etdi. Hüseyn xan Müştaq 1779-cu ildə vəfat etdi və yenə Məhəmmədhəsən xan hakimiyyəti ələ keçirdi. Məhəmmədhəsən xan və Fətəli xan arasında münasibətlər çox gərgin idi. 1785-ci ildə Şəki və Quba xanlıqları arasında döyüş oldu. Döyüşdə məğlub olan Məhəmmədhəsən xan Fətəli xandan asılı düşdü. Məhəmmədhəsən xan və Fətəli xan bir birinin bacısıyla evlənməklə gərginliyi aradan qaldırmaq istədilər, lakin bu qohumluq ittiffaqı möhkəm olmadı. 1788-ci ildə Şəki xanlığı Qubanın asılılığından azad olmağa cəhd etdi və Şamaxıda baş verən döyüş Məhəmmədhəsən xanın məğlubiyyəti ilə başa çatdı. Yalnız Fətəli xanın ölümündən sonra (1789) Şəki müstəqilliyini bərpa edə bildi.1795-ci ildə Şəkidə Səlim xan hakimiyyətə gəldi. 1795- 1806-ci illərdə Şəki xanlığını Səlim xan idarə etmişdir.