14.2. Car-Balakən və Gəncənin işğalı.Kürəkçay müqaviləsi. Qarabağ, Şəki və Şirvanın ilhaq edilməsi.
İngiltərənin susqun razılığı ilə çar Rusiyası Cənubi Qafqazın işğalına başladı. 1801-ci il sentyabrın 1-də çar I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilmaəsi haqqında “Manifest” imzaladı. Gəncə xanı Cavad xanın etirazlarına baxmayaraq, hələ 1736-cı ildə Nadir şah tərəfindən Gürcüstanın idarəçiliyinə verilən Azərbaycan torpaqları – Borçalı, Qazax, Şəmşəddil və Pəmpək də Rusiyaya qatıldı. Bu Rusiyanın işğal etdiyi ilk Azərbaycan torpaqları idi.
1801-ci ildə ruslar Gürcüstanı işğal etdilər və şahzadə Aleksandr bu işğalla barışmayaraq Rusiyaya qarşı mübarizəyə başladı. Cavad xan Aleksandrı himayəsinə götürdü. Aleksandr da Borçalını, Qazax və Şəmşəddili Azərbaycana qaytarmağı boynuna aldı. Cavad xanın bu hərəkəti Rusiya ilə münasibətləri gərginləşdirdi.
Şərqi Gürcüstan Rusiyanın Cənubi Qafqazda forpostuna çevrildi və buradan Azərbaycan torpaqlarının işğalı həyata keçirilməyə başlandı. Çar hökuməti Azərbaycan xanlıqlarını döyüşsüz təslim etməyi düşünürdü. Qafqazdakı rus qoşunlarının Baş komandanı Knorrinqə xanlıqlarla bu barədə danışıqlar aparmaq tapşırığı verilmişdi. Knorrinqin danışıqlar aparmaq təklifinə Quba, Dərbənd, Lənkəran xanlıqları, o cümlədən Şimali Qafqazın Tarku şamxalı, Qaraqaytaq usmisi razılıq verdilər. 1802-ci il dekabrın 26-da tərəflər arasında Georgiyevsk müqaviləsi bağlandı. Bu müqaviləyə imza atan Quba, Lənkəran və Dərbənd xanlıqları öz aralarında müharibə aparmamağı, bütün mübahisəli məsələləri danışıqlar yolu ilə həll etməyi, İranın hücumlarına qarşı vahid cəbhədə çıxış etməyi öhdələrinə götürdülər. Müqavilədə, həmçinin Rusiya ilə siyasi və ticarət əlaqələrinin genişləndirilməsi məsələləri də yer almışdı. 1803-cü ildə Bakı xanlığı da bu müqaviləyə qoşuldu.
Azərbaycanın işğalının başlanması. Şərqi Gürcüstanı və onunla birlikdə Borçalı, Qazax, Şəmşəddil və Pəmpək kimi Azərbaycan ərazilərini işğal etdikdən sonra rus qoşunları 1803-cü ilin martında strateji əhəmiyyət kəsb edən Car – Balakən camaatlığına hücum etdilər. Rus qoşunlarına general Qulyakov başçılıq edirdi. Qanıq çayı sahilində baş verən döyüşdə ruslara 5 min gürcü könüllüləri də kömək edirdi. Bu döyüşdə balakənlilər məğlub oldular. Balakənin işğalından sonra carlılar müqaviməti mənasız sayıb döyüşsüz təslim oldular. Beləliklə, ruslar Car – Balakəni ələ keçirdilər. 1803-cü ilin aprelin 12-də Car – Balakəndən Tiflisə gələn nümayəndə heyəti Rusiyanın ali hakimiyyətini qəbul etməsi və Car – Balakənin Rusiyaya birləşdirilməsi haqqında müqavilə imzaladı. Bu sənəd tarixdə “Andlı öhdəlik” kimi adlandırılır. Bu müqaviləyə görə Car – Balakən camaatı hər il çar xəzinəsinə xərac kimi 220 pud xam ipək verməli, Car – Balakəndə rus qoşunlarını yerləşdirməli, sədaqət əlaməti kimi girovlar verməli idi. Çar hökuməti də öz növbəsində Car – Balakən camaatının daxili işlərinə qarışmamağı öhdəsinə götürürdü. Lakin əhalinin bir qismi bu şərtləri qəbul etmədilər və ruslarla müharibədə Dağıstandan kömək çağırdılar. 1804-cü ilin iyununda Qulyakov yenə Cara hücum etdi və oranı yandırdı. Zaqatala yaxınlığında baş verən savaşda Qulyakov öldürüldü, onun qoşununun qalıqları Muxax kəndinə çəkildilər. Qafqazdakı rus qoşunlarına yeni hərbi komandan təyin olunan gürcü mənşəli Sisianov(əsl soyadı P.D.Tsitsişvili olmuşdur) Car –Balakəni ələ keçirdi, müqavimət göstərənlərə divan tutuldu. Car –Balakəndən sonra rus qoşunları İlisu sultanlığına hücuma keçdilər. Müqaviməti mənasız sayan ilisulular döyüşsüz təslim oldular.
Car –Balakən və İlisu sultanlığının işğalından sonra rusların əsas qüvvələri Gəncə şəhəri üzərinə yürüşə cəmləşdirildi. Gəncə xanı Cavad xan hələ, 1783-cü ildə general Burnaşevi və 1796-cı ildə polkovnik Zubovu düz çorəklə qarşılamışdı. Cavad xan Gəncə xanlığının daxili müstəqilliyinin saxlanılması şərtləri ilə Rusiyaya birləşmək haqqında düşünürdü. Lakin Gəncə xanlığının formal da olsa, saxlanılması Sisianovu qane etmirdi. Gəncəni gürcü torpağı hesab edən Sisianov xanlığın və xan nəslinin tam məhvinə və bu ərazilərin Gürcüstanın idarəçiliyinə qatılmasını arzulayırdı. Buna görə, Cavad xanla yazışmalarda onunla amiranə, təhqiramiz şəkildə davranır, bilərəkdən razılaşma üçün yer qoymur, Cavad xanı savaşmağa məcbur edirdi. Sisianov Cavad xana yazdığı ikinci məktubda Gəncənin, guya tarixən Gürcüstana məxsus olduğunu yazır və Cavad xandan təslim olmağı tələb edirdi. Sisianova cavabında Cavad xan bildrdi ki, Gəncə heç vaxt Gürcüstanın olmayıb və Gəncəyə ancaq mənim meyidimin üstündən keçib girə bilərsiniz.
Ruslarla gəncəlilər arasında ilk döyüş 1803-cü ilin dekabrında Quru Qobu adlı yerdə baş verdi. Çoxsaylı rus qoşunlarının həmləsinə tab gətirməyən Cavad xan qoşunu ilə birlikdə Gəncə qalasına çəkildi. Ruslar Gəncəni mühasirəyə aldılar. Gəncədə məskunlaşan ermənilər ruslara kömək edir, Gəncənin müdafiəsinə aid məlumatları xaincəsinə Sisianova çatdırırdılar. 1804-cü ilin yanvarın 2-də rusların Gəncəyə hücumu başladı. Yanvarın 3-nə keçən gecə Gəncə alındı. Cavad xan və oğlu Hüseynqulu ağa qala divarları üzərində qəhrəmanlıqla həlak oldular. Xanın həyat yoldaşı Bəyim xanım Sisianovu xəncərlə vurmağa cəhd etsə də, bu baş tutmadı.
Beləliklə, Gəncə xanlığının ərazisi işğal edildi. Gəncə adı dəyişdirilib I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırıldı. Kim şəhəri Gəncə adlandırsaydı, bir gümüş rubl dəyərində cərimələnirdi. Gəncədən sonra Samux bəyləri də Rusiyaya tabe etdirildilər.
Çar Rusiyasının Şərqi Gürcüstanı və Azərbaycanın qərb ərazilərini işğal etməsi İngiltərənin, Fransanın ürəyincə deyildi. Onlar Rusiyanı Qafqazdan çıxarmağı düşünürdülər və bunu özgənin – İran və Osmanlı dövlətlərinin əli ilə həyata keçirməyi planlaşdırırdılar. Nə İran, nə də ki, Osmanlı dövlətləri Rusiyanın Qafqazdakı işğallarını qəbul etmirdilər. Xüsusən, İran Rusiya ilə münasibətlərdə barışmaz mövqe tutmuşdu və rus qoşunlarının Cənubi Qafqazdan çıxarılmasını təkidlə tələb edirdi. Rusiyadan rədd cavabı alan və Avropa ölkələrinin dəstəyinə arxalanan İran 1804-cü ilin iyununda Rusiyaya müharibə elan etdi. Tərəflər arasında ilk döyüşlər 1804-cü ilin iyulun sonlarında Üçmüədzin və Qəmərli yaxınlığında baş verdi və hər iki döyüşdə ruslar məğlubiyyətə uğradılar. Bundan sonra ruslar İrəvanı ələ keçirməyi qərara aldılar. Sisianov İrəvan hakimi Məhəmməd xandan döyüşsüz təslim olmağı tələb etdi. Rədd cavabı alan Sisianov İrəvan qalasına hücuma keçdi. 1804-cü ilin sentyabrın 4-də İrəvanı ala bilməyən rus qoşunları geri çəkilməyə məcbur oldular. İrəvanda İran qoşunları öz mövqelərini daha da möhkəmləndirdilər. İran qoşunlarını Qarabağa buraxmaq istəməyən İbrahimxəlil xan kömək üçün Sisianova müraciət etdi. İran qoşunlarının hücumunun qarşısını çətinliklə alan Qarabağ xanı İbrahimxəlil xan tərəddüdə son qoydu və Sisianovun şərtləri ilə müqavilə imzalamağa razılığını bildirdi. Tarixdə Kürəkçay müqaviləsi kimi tanınan və 11 maddədən ibarət olan bu sənəd 1805-ci il mayın 14-də Rusiya imperiyası ilə Qarabağ xanı İbrahimxəlil xan arasında imzalandı. Müqavləyə əsasən Qarabağ xanlığı Rusiyanın tərkibinə qatılır və hər il Rusiya xəzinəsinə 8 min çervon ödəməyi, ərazisində rus qoşunlarını yerləşdirməyi, nəvəsini girov kimi Tiflisə göndərməyi öhdəsinə götürdü. Əvəzində Rusiya tərəfi xanlığı ləğv etməməyi, onun daxili müstəqilliyini saxlayacağını öhdəsinə götürdü. Qarabağ xanlığı xarici ölkələrlə əlaqə saxlamaq, danışıqlar aparmaq hüququndan məhrum edilirdi.
Göründüyü kimi, bu müqavilə Qarabağın Azərbaycana məxsusluğunu təsdiq edən sənəddir. Belə ki, Rusiya imperiyası ilə Qarabağ xanı İbrahimxəlil xan arasında bağlanan Kürəkçay müqaviləsində rusların himayədarlıq etdiyi ermənilərin adı bir dəfə də olsun çəkilməmişdir.
Xanlığında hakimiyyət uğrunda gedən daxili mübarizədən yorulan Şəki xanı İbrahimxəlil xanın kürəkəni Səlim xan da vəziyyətdən çıxış yolunu Rusiyaya birləşməkdə gördü və 1805-ci il mayın 21-də Kürəkçay müqaviləsinə bənzər müqavilə imzaladı və Qarabağ xanı ilə nəzərdə tutulan şərtlər Şəki xanlığına da şamil edildi.
Sisianov Şamaxı xanı Mustafa xana məktub yazaraq Kürəkçay müqaviləsinin şərtlərini qəbul etməyi ona da təklif etdi. Mustafa xan, Sisianova cavabında daha geniş imtiyazlar tələb etdi. Məsələn, o, tələb edirdi ki, Rusiya Şamaxı xanlığından vergi tələb etməsin, xana aylıq maaş kəsilsin və bütün Şimali Azərbaycan əraziləri (Dərbəndə qədər) Şamaxı xanlığının idarəçiliyinə verilsin. Mustafa xanın tələblərini qəbul etməyən Sisianov 1805-ci ilin noyabrın 30-da Şirvana qoşun çəkdi. Dağlara çəkilən Mustafa xan müqavimətin mənasız olduğunu yəqin edərək Sisianova təslim oldu və dekabrın 27-də rusların təklif etdiyi müqaviləyə imza ataraq Rusiyanın hakimiyyətini qəbul etdi.
Ərazisinə görə ən böyük xanlıq olan Şamaxı xanlığı işğal edildikdən sonra rus qoşunları Bakı üzərinə yeridilər. Rus hərbi gəmiləri Bakını dənizdən mühasirəyə alıb top atəşinə tutdular. Sisianov Bakı xanı Hüseynqulu xana bağlanacaq müqavilənin layihəsini göndərdi. Hər tərəfdən mühasirəyə alınan Bakı xanlığının Sisianovun şərtlərini qəbul etməkdən savayı çarəsi qalmadı. Layihədə nəzərdə tutulmuşdu ki, Rusiyaya birləşdikdən sonra xanlığın bütün gəlirləri Rusiya xəzinəsinə verilməli, Hüseynqulu xana hökumətdən aylıq 10 min manat maaş ödənilməli, xanlığın idarə olunması xüsusi qaydada həyata keçirilməli, xarici siyasət, hərbi məsələlər rus qoşunlarının baş komandanının əlində cəmləşməli idi. Rusların bütün şərtlərini qəbul edən Hüseynqulu xan öz yaxınları ilə birlikdə müqaviləni imzalamaq üçün Sisianovla görüşə yollandı. 1806-cı il fevralın 8-də Naxır bulağı adlı yerdə xan Bakının rəmzi açarlarını Sisianova təqdim edərkən xanın əmisi oğlu İbrahim bəy Sisianovu öldürdü. Quruda olan rus qoşunları gəmilərə doluşaraq tələsik Sara adasına çəkildilər.