Azərbaycan tarixi


Birinci Rusiya - İran müharibəsi, Azərbay­canın bölüşdürül­məsinin birinci mərhələsi, Gülüstan müqaviləsi (1813-cü il)



Yüklə 0,62 Mb.
səhifə150/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   146   147   148   149   150   151   152   153   ...   269
Azərbaycan tarixi mühazirə

14.3.Birinci Rusiya - İran müharibəsi, Azərbay­canın bölüşdürül­məsinin birinci mərhələsi, Gülüstan müqaviləsi (1813-cü il).

Sisianovun Bakıda öldürülməsi xəbəri İran qoşunlarını fəallaş­dırdı. İranlılar Qarabağa hücum etdilər. Bunu eşidən İbrahimxəlil xan Şuşadan ailəsini də götürüb Xan­kəndidə qərarlaşdı. Ruslar onun bu hərəkətini yanlış olaraq xainlik kimi qiymətləndirdilər və mayor Lisaneviçin rəhbərliyi ilə bir dəstə rus hərbçisi İbrahimxəlil xanı və ailə üzvlərini qılıncla doğradılar. Rusların bu vəhşiliyi Şəkidə və Car-Balakəndə üsyanlara səbəb oldu. Rus qoşunları bu ərazilərdən qovuldular.


Tezliklə qüvvə toplayan rus qoşunları İran qoşunlarını Qarabağdan çıxartdılar və şimala - Dərbənd üzərinə yeridilər. 1806-cı ilin iyunun 22-də Dərbənd ruslar tərəfindən işğal edildi. Bundan sonra rus qoşunları Bakını mühasirəyə aldılar. Hüseynqulu xan İrana qaçdı və şəhər 1806-cı ilin oktyabrın 3-də ruslara təslim oldu. Az sonra Quba xanlığı da rusların əlinə keçdi. Fətəli xanın oğlu Şeyxəli xan dağlara çəkildi və Rusiyaya qarşı mübarizəni davam etdirdi. 1806-cı ilin oktyabrın 22-də rus qoşun­ları Şəkini ələ keçir­dilər.Çələbilər nəslindən olan sonuncu Şəki xanı Səlim xan İrana qaçdı. Çar hökuməti Rusiyaya sadiq Xoy xanları nəslindən olan Cəfərqulu xanı Şəki xanı təyin etdi. Tezliklə, Car-Balakən camaatının üsyanı da amansızcasına yatırıldı. Beləliklə, 1806-cı ilin sonuna Lənkəran, İrəvan və Naxçıvan xanlıqlarından savayı bütün Şi­mali Azərbaycan çar Rusiyası tərəfindən işğal edildi.
Şimali Azərbaycan torpaqlarının Rusiya tərəfindən davam edən işğalı Osmanlı dövlətində narazılıqla qarşılandı. İngiltərə və Fransadan diplomatik dəstək alan Osmanlı dövləti Rusiya ilə müharibəyə hazır­laşırdı. Fransa bu müharibənin başlanmasında xüsusi maraqlı tərəf idi. Çünki, Avropada Napoleon Fransasına qarşı vuruşan əsas qüvvələr məhz rus qoşunları idi. Rus-Türk müharibəsinin başlanması rus qoşunlarının Avropada möv­qeyini zəiflətmiş olardı. 1806-cı ilin payızında Osmanlı dövləti Rusiyaya müharibə elan etdi və Birinci Rus-Türk müharibəsi başladı. Hərbi əməliyyatlar iki cəbhədə Qafqaz və Balkan cəbhələrində aparılırdı.
Beləliklə, Qafqazda Rusiya həm İran, həm də Osmanlı dövləti ilə vuruşmalı oldu. 1807-ci ildə, iyunun18-də Gümrü yaxınlığında ruslar türklər üzərində qələbə çalsalar da, 1808 - 1809-cu illərin hərbi əməliy­yatları ruslar üçün uğurlu olmadı. Belə ki, Naxçıvanı tutub İrəvana hücum edən rus qoşunları İran qoşunları tərəfindən darmadağın edildilər. Bu uğursuzluq Rusiyanın Qafqazdakı baş komandanı Qudoviçin istefaya getməsinə səbəb oldu. 1809-cu ildə Qudoviçi əvəz etmiş A.Tormasova həm İranla, həm də Osmanlı ilə sülh bağlamaq yolları axtarmaq tapşırıl­mışdı. Eyni zamanda, Tormaşov hərbi əməliyyatları da davam etdirirdi. İran qoşunlarının Qarabağı, Göyçəni və Yelizavetpolu tutmaq cəhdləri puça çıxdı. 1810-cu ilin iyununda Fətəli şahın oğlu, şahzadə Abbas Mirzənin komandanlığı ilə İran qoşunları yenidən Qarabağ, Gəncə və Pəmpək istiqamətində hücuma keçdilər, Qarğabazar və Mehridə İran qoşunları yerləşdirildi. Strateji mövqeyə malik olan Mehrinin ələ keçirilməsi ruslar üçün çox vacib idi. P.Kotlyarevskinin başçılığı ilə rus qoşunları Mehrini ələ keçirdilər. Məğlub olmuş Abbas Mirzə Rusiya ilə danışıqlara razılıq verdi. Lakin rusların nəinki tutduqları ərazidən çıxmaq istəməməsi, həm də Lənkəran xanlığını tələb etməsi İranın danışıqları tərk etməsi ilə nəticələndi.
Həm Balkan, həm də Qafqaz cəbhəsində ruslar türk qoşunları üzərində qələbələr əldə etdilər və tərəflər 1812-ci ilin mayında Buxa­restdə sülh müqaviləsi imzaladılar. Bu sülh Osmanlıdan çox Rusiyaya lazım idi, çünki 600 minlik seçmə fransız ordusu Rusiyaya hücuma hazırlaşırdı. Rusiya bütün qüvvələri Napoleona qarşı səfərbər etmişdi. Birinci rus-türk müharibəsi heç bir sərhəd dəyişikliyinə gətirmədi. Osmanlı dövləti Rusiyanın Cənubi Qafqazda işğal etdiyi torpaqların onun ixtiyarında qalması faktını qəbul etməyə məcbur oldu.
1812-ci ilin iyununda Rusiya-Fransa müharibəsi başladı. Yaran­mış vəziyyətdən istifadə edən İran Rusiyaya qarşı hərbi əməliyyatları təzələdi. 20 minlik İran ordusunun Qarabağı, Gəncəni, Şəkini rus qoşunlarından təmizləmək cəhdləri uğur­suzluqla nəticələndi. Yalnız Lənkəran istiqamətində İran qoşun­ları uğur qazandılar və Lənkəran xanlığını ələ keçirdilər. Ruslarla iranlılar arasında Lənkəran xanlığı üstündə həlledici döyüş 1812-ci il oktyabrın 10-da, Aslandüz adlanan yerdə baş verdi. P.Kotlyarevskinin rəhbərlik etdiyi rus qoşunları 30 minlik İran qoşunlarını məğlub etdilər. 1812-ci ilin dekabrında ruslar Lən­kəran xanlığının ərazisini işğal edərək Lənkəran qalasını müha­sirəyə aldılar. Qalanın müdafiəsinə başçılq edən Sadıq xan təslim olmaq təkliflərini rədd etdi. Bir neçə gün qalanı top atəşinə tutan ruslar 1813-cü ilin yanvarın 1-də Lənkəranı ələ keçirdilər. Lənkəranın müdafiəsində Sadıq xan və 6 min döyüşçü həlak oldu. Aslandüz döyüşü və Lənkəran qalasının alınması İranı ağır vəziyyətə saldı.
Ruslar Təbriz istiqamətində hücumu davam etdirməyi planlaş­dırırdılar. İran üçün çətin bir durumda Fətəli şah hökuməti Rusiya ilə sülh danışıqlarına başlamağa razı oldu. Rusiya ilə İran arasında sülh müqaviləsi 1813-cü ilin oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlandı. Sənədi Rusiya tərəfdən general Ptişev, İran tərəfdən isə Mirzə Əbdülhəsən xan imzaladı. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıq­larını çıxmaq şərtilə, Araz çayından şimalda bütün Azərbaycan torpaqları – Şəki, Qarabağ, Gəncə, Şirvan, Quba, Bakı, Dərbənd, Lənkə­ran xanlıq­ları, Şərqi Gürcüstan və Dağıstan Rusiyanın tərkibinə qatıldılar. Naxçıvan və İrəvan xanlıqları isə İrana qatıldı. Müqaviləyə əsasən Xəzər dənizində yalnız Rusiya donanma saxlaya bilərdi və İran ərazisində ticarətlə məşğul olan rus tacirləri vergi ödəməkdən azad edilirdilər.
Beləliklə, Gülüstan müqaviləsi ilə Birinci Rus-İran müharibəsi başa çatdı və nəticədə Şimali Azərbaycan torpaq­larının böyük bir hissəsi Rusiyaya ilhaq edildi.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin