Kürdlərin köçürülməsi.Kürdlər Şimali Azərbaycana özbaşına köçürdülər. Müsəlman olduqlarına görə, çar hökuməti onların Şimali Azərbaycana köçürülməsini arzulamırdı, eyni zamanda maneçilik də törətmirdi. 1830-1840-cı illərdə Şimali Azərbaycanda təqribən 7 minə yaxın kürd əhalisi məskunlaşdı. Onlar Naxçıvanda, Zəngəzurda, Qarabağda yerləşdilər.
Əhalinin sosial tərkibi. Rusiya Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra müəyyən qədər sabitlik əldə edildi. Müharibə dövründə öz ata-baba yurdlarını tərk etmiş əhalinin bir qismi tədricən öz yerlərinə qayıtmağa başladı. Azərbaycanın Rusiyanın müstəmləkəsinə çevrilmiş ərazilərinin əhalisi 1832-1833-cü illərdə 700 min nəfər idisə, 1855-ci ildə bu rəqəm 1 milyon nəfərə çatmışdı. Şəhər əhalisinin də sayı artmışdı. Əhalinin sayı ümumən artsa da, faiz etibarı ilə Azərbaycan türklərinin payı azalmışdı ki, bu da coxsaylı gətirilmə əhalinin Azərbaycanda yerləşdirilməsinin mənfi nəticəsi idi.
XIX əsrin əvvəllərində hakim zümrəyə xanlar, bəylər, ağalar, sultanlar və başqaları daxil idi. Rusiya hökuməti ilk əvvəllər onlara qarşı cəza tədbirləri görmüş, torpaq və əmlaklarını əllərindən almışdı. Bunun nəticəsi idi ki, xanların əksəriyyəti ölkədən qaçmağa məcbur olmuşdu. Xanlıqlar ləğv edildikdən sonra hakim təbəqə içərisində əsas yeri bəylər tuturdu. Türkmənçay müqaviləsindən az sonra çarizm hakim təbəqənin nümayəndələrinə qarşı münasibətində dəyişiklik etdi və onları öz tərəfinə çəkmək üçün bir sıra güzəştlərə getdi. 1830-cu il 13 iyul fərmanına əsasən, Azərbaycandan Sibirə və başqa yerlərə məhkəmə qərarı ilə sürgün edilmiş bəylər bağışlandı və əmlakları özlərinə qaytarıldı.
Ruhanilər də ali zümrəyə daxil idi. 1829-cu ildə müsəlman ruhanilərinin hüquq və vəzifələrini müəyyənləşdirən komitə yaradıldı. Şiə əhalinin dini işləri ilə məşğul olan şeyxülislam, sünnülər üçün qazı və ya müfti vəzifələri təsis edildi. Çarizm nəinki müsəlman ruhanilərinin, hətta alban katalikosluğunun hüquqlarını məhdudlaşdırdı. 1836-cı ildə Rusiyanın Müqəddəs Sinodu tərəfindən Alban katalikosluğu ləğv edildi və yalnız 2003-cü ildə Azərbaycanın müstəqilliyi nəticəsində bərpa olundu.
Şimali Azərbaycanda əhalinin sosial tərkibində kəndlilər əsas yer tuturdu. XIX əsrin ortalarında kəndlilər ümumi əhalinin 90 faizini təşkil edirdi. Onlar iki yerə: dövlət (xəzinə) və sahibkar kəndlilərinə bölünürdü. Xəzinə torpaqları çar hökumətinin etibarsız hesab etdiyi bəylərin və keçmiş xanların torpaqları hesabına yaradılmışdı. Burada yaşayan kəndlilər də dövlətin ixtiyarına keçdi. Feodal asılı kəndlilərin ikinci qrupu sahibkar kəndliləri adlanırdı. Kəndlilər rəiyyət, rəncbər və elatlara bölünürdülər.
Üçüncü zümrəyə daxil olan tacirlər, sənətkarlar və başqaları, əsasən, şəhərlərdə yaşayırdılar.