Aratta ölkəsi. Azərbaycan ərazisində ilk dövlət qurumu Urmiya gölünün cənub-şərqində e.ə. III minilliyin birinci yarısında (e.ə. 3000 – 2500-cü illər) yaranmış Aratta dövlət qurumu olmuşdur.
Aratta haqqında məlumatlar Şumer dastanlarında əks olunmuşdur. Dövlətin paytaxtı Aratta şəhəri olmuşdur. Ölkəni tək hökmdar idarə edirdi ki, onu da “en” və yaxud “ensi” adlandırırdılar. Dövlətdə ikinci şəxs “vəzir” hesab olunurdu. Dini idarələrin rəhbəri baş kahin “maşmaş” adlanırdı və böyük nüfuza malik idi. Arattada çoxallahlılıq (politeizm) mövcud idi və baş allah İnanna adlanırdı.
Arattanın tarixi-coğrafiyasına gəldikdə İran, Əfqanıstan tarixçilərinin bu dövlətin guya ki, indiki Tacikistan və Əfqanıstanın şimali ərazilərində olması barədə iddiaları əsassızdır. Qədim Şumer mənbələrinin təhlili göstərir ki, Aratta Mərkəzi Asiyada deyil, Şumerlə qonşuluqda yerləşmişdir. “En Markar və Luqalbanda”, “En Markar və Aratta hökmdarı”, “En Markar və Sukuşsiranna” kimi qədim Şumer dastanlarında e.ə. XXVIII – XXVII əsrlərdə Şumer şəhər dövləti Urukun Arattanı ələ keçirmək cəhdlərindən, onlar arasında uzun müddət gedən müharibələrdən, eyni zamanda Şumer və Akkad dövlətləri ilə Aratta arasında mövcud olan iqtisadi, mədəni əlaqələrdən danışılır. Adı çəkilən mənbələrdən aydın olur ki, Aratta Urmiya gölündən cənub-şərq ərazilərdə mövcud olmuşdur.
Lullubi dövlət qurumu. E.ə. III minilliyin ortalarında Aratta dövlət qurumu tarixin səhnəsindən çıxdı və onun ərazisində Lullubi tayfa birliyi güclənməyə başladı. Lullubilər çox döyüşkən və işgüzar olduqlarından onlardan Aşşur, Hett çarları dövlət idarəçiliyində və hərb işində istifadə edirdilər. Aşşurun Nizi şəhərində yaşayan lullubilər hurri tayfası ilə yaxın əlaqədə idilər.
“Lullubi” sözünün mənası onların qonşuları hurri tayfalarının dilindən götürülmüşdür ki, mənası “yadelli”, “özgə” deməkdir. E.ə. XXV əsrdə Aratta ərazisində yaşayan lullubilər tayfa birliyi yaratdılar.
E.ə. III minilliyin ortalarına Şumer dövləti süquta uğradı və e.ə. XXIV- XXII əsrlərdə İkiçayarası ərazilərində Akkad dövləti meydana gəldi. Akkad qonşularına, o cümlədən lullubilərə qarşı işğalçılıq siyasəti yeridirdi. Mənbələrdə e.ə. XXIII əsrdə lullubilərin su və turukki tayfalarını da öz ətrafında birləşdirərək Lullubi dövlətinin əsasını qoyduğu göstərilir ki, bu da asan əldə olunmamışdır:lullubilər öz müstəqillikləri uğrunda qonşu İkiçayarasında yerləşən Akkadla uzun müharibələr aparmağa məcbur olmuşlar. Lullubi Akkada qarşı mübarizədə fəal iştirak edirdi və fəallıq hökmdar Satuninin dövründə (e.ə. 2230-2200-ci illər) dah çox nəzərə çarpırdı. Akkadla mübarizə e.ə. XXII əsrdə, Lullubi hökmdarı Anubaninin hakimiyyəti dövründə daha da güclənmişdi. Mixi mənbələrdə Anubaninin Akkadla mübarizədə əldə etdiyi uğurlara görə onun şərəfinə ucaldılmış “Daş sütünu”nun (“Qələbə abidəsi”nin) adı çəkilir və onun qazandığı uğurlar göstərilir.
Lullubilərin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. İgid, cəsur tayfa kimi tanınmış lullubilər hərb sənətini də yaxşı bilirdilər. Lullubi dövlət qurumuna tək hökmdar başçılıq edirdi və eyni zamanda qoşunların başçısı sayılırdı.
Lullubi dövlətinin tarixi –coğrafiyasına gəldikdə, bu dövlət köhnə Arattanın mövcud olduğu ərazidə - yəni, Urmiya gölündən cənub və cənubi-şərq ərazilərdə mövcud olmuşdur. Lullubilər qonşu dövlətlərlə, xüsusən İkiçayarası ilə yaxın iqtisadi, siyasi və mədəni əlaqələr saxlamışlar.
Arattada olduğu kimi, Lullubidə də çoxallahlılıq möcud olmuşdur. Lullubilər səma, bərəkət və məhəbbət, ay, günəş və s. allahlara sitayiş edirdilər. Lullubilərdə ən baş allah səma allahı – Anum sayılırdı. Lullubi dövləti e.ə. II minilliyin başlanğıcında ayrı-ayrı hakimliklərə parçalandı.