Sənayenin başqa sahələri. Neft sənayesinin inkişafi ilə yanaşı, Azərbaycanda sənayenin digər sahələrində də inkişaf müşahidə olunurdu. Bakıda neft sənayesi üçün köməkçi mexaniki emalatxanalar, tütün emal edən fabriklər, un dəyirmanları və b. sahələr yaranıb inkşaf edirdi.
Əsasən dağ-mədən və emaledici sənaye sahələrinə daha çox diqqət yetirilirdi.Bakıda metal emaledici, tütün zavodu və başqa zavodlar fəaliyyətə başladı. Digər şəhərlərdə də sənəye sahələri meydana çıxırdı. Bunlardan Şəkidə ipəksarıma, Gədəbəydə misəritmə sənayesi də inkişaf edirdi.
Azərbaycanın qərb regionunda dağ-mədən sənayesi inkişaf edirdi. 1850-ci ildə Gədəbəydə zəngin mis filizi yataqları aşkar edildi. Yataqları tezliklə alman Simens qardaşları aldılar. Onlar 1863-1865-ci illərdə burada misəridən zavod inşa etdilər. Cənubi Qafqazda istehsal olunan misin üçdə iki hissəsini verən bu zavod Rusiyada ən böyük misəridən müəssisə idi. Simens qardaşları Daşkəsən kobalt yataqlarını da ələ keçirdilər və 1865-ci ildə kobalt zavodu tikdilər. Gədəbəydə 10 min desyatin meşə sahəsi posessiya əsasında zavodun istifadəsinə verildi.
İslahatdan sonra Azərbaycanın qərb regionunda dağ-mədən sənayesi daha da genişləndi. 1883-cü ildə Gədəbəydə ikinci böyük bir müəsisə - Qalakənd misəritmə və missaflaşdırma zavodu tikildi. Bu Rusiya imperiyasında ilk missaflaşdırma zavodu olsa da, burada əsas rolu alman kapitalı oynayırdı. Gədəbəy misəritmə zavodu Simmens qardaşları tərəfindən mütərrəqi texnalogiya ilə təmin olunaraq daha da inkişaf etdirilirdi. Onların dövründə ildə 40 min pud mis verən yeni zavodun əsası qoyuldu. Bu dövrdə Naxçıvanda daş-duz kombinatı, Bakı və Cavad qəzalarında şoran sulardan duz istehsal edən müəssisələr yaradıldı.
Azərbaycanda yüngül və yeyinti sənayesi yerli xammal əsasında inkişaf edirdi. Yüngül sənayenin mühüm sahələrindən biri baramaaçma və ipək sarıma idi. Cənubi Qafqazda ipəkçiliyin ən böyük mərkəzi Şəki idi. 1861-ci ildə Şəkidə Alekseyev və Voronin qardaşları tərəfindən böyük ipək fabrikinin əsası qoyuldu.Bu fabrikdə 432 dəzgah quraşdırılmışdı və burada 350 işçi çalışırdı. Bu Avropada ən böyük müəssisə hesab edilirdi.İpək müəssisələri Zaqatala-Şəki zonasında Şəkidə, Naxçıvan qəzasında isə Ordubadda cəmləşmişdi. Cənubi Qafqazda ipək emalı sənayesinin mərkəzi olan Şəki Qafqazın Lionu adlanırdı.
Qarabağın Şuşa, Cəbrayıl bölgələrində, Naxçıvanın Ordubad bölgəsində də ipək fabrikləri geniş yayılmışdı. Ordubadın Aşağı Əylis kəndindəki ipək fabrikində Fransadan gətirilmiş 80 dəzgah quraşdırılmışdı.
Pambıqçılıq Azərbaycanın Göyçay,Cavad,Ərəş, Cavanşir, Yelizavetpol, Şuşa, Naxçıvan qəzalarında geniş yayılmışdı. Pambıqçılığın inkişafı nəticəsində pambıqtəmizləmə zavodları meydana çıxdı. İlk pambıqtəmizləmə zavodu 1882-ci ildə Naxçıvanda inşa olunmuşdu. Yeyinti sənayesində mühüm yerlərdən birini balıq emalı tuturdu 1881-ci ildə hökumət balıqçılıq təsərrüfatını məngənədə saxlayan iltizam sistemini ləğv etdi. Azərbaycanın balıq sərvəti tezliklə iri kapitalistlərin əlinə keçdi, onlar balıqçılıq təsərrüfatını kapitalist əsasları üzrə yenidən təşkil etməyə başladılar. Balıq tutulması ilbəil artırdı. XIX əsrin sonuna Azərbaycanda 31 balıq vətəgəsi var idi.
XIX əsrin ikinci yarısında inkişaf etməyə başlayan sahələrdən biri də şərabçılıq idi.Şərabçılığın inkişafında Azərbaycanda məskunlaşan alman əhalisinin xüsusi rolu olmuşdur.1870-ci ildə Yelenendorf (indiki Göygöl) alman koloniyasında “X.Forer və oğulları” şirkəti yaradıldı ki, 1892-ci ildən bu şirkət “Forer qardaşları” adlandırıldı. 1880-ci ildə Yelenendorfda “Hummel qardaşları” alman şirkəti yaradıldı.Yelizavetpol quberniyasında fəaliyyət göstərən adı çəkilən alman şirkətləri və ayrı-ayrı kolonist təsərrüfatları XIX əsrin sonuna 10-12 milyon litr şərab istehsal etmişdilər. Göyçay, Şamaxı, Ağdam,Kürdəmirdə də şərab və konyak istehsal edən zavodlar fəaliyyət göstərirdi.
XIX əsrin ikinci yarısında meydana çıxan sənaye sahələrindən biri də biyan kökü emalı sənayesi idi.Biyan kökündən həm pivə,konfet, siqara istehsalında, həm toxuculuqda rəng kimi, həm də tibbdə dərman kimi geniş istifadə olunduğundan ona olan tələbat ilbəil artırdı.
Nəqliyyat iqtisadiyyatının inkişafı nəqliyyat vəsitələrinin də irəliləyişinə səbəb olmuşdur. İlk dəfə Xəzər dənizində neft daşıyan gəmilərlərdən istifadə başladı. 1880-ci ildə Bakı-Balaxanı-Sabunçu-Suraxanı neft mədənlərini birləşdirən dəmir yol xətti istifadəyə verildi. 1883-cü ildə Bakı-Tiflis dəmir yol xəttinin çəkilişi başa çatdı. 1900-cü ildə Biləcəri - Petrovsk dəmir yol xətti istifadəyə verildi və Bakı Ümumrusiya dəmiryol xəttinə birləşdirildi. 1886-cı ildə Bakı şəhərini əhatə edən ilk mərkəzləşdirilmiş telefon stansiyası istifadəyə verildi.