Azərbaycan tarixi


Azərbaycan SSR-də 1920-1930-cu illərdə mədəniyyət



Yüklə 0,62 Mb.
səhifə221/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   217   218   219   220   221   222   223   224   ...   269
Azərbaycan tarixi mühazirə

19.5. Azərbaycan SSR-də 1920-1930-cu illərdə mədəniyyət.

Sovet dövlətinin üçüncü böyük islahatı mədəni inqilab idi. Mədəni inqilab insanların şüurunu kommunist ideologiyasına uyğun formalaş­dırırdı. Sovet dövlətinin özünə sadiq kadrlar hazırlamaq və Azərbaycanın sərvətlərindən istifadə etmək üçün bacarıqlı və savadlı adamlara ehtiyacı var idi. Bu sahədə Sovet dövlətinin ilk tədbiri savadsızlığı ləğv etmək oldu. Artıq 1920-1921-ci illərdə Respublikada 350-yə qədər müxtəlif tipli yeni təhsil ocağı açılmışdı. Savadsızlığı aradan qaldırmaq üçün Xüsusi Komitə (1923) yaradıldı. Qadınlar arasında savadsızlığın aradan qaldırılmasına xüsusi diqqət yeti­rilirdi.1923-cü ildə Azər­baycanın əyalət və qəzalarında 534 savad kursu açılmış və təkcə buraya cəlb olunan qadınların sayı 12 minə çatırdı. 1920-1921-ci tədris ilində pedaqoji texnikumlarda 80 nə­fər qız oxuyurdusa, 1926-1927-ci tədris ilində bu təhsil ocaqlarında qızların sayı 737 nə­fərə çatmışdı. 1927-1928-ci tədris ilində texnikumlarda 1398, fəhlə fakültələrində 54, ali məktəblərdə 149 nəfər azərbaycanlı qızı oxuyurdu. 1928-1929-cu tədris ilində məktəb­lərdə oxuyan azərbaycanlı qızların sayı 20 min 71 nəfərə çatmışdı. İyirminci illərdə respublikada 31 qadın klubu fəaliyyət göstərirdi.


Savadsızldığı ləğv edən kurslar açıldı. 166437 nəfər Azərbaycan qadını qısa müd­dətli kurslar, axşam məktəbləri, dərnəklər vasitəsi ilə savadlanmışdı.Artıq 1930-cu ildə əhalinin yarısı yazıb-oxuya bilirdi.
Azərbaycanda ümumtəhsil məktəblərinin inkişafına xüsusi diqqət yetirilirdi. 1935-ci ilin ümumtəhsil məktəblərinin strukturu dəyişdirildi. I-IV siniflər ibtidai, I-VII siniflər natamam, I-X siniflər orta təhsil verirdi. 1934-cü ildə məktəblərdə uşaqların sayı 387 min 107 nəfərə çatdı. Bunun 159 min 843 nəfəri qızlar idi. Azərbaycanlı qızların sayı isə 99 min 242 nəfər olmuşdu. Artıq 1930-cu illərin əvvəllərində Azərbaycanda da məktəb yaşlı uşaqların 90%-dən çoxu təhsilə cəlb edilmişdi. Respublikada 1940-cı ildə 4500 məktəbdə 695 min şagird oxuyurdu.
1920-ci ildə Bakı, Gəncə, Şəki və Qazaxda müəllimlər seminariyası fəaliyyətə başladı. Həmin illərdə mövcud olan 15 pedaqoji texnikum xətti ilə 2260 nəfər müəllim hazırlanmışdı. Onun da 1156 nəfəri azərbaycanlı müəllimlər idi. Azərbaycanda orta ixtisas məktəblərinin sayı 1940-cı ildə 1927-cı ildəki 39-dan 91-ə çatdı.
Ali məktəblərin də sayı ildən ilə artırdı. 1921-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnsti­tutu, Azərbaycan Politexnik İnstitutu, şərqdə ilk Konservatoriya, Ali Rəssamlıq məktəbi 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu, 1930-cu ildə Azərbaycan Tibb İnstitutu, 1934-cü ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu açıldı. 1938-ci ildə Gəncədə və Şəkidə müəllimlər institutu açıldı. 1926-cı ildə 5, 1940-cı ildə 16 ali məktəb var idi və onlarda 15 min tələbə təhsil alırdı. Ali məktəblərdə oxuyan qızların sayı 3 min nəfəri ötmüşdü.Fəhlələrin ali məktəblərə qəbul olunması üçün fəhlə fakültələri yaradıldı. Xarici dil fənləri 1940-cı ildən tədris edilməyə başladı.
Azərbaycanın təbii sərvətlərinin mənimsənilsində elm böyük rol oynayırdı. 1923-cü ildə «Azərbaycanı öyrənən cəmiyyət» yaradıldı və o, 1929-cu ildə Dövlət Elmi - Tədqiqat İnstitutuna çevrildı. 1932-ci ildə bu institut bazasında SSRİ EA Cənubi Qafqaz Filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə şöbə SSRİ EA-nın Azərbaycan filialına çevrildi.
Rus alimlərindən M.Abramoviç və İ.Qubkin Azərbaycanın enerji ehtiyatlarını öyrə­nir­dilər. Görkəmli cərrah Mustafa Topçubaşov cərrahiyyə əməliyyatı zamanı yeni narkoz üsülü tətbiq etdi. Bu dövrdə respublikanın bitki və heyvanat aləmi tədqiq edilirdi. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları təşkil edildi.1934-cü ildə Bakıda botanika bağı salındı.
1922-ci ildə Azərbaycanda arxeologiya cəmiyyəti, 1927-ci ildə bu cəmiyyət «Tarix, Arxeologiya, İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi» Komitəsinə çevrildi. Xocalı-Gədəbəy, Yaloylutəpə, Qızıl-Vəng arxeoloji abidələri öyrənildi.
1926-cı ildə Bakıda I Ümumittifaq Türkoloji qurultay keçirildi. Qurultay türkologiya elminin inkişafının, türk xalqlarının latın əlifbasına keçməsinin zəruriliyini əsaslandırdı. Sonralar qurultayın iştirakçıları repressiyaya məruz qaldılar.
Sosialist ideologiyasını kütlələrə aşılamaq üçün kütləvi infor­masiya vasitələrinin yaradılmasına xüsusi diqqət verilirdi. 1928-ci ildə Azərbaycanda 23,1940-cı ildə 185 qəzet və jurnal nəşr edilirdi.
1924-cü ildə Azərbaycanda ilk radio qovşağı işə salındı. 1926-cı ildə radio ilə efirdə «Danışır Bakı» sözləri səsləndi və radiostansiya fəaliyyətə başladı.
1920-1930-cü illərdə Azərbaycan ədəbiyyatı inkişaf edirdi. İnqilabdan əvvəl fəaliyyətə başlamış Əhməd Cavad, Hüsyn Cavid, Cəfər Cabbarlı. M.S.Ordubadi və b. 1925-ci ildə «Ədəbiyyat cəmiyyəti» yaratdılar. Bu dövrdə Azərbaycanda roman janrı inkişaf etdi. Y.V. Çəmənzəminli «İki od arasında», «Qan içində» romanlarını, S.Rəhman «Toy» komediyasını yazdı.
Ədəbiyyatda yeni bir istiqamət olan sosialist realizmi inkişaf edirdi. Sosializm realizmi bolşevik ideyalarının təbliğ edir və onu xalqa aşılamağa çalışırdı. Bu ideyaları müdafiə edən yazıçılar «Kommunist» qəzeti ətrafında birləşib «Gənc qızıl qələmlər» cəmiyyətini yaratdılar.
1926-cı ildə «Qızıl qələmlər» ittifaqı, 1928-ci ildə «Azərbaycan proletar yazıçılar cəmiyyəti» təsis edildi və sonuncu 1932-ci ildə «Azərbaycan yazıçılar cəmiyyəti»nə çevrildi.
1920-1930-cu illərdə incəsənət, xüsusi ilə teatr, kino, rəssamlıq, musiqi, memarlıq inkişaf edirdi. 1922 - ci ildə Azərbaycan Dövlət Dram Teatrı, 1924-cü ildə Azərbaycan Ope­ra və Balet Teatrı açıldı. 1931-ci ildə Azərbaycan Kukla Teatrı, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrı, 1938-cı ildə Musiqili Komediya Teatrı yaradıldı.
Milli teatrın inkişafında Aleksandr Tuqanov, İsmayıl Hidayətzadə, Adil İskədərov kimi rejissorlar, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova, Sidqi Ruhulla və digər aktyorlar mühüm rol oynadılar.
1930-cu illərdə Azərbaycan Opera və Balet Teatrında F.Qlierin «Şahsənəm», Müs­lüm Maqomayevin «Nərgiz», Ü.Hacıbəyovun «Koroğ­lu» operası tamaşaya qoyuldu (1937). 1940-cı ildə Əfrasiyab Bədəlbəyli «Qız qalası» adlı ilk Azərbaycan baletini yazdı.
Murtuza Məmmədov (Bülbül), Hüseynqulu Sarabski, Şövkət Məmmədova və başqaları Azərbaycan operasının, Qəmər Almaszadə, Leyla Vəkilova Azərbaycan baletinin inkişafında mühüm rol oynadılar.
1934-cü ildə «Azərbaycan Bəstəkarlar İttifaqı» yaradıldı. Cabbar Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqaları milli musiqimizin inkişafına böyük əmək sərf etdilər.
1926-cı ildə Kinostudiya yaradıldı. «Qız qalası əfsanəsi» (1923), «Bismillah» (1925), «Gilanlı qız» (1927), «Hacı Qara». «Sevil», ilk səsli film olan «Mavi dəniz sahilində» və s. filmlər çəkildi.
1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradıldı. Bəhruz Kəngərli, Əzim Əzimzadə, Rüstəm Mustafayev dövrünün görkəmli rəssamları idilər.
1920-1930-cu illərdə sovet, partiya və hökumət rəhbərlərinə monumental abidə­lər qoyuldu. 1918-ci ilin 31 Mart azərbaycanlıların soyqırımı qurbanlarının dəfn olunduğu dağüstü qəbristanlıq söküldü və yerində istirahət parkı salındı, orada S.M. Kirovun 25 metr hündürlüyü olan heykəli qoyuldu (1939). Dinə qarşı mübarizə, ateizm təbliğatı mədəni inqilabın tərkib hissəsi idi. 1920-ci ildən sonra din məktəb və dövlətdən ayrıldı, məktəblərdə dini etiqadların təlimi və ayinlərin icrası qadağan olundıı. «Allahsızlar Cəmiy­yəti» yaradıldı. Dini bayramlar, hətta dinlə əlaqəsi olmayan Novruz bayramı da qadağan edildi. Milli musiqi alətlərimiz - saz, tar, kamança və digərlərini qadağan etmək kampaniyası başlandı. Ü.Hacıbəyov, M.Müşfiq, Q.Pirimov bu musiqi alətlərinə bəraət qazandırdılar. Azərbaycan xalqının və dilinin adı dəyişdirildi. 1929-cu ildə əski əlifbadan latın əlifbasına, 1940-cı ildə kiril qrafikalı əlifbaya keçildi. Kiril qrafikasına keçmək ruslaşdırma siyasətinin yeni təzahürü, Azərbaycan xalqını onun çöxəsrlik tarixini özündə əks etdirən zəngin mənbələrdən məhrum etmək idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin