1970-1980-ci illərin birinci yarısında Azərbaycan SSR-nın sosial-iqtisadi yüksəlişi. Bu dövrdə Azərbaycan iqtisadiyyatının əsas sahəsi neft sənayesi idi. Buradakı geriliyi aradan qaldırmağa cəhd edildi. Xəzər dənizində “28 aprel”, «Bahar», «Günəşli», «Dan Ulduzu», «Əşrəfi” və digər neft və qaz kondensatı yataqları kəşf olundu. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyuları qazılmasına başlandı. Müasir texnika əsasında «Xəzər», «Bakı», «Şelf-l», «Şelf-2», «Şelf-5» və digər üzən qazma qurğuları yaradıldı. XIX əsrdən bəri 1972-ci ilədək Azərbaycanda bir milyard ton neft çıxarılmısdır.
Azərbaycan neftçiləri SSRİ-nin bütün neft yataqlarının, İranın Xəzər şelfində, Kuba, Hindistan, Rumıniya, Vyetnamda neft yataqlarının kəşf olunmasında və hasil edilməsində iştirak etdilər.
1976-cı ildə Yeni Bakı Neftayırma zavodunda, 1982-ci ildə isə Bakı Neftayırma zavodunda neftin ilkin emalı üçün ELOU-AVT qurğusu işə salındı. Respublikanın neftayırma zavodları yenidən qurulur və digər yeni zavodlar tikilirdi. 1970-ci illərdə 25 min ton gücü olan ən iri poladtökmə zavodu işə düşdü. 1985-ci ildə Dərin Özüllər zavodu ilk məhsulunu verdi. SSRİ-də neftçıxarma texnikasının üçdə ikisi Azərbaycanda istehsal olunurdu. Azərbaycan neft maşınqayırması sahəsində ABŞ-dan sonra dünyada ikinci yerdə idi.
1983-cü ildə Qroznı-Bakı neft kəməri işə salındı. Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Kükürdlü Sibir nefti emal edilmək üçün Bakıya verildi.
Bakıda, Gəncədə, Sumqayıtda cihazqayırma zavodları və xətləri işə salındı. “Ulduz” Elektrik Cihazqayırma, “Ozon” zavodları, Sumqayıtda Məişət Kompressorları zavodu, 1984-cü ildə Bakı Ağır Elektrik Qaynaq Avadanlığı zavodu işə salındı. Azərbaycanda yüngül və yeyinti müəssisələri, evtikmə kombinatları var idi.
Sənaye sahələrinin inkişafı elektrik enerjisinə tələbatı artırdı. 1971-ci ildə Naxçıvan MSSR-də Araz SES, 1970-ci illərin ortalarında Tərtər SES, 1980-ci illərdə Şəmkir SES, Azərbaycan dövlət rayon elektrik stansiyaları işə salındı. 1990-cı illərin əvvəllərində Azərbaycanda 1026 sənaye müəssisəsi var idi və bu müəssisələrdə 1990-cı ildə 12, 2 milyard rubl dəyərində sənaye məhsulu istehsal edilmişdi. Azərbaycandakı 120-dək müəssisədə istehsal olunan 380 adda məhsul dünyanın 90 ölkəsinə ixrac olunurdu.
Kənd təsərrüfatının müxtəlif sahələri - pambıqçılıq, tütünçülük, taxılçılıq, çayçılıq, bağçılıq tərəvəzçilik, heyvandarlıq, 1970-ci illərin ortalarından üzümçülük inkişaf etdirildi. 1985-ci ildə Azərbaycanda 268 min hektar üzüm sahəsi var idi. Lakin 1980-ci illərin ikinci yarısında Sovetlər Birliyində alkoqolizmə qarşı mübarizə kampaniyası zamanı on minlərlə hektar üzümlük ləğv edildi. Bu dövrdə Azərbaycan SSRİ-nin xammal mənbəyi olaraq qalırdı.
Azərbaycanda şosse və dəmir yolları inkişafı diqqət mərkəzində idi. 1979-cu ildə Ağdam-Xankəndi, l984-1985-ci illərdə Yevlax-Balakən dəmir yol xətti işə salındı. 1975-ci ildə Bakı-Böyük Kəsik və Bakı - Yalama dəmir yol xətlərinin elektrikləşdirilməsi başa çatdı. 1983-cü ildə Bakı-Aktau (Şevçenko) bərə yolu açıldı. 1990-cı ildə Bakı metropoliteninin uzunluğu 28 km idi. Respublikada 65 şəhər, 122 şəhər tipli qəsəbə var idi.
1970-ci illərdə Bakıda Dəniz vağzalı, indiki Respublika sarayı, «Moskva» mehmanxanası, 1980-ci illərdə «Gülüstan» sarayı tikilib istifadəyə verildi. Yeni Zoopark, indiki Azadlıq meydanının memarlıq ansamblı yaradıldı. Şəhərlər, qəsəbələr, kəndlər su və qazla daha yaxşı təmin olunmağa başladı. 1971-ci ildə Kür su kəməri istifadəyə verildi, 1982-ci ildə Sabirabad iri su təchizatı kompleksi işə salındı. Respublikanın bütün şəhərlərinin və kəndlərinin 76 faizi qazla təmin edildi.
1969-1982-ci illərdə Azərbaycanda 250 iri müəssisə tikildi, 630 min yeni iş yeri açıldı. 1975-ci ildə Bakı Kondisionerlər zavodu işə salındı. Azərbaycan 12 dəfə Ümumittifaq sosializm yarışında qalıb gəlib bayraq aldı.