Azərbaycan tarixi


Azərbaycan Respublikası 1991-1993-cü illərdə, iqtisadi və siyasi böh­ranlar



Yüklə 0,62 Mb.
səhifə250/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   246   247   248   249   250   251   252   253   ...   269
Azərbaycan tarixi mühazirə

22.2.Azərbaycan Respublikası 1991-1993-cü illərdə, iqtisadi və siyasi böh­ranlar.


Qarabağ müharibəsi. Qarabağ müharibəsi. Dövlət müstəqilliyi elan olunandan sonra Azər­baycan Respu­blikası bütün dövlətlərlə, birinci növbədə qonşu dövlətlərlə dostluq və mehriban qoşuluq münasibətləri yaratmağa calışırdı. Lakin Ermənis­tan Rusiyaya arxalanaraq Dağlıq Qara­bağda vəziyyəti daha da gərginləş­dirməkdə davam edirdi.
Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları tərəfindən hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndələrini aparan helikopter 1991-ci ilin noyabrın 20-də Qarakənd erməni yaşayış məntəqəsi yaxın­lığında ermənilər tərəfin­dən vuruldu. Bu hadisə Ermənistanın genişmiqyaslı müharibəyə hazır­lığının bir mərhələsi idi. Azərbaycanda isə hərbi qüvvələrin yaradılması prosesi ləng gedirdi.
Hələ 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti “Azər­­baycanın milli özünü­müdafiə qüvvələri haqqında” qanun qəbul etmişdi. Bu qanuna əsasən 1991-ci ilin noyabrında 22 sər­həd­yanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə taborları (batal­yonları) yaradıldı. Noyabrın 26-da Ali Sovet bərabər əsasda 25 nəfər Demokratik blok nümayəndəsindən və 25 nəfər iqtidaryönlü deputatlardan ibarət Milli Şura yaratdı.
SSRİ-nin dağılması həlledici mərhələyə qədəm qoydu. 1991-ci il dekabrın 7-8-də Brest vilayətinin “Belaya Veja” qoruğunda yarıleqal şəraitdə görüşən Belorus, Rusiya Federasiyası və Ukrayna rəhbərləri Müstəqil Dövlətlər Birliyi yaradılması haqqında müqavilə bağladılar. Faktiki olaraq SSRİ-nin beynəlxalq subyekt kimi varlığına son qoyuldu. Dekabrın 25-də M.Qorbaçov SSRİ Prezi­denti vəzifəsindən istefa verdi və beləliklə, SSRİ adlı dövlət hüquqi cəhətdən ləğv olundu.
1991-ci ilin sentyabrında separatçı ermənilər “Dağlıq Qarabağ Respublikası”nı elan etdilər. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi. 1991- ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əmək­daşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağladı və bundan sonra Rusiya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq-aşkar silahlandırmağa başladı. Döyüş qabiliy­yətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan Azər­baycan özünümüdafiə taborları rus və erməni silahlı qüvvələrinin hücum­ları­nın qarşısını ala bilmirdilər.
Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yan­varında Dağlıq Qarabağda Kərkicahan, fevralında Malıbəyli, Quşçülar kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə almağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daşaltı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüş­də düşmən hərbi hissələri Qaradağlı kəndini ələ keçirib 150-yə yaxın müda­fiəçini və kənd sakinini vəhşi­cəsinə qətlə yetirərək, meyitləri silos quyu­larına atdılar. Bu uğur­suzluqlar ondan irəli gəlirdi ki, Respublika siyasi böhran içində idi. Hakimiyyət uğrunda mübarizə aparanlar rəqiblərini daha çox rüsvay etmək üçün onların yaratdığı silahlı birləşmələr bilərəkdən mövqeləri döyüşsüz tərk edir, erməni tərəfi isə bundan məharətlə yararlanırdı.
1992-ci il fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvələri, Xankən­dindəki Rusiyaya məxsus 366-cı və 81-ci mexanikləşdirilmiş atıcı alay və muzd­lu quldurlar Xoca­lıya hücum etdilər. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı şəhəri düşmənlə üz-üzə qaldı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Lakin komandir dispeçer məntəqəsini partladaraq düşmən əlinə keç­məsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla adamın müha­sirədən çıxmasına şərait yaratdı, əsir düşməmək üçün son gülləni özünə vurdu. Ermənilərin törətdiyi Xoca­lı soyqırımında 613 nəfər azərbaycanlı öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı.
Bu hadisədən sonra Azərbaycan cəmiyyətində siyasi gərginlik artdı. 1992-ci il martın 6-da xalqın tələbi ilə Ali Sovetin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur oldu.
1992-ci ilin martında Rusiyanın əlaltısı Rəhim Qazıyev Müdafiə Naziri vəzifəsini ələ keçirdi. Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı. Hücum ərəfəsində döyüşçülərin əksəriyyəti məzuniy­yətə buraxılmışdı. Mayın 7-dən 8-nə ke­çən gecə şəhər güclü artilleriya atəşinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi. Ermənilərə MDB-nin 366-cı alayı kömək edirdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü. Azər­baycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı. Mayın 9-da Şuşa süqut etdi.Ermənilər 1992-ci il mayın 17-də Rusiya ordusunun əsgər və zabitlərinin köməkliyi ilə Laçını işğal etdilər.
1992-ci il mayın 14-də Ali Sovetin sessiyasında A.Mütəllibovun tərəf­darları onu hakimiyyətə qaytardılar. Azərbaycanın demokratik qüvvələri Ali Sovetin qərarını Konsti­tutsiyaya zidd hesab etdi. AXC mayın 15-də parlament binasını tutdu və hakimiyyəti ələ keçirdi. Mayın 18-də İsa Qəmbər Ali Sovetin sədri vəzifəsini tutdu və yeni prezident seçkisinədək Azərbaycan prezidenti vəzifəsini icra etdi.
1992-ci il mayın 15-də imzalanmış Daşkənd müqaviləsinə əsa­sən, SSRİ-nin hərbi əmlakı bölüşdürüldü. Azərbaycana düşən hava qüvvələri hesabına aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə və vəsaitinin 25%-i Azər­bay­cana düşdü. Lakin Azərbaycana verilən hərbi obyektlər, texnika və cihazlar yararsız hala salınmışdı. 1992-ci ilin iyununda respublikanın silahlı qüvvələrini vahid mərkəzdən idarə etmək məqsədilə vahid komandanlıq yaradılması haqqın­da fərman verildi və bu fərman ordu qurucu­luğunda mühüm əhəmiyyətə malik oldu.
1992-ci il 07 iyun tarixdə Azərbaycan Xalq Cəbhəsinin lideri Əbülfəz Əli­yev (Elçibəy) prezident seçildi. 1992-ci ilin iyununda Azər­baycan BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatına - YUNESKO-ya üzv qəbul edildi. Azərbaycan, həmçinin bir sıra digər beynəlxalq təşkilatların üzvü oldu. Lakin iqtidar xarici siyasətdə tarazlığı gözləmədi, qonşularımız olan İran və Rusiya ilə münasibətlərə lazımi əhəmiyyət vermədi.
1992-ci ilin yayında Ağdərə əməliyyatı nəticəsində Goranboy bölgəsinin işğal olunmuş torpağları azad edildi. Xocavənd istiqamətində aparılan hərbi əmıliyyat da uğurlu oldu. Bu uğurlar Moskvanı narahat etdi və Azərbaycanı MDB-yə cəlb etmək istədi. Azərbaycan bu təklifi qəbul etmədi. Rusiya Ermənis­tana hərbi yardımı artırdı.Azərbaycan təcavüzə məruz qaldığı halda, ABŞ Azərbaycanı Ermə­nistanı blokadaya almaqda təqsirləndirdi. 1992-ci ilin oktya­brın 24-də ABŞ Konqresi “Azadlığı müdafiə aktına 907 saylı əlavə”ni qəbul etdi. Bununla da Azərbaycan Respublikası dövlət səviyyəsində ABŞ-ın dövlət yar­dımından məhrum oldu.
AXC və Müsavat hakimiyyəti dövründə Azərbaycanda hərbi-siyasi və iqti­sadi böhran getdukcə dərinləşməyə başladı. Onlar həm daxili, həm də xarici siyasətdə kobud səhvlərə yol verdilər. Belə bir şəraitdə, 1992-ci il oktyabrın 16-da Bakıda ziyalılardan ibarət 91 nəfər “Səs” qəzeti vasitəsilə Naxçıvan MR Ali Məclisinin sədri H.Əliyevdən siyasi rəhbərliyə qayıdışını xahiş etdilər. Çünki, Azərbaycanın daxili və xarici vəziyyəti çox mürəkkəb vəziyyətdə idi.
Naxçıvan Muxtar Respublikasına başçılıq edən H.Əliyev xarici siyasətdə bir çox uğurlu addımlar atmışdı. Onun təşəbbüsü ilə, Naxçıvan üçün çox vacib olan, Azərbaycanla Türkiyəni birləşdirən Sədərək - Dilucu “Ümid” körpüsünün tikintisi 1992-ci il mayın 27-də başa çat­dırılmışdı.
Azərbaycanda yaranmış vəziyyəti və ziyalıların müraciətini nəzərə alaraq H.Əliyev siyasi fəalyyətini daha da artırdı. 1992-ci il noyabırın 21-də Naxçı­vanda onun sədrliyi ilə Yeni Azərbaycan Partiyasının (YAP) əsası qoyuldu.
Müdafiə nazirliyinin səriştəsizliyi ucbatından 1993-cü ilin fev­ra­lında Ermənistan ordusu MDB-nin 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzd­lu əsgərlərin (kazak­ların) iştirakı ilə Ağdərəni işğal etdilər. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir götürüldü, əsir düşmək istəməyən qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. Kəlbəcərin 144 yaşayış məntə­qəsi işğal olundu, 500-dən çox müəssisə, 13 min ev qarət edildi.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcərin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul etdi. Kəlbəcərin itirilməsi AXC-Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı.



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   246   247   248   249   250   251   252   253   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin