22.6.Müstəqil Azərbaycanın xarici siyasət kursu və beynəlxalq əlaqələri.
Müstəqilliyinin ilk günlərindən Azərbaycan Respublikası digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. Azərbaycan Respublikasının xarici siyasətinin əsasını Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək, Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirmək, ölkəmizin dünya ölkələri arasında layiqli yer tutmasını təmin etmək, dostluq və əməkdaşlıq münasibətləri yaratmaqdan ibarət idi.
Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın 1991-ci ilin dekabr ayında İslam Konfransı Təşkilatına (İKT) üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı. Azərbaycan 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki Müşavirəsinin Yekun Aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, martın 2-də isə BMT-yə üzv qəbul olundu. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstəqilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuş, Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata üzv qəbul edilmişdir.
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və səmərəli əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir.Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər.
Azərbaycanın xarici siyasətində MDB ölkələri ilə əlaqələrə böyük əhəmiyyət verilir. MDB 1991-ci ilin dekabrında yaranıb. Yarandığı vaxt MDB-yə 12 dövlət daxil idi. Azərbaycan 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil oldu. Yarandığı gündən MDB adından bəyan edilən, əslində isə Rusiyanın mövqeyini əks etdirən bəzi qərarlara, yanaşmalara münasibətdə Gürcüstan, Ukrayna, Azərbaycan, Özbəkistan və Moldova həmişə fərqli mövqelərdən çıxış etmişlər. Qərb dövlətləri ilə əlaqələrə, Qərbə inteqrasiyaya, MDB və NATO təhlükəsizlik məsələlərinə, Şərq-Qərb enerji, nəqliyyat və kommunikasiya layihələrinə, MDB üzvü olan ölkələrin ərazisində mövcud olan etnik separatizmə və s. məsələlərə münasibətdə adı şəkilən 5 dövlət həmişə MDB-nin (Rusiyanın) mövqelərinə fərqli yanaşma nümayiş etdirmiş və alternativ layihələr irəli sürmüşdür. 1997-ci ildə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova tərəfindən subregional inteqrasiya təşkilatı-GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yaradıldı. 1998-ci ildə GUAM-a Özbəkistan da daxil oldu, lakin 2005-ci il may ayının 26-da Özbəkistan qurumu tərk etdi. GUAM-ın 2 may 2006-cı ildə Kiyevdə keçirilən zirvə görüşündə bu qurum Demokratiya və İqtisadi İnkişaf Uğrunda Hərəkat adlandırılmışdır. Bu qurumun yaranması MDB daxilində gedən proseslərin ən obyektiv və qanunauyğun nəticələrindən biri idi. 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan MDB-ni tərk etdi.
Hal-hazırda MDB-nin daxilində GUAM-dan savayı mövcud olan ikinci qruplaşma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanır ki, bura Rusiya, Ermənistan, Belarusiya,Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Türkmənistan neytral qalaraq heç bir qruplaşmaya daxil olmamışdır.
Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən birini Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq təşkil edir.Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-nın üzv dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır. Aİ öz Xüsusi Elçisini 1998-ci ildə Azərbaycana göndərmiş və Azərbaycan Aİ-da öz Daimi Nümayəndəliyini 2000-ci ildə açmışdır.
Azərbaycan Respublikasının xarici siyasətində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının çərçivəsində Dağlıq Qarabağla bağlı Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə xüsusi əhəmiyyət verilir. Azərbaycan 1992-ci ildə yanvarın 20-də ATƏM üzvlüyünə qəbul olundu. 1992-ci ildə ATƏM-in Minsk qrupu yaradıldı. Bu qrupun vəzifəsi Ermənistan - Azərbaycan müharibəsini və Dağlıq Qarabağ məsələsini dinc danışıqlar yolu ilə nizama salmaqdır. Hazırda Minsk qrupunun tərkibinə 13 dövlət (Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, Fransa, İtaliya, Niderland Krallığı, Finlandiya, Portuqaliya, İsveç, Belarus, Rusiya, Ermənistan) daxildir. 1994-cü ilin dekabrında Budapeşt zirvə toplantısında ATƏM adı dəyişdirilərək ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlandırıldı. Budapeşt zirvə toplantısında ilk dəfə ATƏT-in sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alındı. ATƏT-in ilk sülhməramlı çoxmillətli hərbi hissəsinin yaradılması və Dağlıq Qarabağa göndərilməsi razılaşdırıldı. 1994-cü il mayın 8-də Minsk qrupu və Rusiyanın vasitəçiliyi, prezident H.Əliyevin səyi nəticəsində Beşkekdə Ermənistan - Azərbaycan müharibəsində atəşkəs barədə saziş imzalandı.
1997-ci ildən Rusiya, ABŞ və Fransa nümayəndələri Minsk qrupunun həmsədrləridir. Qarabağ məsələsinin həllində Azərbaycanın ATƏT-lə əməkdaşlığı hələlik heç bir müsbət nəticə verməmişdir.
Azərbaycan NATO ilə əməkdaşlığa da fəal can atır. 1994-cü ilin mayında Azərbaycan Respublikası NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu və Avropa Atlantika Əməkdaşlıq Şurasına qəbul olundu. Bu gün Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılır, Kosovoda, İraqda, Əfqanıstanda NATO qoşunları ilə birgə xidmət edir. NATO ilə tərəfdaşlıq proqramının genişlənməsinin nəticəsi olaraq Azərbaycan 2002-ci ilin noyabrında Praqada keçirilmiş sammitdə NATO Parlament Assambleyasının Assosiativ Üzvlüyünə qəbul olundu.
1994-cü il sentyabrın 20-də Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Yunanıstanın neft şirkətləri daxil olan konsorsium arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq”, “Günəşli” yatağının bir hissəsinin birgə işlənməsi haqqında 30-illik saziş imzalandı. Bu sənəd “Əsrin müqaviləsi” adlandı. Əsrin sonunadək 14 ölkənin 30 neft şirkəti ilə 57 milyard dollarlıq sərmayə qoyuluşunu nəzərdə tutan 20 neft müqaviləsi imzalandı.
Müstəqil Azərbaycanın xarici siyasətində “neft amili” mühüm rol oynayır. Bu cəhətdən Bakı – Tiflis – Ceyhan ixrac kəmərinin çəkilməsinin böyük əhəmiyyəti var. Bu kəmərin çəkilişi haqqında razılıq 1999-cu ildə əldə edildi. 2002-ci ilin sentyabrında ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan kəmərin çəkilişinə başladılar və kəmər 2006-cı ilin yazından neft nəql etməyə başladı. Ölkə prezidentinin «Azərbaycan Respublikasında Dövlət Neft Fondunun yaradılması haqqında» 29 dekabr 1999-cu il tarixli fərman imzalanması və fondun əsasnaməsini təsdiq etməsi isə «Əsrin müqaviləsi»nin və sonrakı müqavilələrin davamı oldu.
ABŞ-ın “EKSON”, “AMOKO”, “Yunokol”, “Penzoyl”, Böyük Britaniyanın “Britiş Petrolium”, Yaponiyanın “Mitsuri”, “İtoçi”, Norveçin “Statoyl”, Səudiyyə Ərəbistanın “Delta”, Rusiyanın “Lukoyl”, Fransanın “Elf Akiten” və “Total”, İtaliyanın “ACİL” kimi neft şirkətləri Azərbaycanın neft, neft maşınqayırmasına yeni texnika və texnologiya gətirdilər. “Xəzərdənizneft” qurgusu “Dədə Qorqud” adı ilə 2-ci dəfə işə salındı. “Şelf-5” qazma qurğusu əsaslı şəkildə yenidən quruldu, dünyada ən böyük üzən qazma qurğularından birinə çevrildi və 1998-ci ildə “İstiqlal”adı ilə istifadəyə verildi. 2000-ci ildə “Qurtuluş” müasir qazma qurğusu işə düşdü. 1997-ci il noyabrın 12-də “Əsrin Müqaviləsi” üzrə neft hasilatına başlanıldı. Çıxarılan neftin Avropa bazarlarında satılması üçün 1997-ci il oktyabrın 25-də Bakı - Novorossiyski, 1999-cu il aprelin 17-də Bakı-Supsa (Gürcüstan) neft kəmərləri işə salındı.
Azərbaycanın xarici siyasətində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi xüsusi yer tutur. 2001-ci ilin yanvarında Rusiya Federasiyası, həmin ilin noyabrında Qazaxıstan arasında Xəzər dənizinin dibinin milli sektorlar əsasında bölüşdürülməsinə dair sazişlər bağlanmışdır. 2002-ci il aprelin 23-də Xəzəryanı ölkələrin dövlət başçılarının Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Aşqabad zirvə toplantısı keçirilmişdir. Lakin İran və Türkmənistanın qeyri-obyektiv mövqe tutması nəticəsində konkret nəticə əldə edilmədi.
Heydər Əliyev Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin qurulmasında böyük rol oynadı. Bu gün dünyanın 120 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Rusiyada 2,5 mln., Ukraynada 500 min, Fransada 300 min, Almaniyada 200 min azərbaycanlı yaşayır. ABŞ, Türkiyə, Mərkəzi Asiya, Mərkəzi Avropa ölkələrində də azərbaycanlıların sayı çoxdur. 2001-ci ildə H.Əliyev bütün Dünya Azərbaycanlılarının I qurultayını təşkil etdi və qərara alındı ki, bundan sonra xaricdə yaşayan azərbaycanlılar öz səylərini birləşdirməlidirlər.2002-ci ildə Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradıldı.
H.Əliyev Azərbaycanın türkdilli dövlətlər və xalqlarla münasibətlərinin inkişafına da böyük önəm verirdi. Türk xalqları – Anadolu türkləri, qazaxlar, Azərbaycan türkləri, özbəklər, tatarlar və sairləri birləşdirən “Türksoy” təşkilatı yaradıldı. 2007-ci ildə türkdilli xalqların Bakıda forumu keçirildi. Burada İ.Əliyev çıxış edərək göstərdi ki, Qarabağ, Kipr və sair məsələlərin həll edilməsində bütün türk xalqları, dövlətləri bir olmalıdır.
1996-cı il dekabrın 2-3-də Portuqaliyanın paytaxtı Lissabonda ATƏT-in zirvə toplantısında Azərbaycan diplomatiyası mühüm nailiyyət qazandı. Belə ki, Azərbaycan nümayəndə heyəti aşağıdakı prinsiplərlə Dağlıq Qarabağ probleminin həllini irəli sürdü:1) Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması; 2) Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində ən yüksək status verilməsi; 3) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə təminat verilməsi.
ATƏT-in üzvü olan 54 ölkədən 53-ü Azərbaycan prezidentinin irəli sürdüyü bu prinsipləri bəyəndi. Təkcə Ermənistan bu prinsipləri qəbul etmədi, daha doğrusu Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımadı.
1997-ci il sentyabrın 9-11-də Azərbaycan Respublikasının Prezidenti Strasburqda Avropa Şurası üzvü olan dövlətlərin zirvə toplantısında iştirak etdi və burada “Avropada adi silahların azaldılması haqqında” müqavilənin muzakirəsi zamanı Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova dövlət başçıları GUAM adlı dördlər qrupu yaratdılar. Sonralar buraya Özbəkistan da qoşuldu, lakin tezliklə də tərk etdi. Bu təşkilatın vəzifəsi iqtisadi artımı sürətləndirmək, təhlükəsiz və səmərəli nəqliyyat-kommunikasiya dəhlizini inkişaf etdirməkdir.
1999-cu ilin noyabrın 18-19-da İstanbulda ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Burada 1990-cı ildə qəbul edilmiş “Paris Xartiyası”ndan sonra dünyada baş vermış dəyişiklikləri əks etdirən yeni İstanbul Xartiyası qəbul edildi. İstanbul zirvə toplantısı göstərdi ki, Azərbaycanın sülh siyasəti indiki zamanda düzgün yoldur. İstanbul zirvə toplantısında ABŞ-ın iştirakı ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında “Bakı-Ceyhan” Əsas İxrac Neft Kəməri haqqında saziş imzalandı.
Azərbaycan Respublikasının xarici siyasətində xarici dövlətlərlə iqtisadi əlaqələrin yaradılmasına xüsusi diqqət yetirildi. İstehsalı inkişaf etdirmək, ölkəyə xarici sərmayələr cəlb etmək üçün “Açıq qapı” siyasəti yeridilirdi. Respublikada investorları və kreditorları müdafiə edən və onlara təminat verən qanunlar qəbul edildi. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələr yaradıldı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit verdi. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya, Bolqarıstan və başqa ölkələrlə 90-a yaxın sənəd imzalandı. Bu sənədlər Azərbaycanın Avropa iqtisadi münasibətlərinə inteqrasiyasını sürətləndirdi.
1991-ci ildə Avropa Birliyinin köməyi ilə TACİS proqramı yaradıldı. Bu proqramın məramı yeni yaranmış müstəqil dövlətlərdə demokratik islahatlar keçirilməsinə kömək etmək idi. Avropa Birliyi proqramının böyük layihəsi olan Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA) – Böyuk İpək Yolunun mühüm əhəmiyyəti var. Bu yolun uzunluğu 13 min km-dir. Çinin Şanxay şəhərindən başlayır və Londonda qurtarır. Brüsseldə 1993-cü ilin mayında keçirilmiş 8 təsisçi dövlətin (5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz ölkələri) ticarət və nəqliyyat nazirlərinin Konfransında Avropa Birliyinin təşəbbüsü ilə nəqliyyat dəhlizinin açılması barədə “Brüssel Bəyannaməsi” qəbul edildi. 1998-ci il sentyabrın 7-8-də Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü ilə İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. Konfransda 32 ölkə, 13 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etmişdi. Konfransda “Avropa-Qafqaz-Asiya” Transqafqaz beynəlxalq nəqliyyat dəhlizinin inkşafı haqqında çoxtərəfli saziş və Bakı bəyannaməsi imzalanmışdır. Azərbaycan bu beynəlxalq strukturun mərkəzinə çevrildi, konfransda yaradılan beynəlxalq təşkilatın mənzil qərargahı Bakıda yerləşir.
Dostları ilə paylaş: |