Sosial siyasət.Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verdi. Ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” Fərman imzaladı. 1993-2003-cü illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial müdafiə sahəsində də konkret və məqsədyönlü işlər görüldü, ilbəil çevik xarakter alan sosial siyasət kursunun etibarlı əsası qoyuldu. Heydər Əliyevin tərəfindən imzalanan 60-dan artıq sənəd müstəqil Azərbaycanda sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.
Səhiyyə sistemində islahatlara start verən H.Əliyev ölkəmizdə yeni özəl klinikaların açılmasına dəstək verdi. Bunun nəticəsidir ki, indinin özündə də əhalinin maddi imkanı aşağı olan təbəqələri pulsuz səhiyyə xidmətlərindən yararlanmaqdadırlar. Yeni özəl tibb müəssisələrinin yaradılması isə sosial sferada rəqabət bazarının formalaşmasına imkan yaradıb.
Əsası H.Əliyev tərəfindən qoyulmuş soaial siyasət bu gün də öz nəticələrini verməkdədir. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatdırılıb. Ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə salınıb. 2003-cü ildə Azərbaycanda yoxsulluq səviyyəsi 49 faiz təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 6 faizə endirilib. Hazırda Azərbaycanda orta əmək haqqı 500, orta pensiya isə 200 dollardan artıqdır ki, bu da MDB ölkələri arasında ən yüksək göstəricidir.
“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ildə Azərbaycanda sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri rəhbər tutulur. Nəticədə, Azərbaycan sosial rifah baxımından inkişaf etmiş ölkələrin sırasında əhəmiyyətli yer alacaqdır.
Prezident İ.Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan dünya birliyində öz mövqelərini daha da möhkəmləndirdi, yeni müttəfiq ölkələr qazandı, beynəlxalq və regional təşkilatlarda iştirakını, onlarla əməkdaşlığını daha da intensivləşdirdi, inkişaf sürətinə, iqtisadi potensialına görə Cənubi Qafqazın lider dövlətinə çevrildi. Bu gün Azərbaycan dünya birliyinin sayılan dövlətlərindən biri olmuşdur.