Xilafət dövründə idarəetmə sistemi. Ərəblər Asiyanın, Afrikanın və Avropanın bir çox ərazilərini ələ keçirərək möhtəşəm bir dövlət - Ərəb xilafəti yaratdılar. Zamanında dünyanın ən qüdrətli dövləti olan Ərəb xilafəti bir mərkəzdən idarə olunurdu və dövlətə tək bir hökmdar - Xəlifə başçılıq edirdi. Xəlifə həm dünyəvi, həm də dini işləri öz əlində cəmləşdirmişdi. Mərkəzi Asiyadan Pireney yarımadasına qədər, Mərkəzi Afrikadan Şimali Qafqaza qədər əraziləri əhatə edən Ərəb xilafətinin ərazisi ayrı-ayrı əmirliklərə bölünmüşdü. Əməvilərin hakimiyyəti dövründə (661-750) Xilafət 5 əmirlikdən ibarət idisə, Abbasilərin dövründə (750-1258) əmirliklərin sayı 14-ə çatmışdı. Ərəblərin idarəetmədə təcrübəsi olmadığından onlar tutduqları ölkələrin idarəetmə sistemindən istifadə edirdilər və bəzən bu sistem həm etnik, həm coğrafi hüdudların kobudcasına pozulması yolu ilə formalaşdırılırdı.
Hər bir əmirlik 12 mahala, hər mahal 12 məntəqəyə, hər məntəqə isə 12 kəndə bölünürdü. Azərbaycan torpaqları Dərbənddən Həmədana qədər müəyyən edilməklə əvvəllər 4-cü, sonralar isə 3-cü əmirliyin tərkibinə daxil idi.
Əmirliklər xəlifə tərəfindən təyin olunan əmirlər tərəfindən idarə olunurdular və əmirliyin bütün işləri – həm mülki,həm də hərbi işlər onlara tabe idi. Əmirin rəhbərlik etdiyi idarəedici aparatda ən vacib vəzifələr amil və qazı vəzifələri idi. Amil mülki işlərlə məşğul olur və verginin toplanmasına nəzarət edirdi.Qazı isə məhkəmə idarəsinə rəhbərlik edirdi. Xilafətdə “bərid” adlanan rabitə məkkəzi yaradılmışdı.
Ərəblərin vergi siyasəti. Xilafət dövründə Azərbaycan əhalisi xərac, xüms, cizyə və zəkat (sədəqə) vergiləri ödəyirdilər. Xərac torpağı olanlardan alınırdı və məhsulla ödənilirdi. Xüms – başqa cür “ beşdə bir” vergisi adlanırdı və insanların faydalandığı bütün əşyalardan alınırdı. Xristian və sair qeyri-müsəlman əhali cizyə vergisi ödəyirdi. Müsəlman əhalidən isə zəkat vergisi alınırdı ki, bu da gəlirin 10%-ni təşkil edirdi. Zəkat mal-qaradan, məhsuldan, meyvədən, qızıl-gümüş əşyalara görə alınırdı və xeyriyyəçiliyə sərf olunurdu.
Azərbaycanı işğal etdikləri ilk vaxtlarda Ərəblər əhalidən Sasani dövrü ilə müqayisədə qat-qat az vergi tələb edirdilər.Ərəb vergi sisteminin xüsusiyyəti ondan ibarət idi ki, vergilər tək-tək adamlardan deyil, bütün ölkədən (elliklə) alınırdı.661-ci ilədək, yəni Əməvilərin hakimiyyətinə qədər vergilər xeyli yüngül idi. Hətta xəlifə Əlinin islahatından sonra (656-661) vergi yalnız əkilib- becərilən torpaqlardan alınırdı.
Əməvilər sülaləsinin dövründə vergilərin sayı və miqdarı xeyli artdı.Belə ki, 725 – ci ildə əməvilər insanları, mal-qaranı, meyvə ağaclarını siyahıya alıb vergiyə cəlb etdilər, xristian rahiblərdən və əhalidən kəbinə görə vergi alınmağa başlandı.725-ci ilin vergi islahatından sonra qoyulan ağır vergilər yalnız əhalinin yoxsul kütlələrinin deyil, o cümlədən orta və iri feodalların da müflisləşməsinə gətirib çıxardı. 750-ci ildə Abbasilər sülaləsi Əməvilər sülaləsini devirib hakimiyyətə gəldi və Abbasilər də, verdikləri vədlərə baxmayaraq, vergilərin sayını azaltmadılar. Onların etdikləri dəyişiklik başlıca olaraq Xilafətin fəth etdiyi ölkələrin yüksək zümrəsi ilə bağlı idi. Öz sələflərindən fərqli olaraq, Abbasilər yalnız ərəblərə deyil, mövliya təbəqəsinə, yəni islamı qəbul edən yerli feodallara da arxalanmağa başladılar. Lakin bu yenilik müstəmləkə altında olan ölkələrdə Xilafətə qarşı gündən-günə güclənən çıxışlar ilə bağlı idi. Mövliyalara ərəb feodalları ilə tam bərabər hüquq verilməsindən hələ danışmaq olmazdı. Abbasilərin vergi yığımında qəddarlığı Əməvilərin zülmünü geridə qoydu. Belə ki, 750-ci ildən vergi torpağın əkib- becərilməsindən asılı olmayaraq, sahəsinə görə alınmağa başladı. Tarixə “pul atası” kimi düşən acgöz xəlifə Əl- Mənsur hətta ölülərə görə vergi toplanmasına əmr vermişdi. Əl- Mənsurun qardaşı xəlifə Mehdinin dövründə vergilər bir qədər azaldılsa da, qəddarlığı ilə tarixə düşən xəlifə Harun-Ər-Rəşidin dövründə (786-809- ci illər) isə 15 yaşından yuxarı kişi cinsindən olan hər bir adam üzərinə vergi qoyulmuşdu.