Eldənizlər dövləti Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın dövründə.Eldənizlər dövləti Şəmsəddin Eldənizin oğlu Məhəmməd Cahan Pəhləvanın (1175-1186) hakimiyyəti illərində daha da gücləndi. O, Səlcuq sultanı III Toğrulun (1176-1194) atabəyi idi. Azyaşlı III Toğrul Azərbaycan hökmdarının himayəsi altında Naxçıvanda yaşayırdı. Məhəmməd Cahan Pəhləvan 1175-ci ildə hakimiyyətə gələrkən paytaxtı Naxçıvandan Həmədana köçürdü). Təbrizi Ağsunqurilərin əlindən aldı. Müstəqilliyə can atan iri səlcuq əmirlərinin müqavimətini qırdı.
Məhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövründə Azərbaycanı onun kiçik qardaşı Qızıl Arslan idarə edirdi. Qızıl Arslan həm də qardaşı oğullarının, yəni Məhəmməd Cahan Pəhləvanın oğulları Əbu Bəkrin və Özbəyin atabəyi idi. Qızıl Arslanın iqamətgahı Təbriz idi. Beləliklə, Təbriz bütün Azərbaycanın iqtisadi və siyasi mərkəzinə çevrilməyə başladı.
Məhəmməd Cahan Pəhləvan bütün mühüm dövlət vəzifələrinə özünün ən yaxın adamlarını təyin etdi. Öz tərəfdarlarına çoxlu torpaq mülkləri paylamaqla mərkəzi hakimiyyəti xeyli qüvvətləndirdi. Atası kimi onun da 50 minlik güclü atlı ordusu vardı. Məhəmməd Cahan Pəhləvan dövlətin sərhədlərini daha da genişləndirdi. Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan gürcü qoşunlarını dəfələrlə məğlub etdi. Əhər məlikləri, Şirvan, Hilat, Diyarbəkir, Fars hakimləri Eldənizlər dövlətindən asılı hala düşdü. Eldənizlər dövlətinin ərazisi Şərqi Anadolu hesabına xeyli genişləndirildi. Əsas diqqəti dövlətin qərb sərhədlərinin möhkəmləndirilməsinə yönəldən Məhəmməd Cahan Pəhləvan Xarəzmşah Təkəşlə (1172-1200) dostluq münasibətləri saxlayırdı. Azərbaycan hökmdarının yeritdiyi müdrik xarici siyasət nəticəsində Abbasi xəlifələri Eldənizlər dövlətinin işlərinə qarışa bilmirdilər. Məhəmməd Cahan Pəhləvan deyirdi: "Əgər xəlifə imamdırsa, onun peşəsi namaz qılmaq olmalıdır. Çünki namaz etiqadın əsasıdır və bütün işlərin ən yaxşısıdır. Həmin işdə öndə getmək və xalqa nümunə olmaq xəlifə üçün kifayətdir. Əsl səltənət də elə bundan ibarətdir. Xəlifənin hakimiyyət işlərinə qarışmasına ehtiyac yoxdur. Bu cür işləri sultanın ixtiyarına buraxmaq lazımdır". Məhəmməd Cahan Pəhləvanın ömrünün sonuna yaxın dövlətin ayrı-ayrı vilayətləri onun oğulları arasında bölüşdürülmüşdü. Azərbaycanın idarəçiliyi Əbu Bəkrə tapşırılmışdı.Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə keçən qardaşı Qızıl Arslan (1186-1191) uzun müddət taxt-tacı ələ keçirmək uğrunda mübarizəyə qalxan saray müxalifətinə və iri hakimlərə qarşı mübarizə aparmalı oldu. Sultan titulu daşıyan III Toğrul, narazı səlcuq əmirləri, Məhəmməd Cahan Pəhləvanın arvadı İnanc Xatun, oğulları Qutluq İnanc,Əmir Əmiran Ömər və başqaları Qızıl Arslana qarşı vahid cəbhədə birləşdilər.1188-ci ildə Həmədan döyüşündə müxaliflər Qızıl Arslanı məğlub etsələr də, öz aralarında mübahisəyə başladılar və parçalandılar.
Qızıl Arslan saray müxalifəti və səlcuq əmirləri ilə münasibətləri sahmana salmaq məqsədilə Məhəmməd Cahan Pəhləvanın dul arvadı İnanc Xatunla evləndi. Qardaşı oğulları Qutluq İnancla və Əmir Əmiran Ömərlə barışdı. Sonra isə 1190-cı ildə Həmədan vuruşmasında parlaq qələbə qazandı və sultan III Toğrulu oğlu Məlikşahla birlikdə əsir alıb zindana saldırdı. 1191-ci ildə Qızıl Arslan xəlifə ən-Nasirin razılığı ilə özünü sultan elan etdi. Beləliklə, əslində hələ Şəmsəddin Eldənizin vaxtından İraq Səlcuq sultanlığını müstəqil idarə edən Azərbaycan atabəyləri "sultan" titulunu da ələ keçirdilər.
Qızıl Arslan sələflərinin mərkəzləşdirmə siyasətini davam etdirirdi.Sarayda mövqeyini bərkidən Qızıl Arslan, çox keçmədən, ara savaşları zamanı Eldənizlərin asılılığından çıxmış olan Şirvanşahlar dövlətini, Farsı, Reyi, Xuzistanı və İsfahanı yenidən Eldənizlərdən asılı vəziyyətə saldı. Ölkənin iqtisadi və mədəni tərəqqisi üçün əlverişli şərait yarandı.
Lakin Qızıl Arslanın cəsarətli daxili siyasəti nəticəsində yaradılmış siyasi sabitlik uzun sürmədi. 1191-ci ilin sentyabrında mərkəzi hakimiyyətin qüvvətlənməsindən narazı qalan hakimlər və arvadı İnanc Xatun onu sui-qəsdlə yatağında öldürdülər. Hakimiyyəti ələ keçirmək üstündə ara müharibələri başlandı.