Azərbaycan ərazisində daş dövrü və ən qədim insan məskənləri.
Azərbaycanda mis-daş (eneolit), erkən və orta tunc dövrləri.
Azərbaycan ərazisində son tunc və ilk dəmir dövrlərində əmlak bərabərsizliyinin yaranması və ibtidai icma quruluşunun dağılması.
1.1.Azərbaycan ərazisində daş dövrü və ən qədim insan məskənləri.
İbtidai icma quruluşu tarixinin əsas problemləri. İbtidai icma quruluşunun tarixi elm sahələri tərəfindən tədqiq olunur və müasir dövrdə ibtidai icma quruluşunun tarixinə aid 3 məsələ var ki, onlara hələ dəqiq cavab vermək mümkün olmamışdır. Bunlar antropogenez problemi, insanların ilkin vətəni problemi və ibtidai – icma quruluşunun dövrlərə bölünməsi problemidir.
“Antropogenez” insanın yaranması deməkdir. Bu günə qədər insanın necə və nə vaxt yaranması sualına tam cavab tapılmamışdır. Bütün səmavi dinlər insanın Allah tərəfindən və torpaqdan yaradıldığını iddia edir. Elmi baxışlara görə isə insan ən primitiv canlıların təkamülü nəticəsində yaranmışdır.
Bir neçə onilliklər öncə hesab olunurdu ki, ilk qədim insanlar 2 mln. il eramızdan əvvəl yaşamışlar. Lakin Keniyanın Olduvay dərəsində tapılan ən qədim insana məxsus qalıqlar və onların elmi təhlilinin nəticələri deməyə əsas verir ki, ilk insanlar ən azı 5 mln. il öncə yaşamışlar Lakin hələ bu da son söz deyil. İnsanların ilkin vətəni probleminə gəldikdə bu məsələdə iki yanaşma nəzərə çarpır. Bir qrup alimlər insanların yalnız bir ərazidən yayılması ehtimalını irəli sürürlər və bu mövqeni müdafiə edən cərəyan monosentrizm adlanır (latınca: mono-tək, bir; sentrio – mərkəz deməkdir). Tədqiqatçıların böyük əksəriyyəti ilkin insanların eyni vaxtda müxtəlif ərazilərdə yaşaması və Planetə yayılması fikrini dəstəkləyirlər. Bu cərəyan polisentrizm adlanır (latınca: poli-çox, sentrio-mərkəz deməkdir). Müasir dövrdə də polisentristlərlə monosentristlərin elmi diskussiyası davam edir. Azərbaycan tarixşünaslığı daha çox polisentrist mövqedə dayanır və ilkin insanların əsasən, 3 ərazidən – Afrikanın şimal-şərqindən, Asiyanın cənubi – qərbindən və Cənubi Avropadan yayılmağı mövqeyini təsdiqləyir.
İbtidai-icma quruluşunun tarixinin 3-cü problemi – ibtidai-icma quruluşunun dövrlərə bölünməsi problemidir. Bu məsələdə əsas problem dövrlənmə meyarının seçilməsidir.
Müasir dövrdə dünya təcrübəsində, o cümlədən Azərbaycan tarix elmində ibtidai-icma quruluşunun tarixinin dövrlənməsində 2 meyar - qədim insanlar tərəfindən əmək alətlərinin hazırlanması texnologiyası və insan birliyində ictimai münasibətlərin inkişaf səviyyəsi əsas götürülür. Əmək alətlərinin hazırlanma texnologiyasına görə ibtidai-icma quruluşunun tarixi 3 dörə bölünür: daş dövrü (qədimdən e.ə. VI minilliyə qədər); mis-tunc dövrü (e.ə. VI-II minilliklər); dəmir dövrü (e.ə. II minilliyin sonundan bu günümüzə qədər).
Daş dövrü 3 mərhələyə bölünür: 1) Qədim daş dövrü (paleolit) – qədimdən e.ə. XII minilliyə qədər; 2) Orta daş dövrü (mezolit) – e.ə. XII –VIII minilliklər; 3)Yeni daş dövrü (neolit) e.ə. VIII –VII minilliklər. Qədim daş dövrü (Paleolit) özü 3 mərhələyə bölünür: 1) Alt paleolit (qədimdən e.ə. 100 minilliyə qədər); 2) Orta Paleolit (qədimdən e.ə. 100-40-cı minilliklər); 3) Üst Paleolit ( e.ə. 40-12 minilliklər).
İnsan kollektivlərində ibtidai münasibətlərin təkmilləşmə səviyyəsinə görə də ibtidai-icma quruluşunun tarixi üç dövrə bölünür: 1) ibtidai insan sürüsü dövrü (“ulu icma” dövrü); 2)anaxaqanlığı (matriarxat); 3) ataxaqanlığı (patriarxat). Baxdığımız hər iki bölgünü bir-birinə uzlaşdırsaq ibtidai insan sürüsünün Alt və Orta Paleolitdə, anaxaqanlığı dövrünün Üst Paleolit, Mezolit,Neolit dövründə və ataxaqanlığının Tunc və Erkən dəmir dövründə mövcud olduğunu görərik.