Azərbaycan Universiteti Kafedra: İctimai Elmlər Kafedrası



Yüklə 33,96 Kb.
tarix22.10.2017
ölçüsü33,96 Kb.
#11485

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Universiteti

Kafedra: İctimai Elmlər Kafedrası

Fənn: Türk Xalqlarının Tarixi

Mövzu: Kazan xanlığı

Fakultə: Humanitar

İxtisas: Tarix müəllimliyi

esse

Müəllim: dos. Neyman Xasayev

Tələbə: Babayev Vüsal

B A K I - 2011



P L A N

  1. Kazan xanlığı haqqında ilk məlumatlar, ərazisi və əhalisi

  2. Kazan xanlığının sosial-iqtisadi və siyasi quruluşu

  3. Kazan xanlığının daxili və xarici siyasəti

İstifadə olunmuş ədəbiiyyat siyahısı


  1. Kazan xanlığı haqqında ilk məlumatlar, ərazisi və əhalisi

XIV əsrin ikinci yarısı və XV əsrin əvvəllərində qədim Bulqar knyazlıqları tənəzzülə uğradılar. Əhalinin böyük bir hissəsi şimala Svyaqa çayının orta axarına köçdülər. Bu yerdə Bulqar tipli yeni knyazlıqlar yaradıldı. Bu knyazlıqlar arasında ən çox fərqlənən İsgi-Kazan knyazlığı idi. İsgi-Kazan knyazlığı XIII əsrin ikinci yarısında yaranmışdır.

XIV əsrin sonunda İsgi-Kazan knyazları Kazan şəhərinə doğru irəliləyərək burada yeni inzibati mərkəz yaratmağa çalışdılar. Lakin knyazın bu cəhdi uğursuz oldu. 1399-cu ildə ölkənin yeni mərkəzi olan Kazan knyazın qüvvələri Yuri Dmitreviçin silahlı dəstələri tərəfindən darmadağın edildi. Səlnamələrdə yazıldığına görə Kazan şəhəri təxminən 40 ilə yaxın dağılmış bir vəziyyətdə qaldı. Beləliklə, yeni bir inzibati mərkəz yaradıldı. Həmin mərkəz Kazan adlandırıldı. [1]

Şəhərin ərazisindən axan çay da Kazan çayı adlanırdı. [2]

Burada kiçik bir haşiyə cıxaraq Kazan şəhərinin adı və mənası haqqında qısaca danışmaq lazım gəlir, çünki Azərbaycan ərazisində Kazançı adlı kənd vardır. İş burasındadır ki, qədim türk bulqarlarının böyük tayfalarından biri Kazan adlanmışdır. Dilimizdə “kazan” sözünün qədim türk forması “kazqan”dır. Ehtimal olunur ki, bulqarların Kazan tayfasına mənsub ailələri Cənubi Qafqaza gəlmiş və Kazan kəndlərini salmış. Deməli, Volqaboyu bulqarların içərisindəki Kazan tayfası məhz indiki Kazan şəhərinin əsasını qoymuşdur. Bu dediklərimiz Azərbaycanda aparılmış toponimik tədqiqatlara əsaslanır. [3]

Kazan xanlığının ərazisi indiki Tatarıstan Respublikasının bir hissəsini təşkil edir. Xanlığın ərazisi Volqa çayının sağ sahillərindən Kama çayına qədər olan geniş bir sahəni əhatə edirdi. Bu yerlər ən qədim yaşayış məsgənləri olmuşdur. Buranın ilk sakinləri marilərin, mordvalıların, udlaudların əcdadları olmuşdur. Eramızın III-IV əsrlərindən başlayaraq bu yerlərə türkdilli tayfalar da axışıb gəlmiş burada məskunlaşmışlar. Viyatka çayı sahilində Udmurdlar, geniş meşə ətəklərində çuvaşlar, mordvallar, marilər, başqırdlar yaşayırdılar.

Kazan xanlığının şimal və cənub sərhədləri dəqiq müəyyən deyildir.[1] Qərbdə Kazan xanlığının ərazisini Moskva knyazlığından Sura çayı ayırırdı. Şərqdə Kazan xanlığı Viyatka çayına qədər uzanırdı. [2] Cənub bölgələrində Noqaylar yaşayırdılar. VIII-X əsrlərdə Volqa ilə Kama çayı sahillərində məskunlaşan bulqar tayfaları uzun müddət yerli xalqlarla bir yerdə yaşayaraq qaynayıb qarışaraq Volqa-Kama bulqarları yaranmışdır. Mənbələrin verdiyi məlumatlara görə Kazan tayfaları vahid bir xalq kimi XIII əsrdə monqolların hücumlarından sonra formalaşmışdır. [1]
2. Kazan xanlığının sosial-iqtisadi və siyasi quruluşu

Dövlətin başçısı xan olsa da, əslində onun fəaliyyətinə iri feodallar şurası (divan) istiqamət verirdi. Əsas torpaq sahibliyi forması soyurqal idi. Kazan xanlığının ictimai tərkibi xan, karaçi (4 məşhur nəsildən-Şirin, Barqın, Arqın, Qıpçaq-olan iri feodallar), sultan, əmir, mirzə, ulan, kazak, tacir və sənətkarlardan, azad kəndlilər, asılı kəndlilər, təhkimli hərbi əsirlər və kölələrdən ibarət idi. Xanlıq daruq (dairə) və uluslar (vilayət) bölünürdü. [4] Xanlığın mülkiyyəti ona görə möhkəm idi ki, natural təsərrüfatla məşğul olurdu, yəni tələb olunan hər şey “yalnız evdə hazırlanırdı”. [1] Xanlıqda feodal istehsal üsulu mövcud idi: torpaqlar tək-tək feodalların əlində cəm olunmuşdu. Kəndlilər feodallara məxsus icmalarda yaşayırdılar və icarəyə götürdükləri torpaq paylarının əvəzində illik yasaq (vergi) verirdilər.Xan hərbi qulluğa görə tarxanlara torpaq verirdi. Şərq ölkələrində, məsələn, Mərkəzi Asiyada bu “iqta” adlandırılırdı. Müəyyən vaxtdan sonra çox hallarda tarxanlar həmin torpaq sahələrini öz mülklərinə çevirirdilər. Bundan başqa məscidlərə də torpaq sahələri verilmişdi ki, bu, “vəqf” torpağı adlanırdı. Kazan xanlığında əhalinin əsas məşğuliyyəti əkinçilik idi. Əhali qabaqkı əsrlərdən fərqli olaraq köçəri maldarlıqla məşğul olmurdu. İkinci təsərrüfat məşğuliyyəti maldarlıq idi. Tatarlarda əsas qoşqu heyvanı at idi. Ona görə tatarların böyük at ilxıları var idi. Qədim bulqarların ənənəsini davam etdirən sənətkarlar dəri, gön və xəz məlumatı üzrə ixtisaslaşmışdılar, müxtəlif metal növlərindən əşyalar, hazırlayırdılar və onların məhsulları həm daxildə satılır, həm də xaricə aparılırdı.

Kazan şəhərində XV əsrin sonlarından etibarən iki böyük daimi bazar vardı. Bu bazarlarda həm xanlığın kəndlərindən gələnlər həm də Volqaboyundan, Sibirdən və Şərqi Avropadan, o sıradan Krımdan və Rus dövlətindən gələn tacirlər alver edirdilər. 1552-ci ilin məlumatına görə Kazanda 5 min nəfər xarici tacir yaşayırdı. Maraqlı budur ki, mənbələrdə həmin tacirlər icərisində “buxaralı” və “şamaxılı” adları da çəkilir. Bundan başqa hər ilin 24 iyulunda şəhərdə ticarət yarmarkası təşkil edilirdi. Yarmarkada İrandan, Həştərxandan, Krımdan, Mərkəzi Asiyadan və Qafqazdan gəlmiş tacirlər fəal iştirak edirdilər. Şəhərdə iri karvansaraylar, qonaq evləri, məscidlər tikilir, planlı küçələr salınırdı. Şəhərdə çoxlu hamam tikilmişdi. O vaxtdan Volqaboyunda və sonra bütün Rusiyada Kazan yeganə şəhər idi ki, şərq üslubunda daimi fəaliyyətdə olan hamamlar vardı.

Xanlığın ərazisində çoxlu kiçik şəhərlər də vardı: Ələt, Tətəş, Qullar, Şəki, Alabuqu və s.

Yuxarıda deyildiyi kimi, xanlıqda əhalinin əsas hissəsini tatar dilində “qara xalıq” (yəni, qara xalq, qara camaat) adlanan kəndlilər – rəiyyət təşkil edirdi. Onlar torpaqdan istifadə etdiklərinə görə öz gəlirlərindən vergi (yasaq) verirdilər. Yasaq məhsulun onda bir hissəsini əhatə edirdi. Kənd yerlərində əhali “qara xalq” “aksakkal” adlanan qocalar tərəfindən idarə edilirdi. Lakin “aksakkal”lar icmalarda yalnız ənənəvi başçı idilər. Vergi işlərinə darğalar baxırdılar. Vergilərin ağırlığı kəndli kütlərini müflisləşdirir və feodallarla kəndlilər arasında sinfi mübarizə kəskinləşirdi. 1496-cı ildə Kazan xanlığında kəndlilərin üsyanı baş vermişdi. Kəndli üsyanları 1524 , 1531 və 1546-cı illərdə də olmuşdu. Kazan xanlığı 115 il yaşamışdır və bu müddət ərzində 14 xan sui-qəsd nəticəsində devrilmişdi. [2] [3]
3. Kazan xanlığının daxili və xarici siyasəti
Kazan xanlığında ayrı-ayrı ulusların hakim feodal qruplaşmaları arasında həmişə mübarizə gedirdi ona görə sabit mərkəzləşdirilmiş hakimiyyət yox idi.

Kazan xanlığı mənbələrdə ilk dəfə 1445-ci ildən xatırlanır. Xanlığın ilk xanı Ulu Məhəmməd olmuşdur və o, xanlığın əsasını qoymuşdur. Mənşəcə Ulu Məhəmməd Qızıl Orda xanı Toxtamış xanın nəslindən idi. Lakin bəzi mənbələrə görə xanlığın əsası Ulu Məhəmmədin oğlu Mahmutək tərəfindən qoyulmuşdur. Deyilənə görə Qızıl Orda xanı Ulu Məhəmmədin rəqibi Qiyasəddin tərəfindən hakimiyyətdən salınmış, lakin o, Qiyasəddinin oğlu Kiçik Məhəmmədlə hakimiyyət uğrunda mübarizəni davam etdirmiş və onunla sövdələşmə əsasında Krımda hakimiyyəti ələ almışdır. Krım xanlığının hakimləri onu oradan qovmuşdular. Ulu Məhəmməd üç minlik ordu ilə 1439-cu ildə Moskvaya hərbi səfər təşkil edərək rus ordusunu məğlub etmiş, 1444-cü ildə Nijni-Novqorodu tutmuşdu.[3] 1445-ci ildəki döyüşdə isə Moskva knyazı II Vasili yaralandı və əsir alındı. Lakin döyüşdən iki ay sonra xan böyük məbləğdə pul alıb II Vasilini azad etdi. Ulu Məhəmməd ömrünün sonuna kimi Rus knyazlıqları ilə müharibə aparmışdır.1445-ci ildə Ulu Məhəmməd öldü və yerinə oğlu Mahmutək (1445-1466) hakimiyyətə gəldi.[1] [5] Rusiyanın Volqaboyunda işğalçılıq siyasətinə qarşı çıxan Mahmutək 1446-1448-ci illərdə Murom,Vladimir,Ustyuq və başqa əyalətlərə hərbi səfərlər təşkil etmişdir. Rusiya ilə Kazan xanlığı arasında müharibələr 1467-ci ilə qədər davam etmişdir. Bundan sonra bir müddət Rusiya ilə Kazan xanlığı arasında sülh danışıqları başlanmışdı. Lakin xanlığın içərisində knyaz Abdul Mömin başda olmaqla feodal qruplaşması hakimiyyət uğrunda mübarizəyə başlayaraq Rusiyaya meyl edir və onun köməyilə hakimiyyətə gəlməyə çalışırdı.

Mahmutək öldükdən sonra hakimiyyətə oğlu Xəlil gəldi və onda Abdul Möminin qruplaşmasının fəaliyyəti daha da genişləndi. İş elə gətirdi ki, Mahmutəkin ikinci oğlu İbrahim də rus orientasiyasını götürmüş oldu. Bu, Rusiyanın Kazan xanlığını işğal etməsinə əlverişli şərait yaratdı. Xüsusilə, xanlığın yeni xanı Əli xanın (1479-1487) dövründə rus ordusu hücuma keçdi və Əli xanı hakimiyyətdən salıb Kazan şəhərini tutdu. Əli xan əsir alındı və Voloqdayada öldürüldü. Çar xanlığı hələ Rusiyaya birləşdirmək haqqında fərman vermədi yalnız öz protektoratı altına aldı və xanlığın başına ruspərəst Məhəmməd Emin adlı feodalı qoydu. O, rus çarından asılı vəziyyətdə işləyirdi. Buna baxmayaraq rus çarı IV İvan özünü Kazanın hakimi elan etmiş və özünə “Böyük Bulqar knyazı” titulunu götürmüşdü. Rus çarının razılığı olmadan xanlığın başına hakim seçilə bilməzdi. Lakin geniş xalq kütləsi knyaz Kəl Əhmədin başçılığı ilə ruslara qarşı mübarizə aparırdı. Onun ən yaxın köməkçiləri Urak, Sadır və Akiş rus vergi yığınlarına divan tuturdular. Amma Kəl Əhməd sonra ruslara satıldı və onun vasitəsilə xanlıq üzərində əsarət daha da güclənildi.1521-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə Krım xanlığının nümayəndəsi Sahib Girey keçdi. Sahib Girey Kazan xanlığında olan rusları sıxışdırmağa başladı. Bu vaxt Krım xanı Məhəmməd Girey (Sahib Gireyin qardaşı) Krım və Noqay qoşunları ilə rus dövlətinə hərbi səfər təşkil etdi.O, Nijni-Novqorodu alıb Moskvaya yaxınlaşdı, amma onu ala bilmədi.[3] Kazan xanlığı 28 il Krım xanlığının tabeliyində qaldı.[5]

1552-ci ildə Litva ilə müharibəni qurtarmış rus çarı III Vasili qüvvəsini Kazan xanına qarşı yönəltdi. Sahib Girey ruslarla toqquşmadan çəkindi və Türkiyənin vassallığını qəbul etdi. Lakin Rusiya Türkiyə ilə Kazan xanlığının bu razılığına qarşı çıxdı və Sahib Gireyə qarşı müharibəyə başladı. Sahib Girey vəziyyətin çətinliyini görüb Kazanı tərk edərək Krıma getdi yerinə isə qardaşı oğlu Səfa Gireyi qoydu (1524-1549). Səfa Girey də Türkiyə tərəfdarı idi. Ondan sonra Kazan xanlığını Krımdan gəlmiş qoşunun başçısı Kuçak ələ keçirdi, xanlığa Səfa Gireyin kiçik yaşlı oğlu Uyatmışı təyin etdi. O, uşaq olduğuna görə əslində hakimiyyət Səfa Gireyin arvadı Soyom-Bikə xatun tərəfindən idarə olunurdu. Bu vaxt hakimiyyətə gəlmiş IV İvan Volqaboyunu işğal etmək istəyirdi. O, özü başda olmaqla 1548 və 1550-cı illərdə iki dəfə Kazan xanlığına qarşı hərbi səfər təşkil etdi, lakin hər iki yürüş uğursuz oldu. Kuçakın ordusu rus qoşunlarını qovub cıxartdı.[2] IV İvan 1551-ci ildə Kazan yaxınlığında Sviyajsk qalasını tikdi. Bu qala Kazan xanlığına həlledici hücum üçün hərbi baza oldu.[5] IV İvan 1552-ci ilin avqustunda yeni hərbi səfər təşkil etdi. Rus ordusu 150 min döyüşçü və 150 topdan ibarət idi. Səfər 40 gün çəkdi. Rus ordusu Kazan şəhərini mühasirəyə aldı və 1552-ci il oktyabrn 2-də şəhəri tutdu. Sonuncu Kazan xanı Yadigar xan əsir alındı. Lakin rus qoşunlarına qarşı mübarizə uzun müddət davam etdi. 1552-ci ilin dekabrında iri feodallardan biri olan Hüseyn Seidin başçılığı ilə milli azadlıq hərəkatı baş qaldırdı. Rus mütləqiyyətinin silahlı qüvvələrinin gücü ilə azadlıq hərəkatı amansızcasına yatırıldı və Kazan xanlığının ərazisində “sakitlik” yaradıldı. Kazan xanlığı ləğv edildi. Beləliklə, bu zəngin ölkə Rusiyanın müstəmləkəsinə çevrildi. [1]


Istifadə olunmuş ədəbiyyat siyahısı


  1. Dərgah Qüdrətov “Türk Xalqlarının Tarixi”. Bakı, 2004




  1. Əsmər Muxtarova “Türk Xalqlarının Tarixi”. Bakı, 1999




  1. Əsmər Muxtarova “Türk Xalqlarının Tarixi”. Bakı, 2008




  1. Azərbaycan Sovet Ensiklopediyası” (V cild) Bakı, 1981




  1. Ramin Qurbanov “Türk Xalqlarının Tarixi” Bakı, 2011

Yüklə 33,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin