Press-reliz
Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsini rəhbər tutaraq, İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilib.
Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq Talıbzadələr nəslinin də İslam sivilizasiyasında xidmətlərini və rolunu nəzərə alaraq 25 yanvar 2018-ci il saat 15:00-da Abdulla Şaiqin Mənzil Muzeyində “Talıbzadələr və İslam” adlı tədbir keçiriləcək.
Tədbirə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat, Memarlıq və İncəsənət İnstitutlarının alimləri, Azərbaycan Turizm və Menecment Universitetinin, Baki İslam Universitetinin müəllimləri, Qafqaz Müsəlmanları İdarəsinin dinşünas alimləri, muzey əməkdaşları dəvət olunmuşlar. Tədbiri işıqlandırmaq üçün KİV nümayəndələrinin iştirakı gözlənilir.
Tədbiri giriş sözü ilə muzeyimizin direktoru Ülkər Talıbzadə açacaq. Daha sonra söz tədbir iştirakçılarına veriləcək. Məclisə dəvət olunmuş ədəbiyyatçılar, incəsənət və elm xadimləri, dinşünas alimlər islamiyyətin Talıbzadələrin həyatındakı rolundan, İslamın qloballaşan cəmiyyətimizdəki mövqeyindən danışacaqlar. Ümumilikdə tədbirdə din və cəmiyyət, İslam dini və Azərbaycan mədəniyyəti kimi mövzularla bağlı müzakirələr aparılacaq .
Tədbirin ədəbi hissəsində Nizami Rayonu Uşaq və Gənclər yaradıcılıq mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvü Zeynalabdin Bağırzadə mövzuyla bağlı şeirlər səsləndirəcək.
Talıbzadələrə həsr olunmuş slayd-şou nümayiş olunacaq.
Dostları ilə paylaş: |