TEMA 12. MÖVZU 12. AZƏRBAYCAN DİLİ HAQQINDA LİRİK DÜŞÜNCƏLƏR
Anamin südündə, vətənin havasında, çörəyində, suyunda səni duymuşam.
Torpağımda, daşımda, Kürümdə, Arazımda, Xəzərimdə, canımda səni görmüşəm!
Elimdə-obamda, dərsimdə, kitabımda səni sevmişəm! Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi qoruduğu dilim! Azərbaycan dilim! Anamın həzin-həzin laylalarında, arzu dolu baxışlarında qanıma keçmisən! Atamın söhbətlərində ruhuma çökmüsən! Babamın, nənəmin şirin-şirin nağıllarında, bayatılarında ürəyimə girmisən!
Əlimə qələm alan gündən böyüklüyünü dərk etmişəm.
Yuxusuz qaldığım ilk gecədə, ilk ağır sınaq gecəsində necə də köməyimə gəldin. Qüdrətinlə ana barəsində düşüncələrim öz qəlibinə, söz qəlibinə düşdü. Səxavətini unutmamışam.
Heç zaman, heç kəsdən bir kömək ummadım. Tək səndən savayı. Səndən də həmişə budur təmənnam: əsirgəmə sözlərini,varını, a mənim ulu əcdadımın yadigarı, nişanəsi, nəfəsi doğma dilim, ana dilim. Azərbaycan dilim!
Sənsiz nəyləyə bilərəm? Nəyə gərəyəm? Varlığım varlığına bağlıdır. Adım adınla öyünər. Sevincim, səadətim qüdrətinlə yaranar, a mənim günüm, ilim, əsrim, qərinəm Azərbaycan dilim! Azərbaycan dilim!
(Gülhüseyn Hüseynoğludan)
Lüğət
el-oba родные края
göz bəbəyi зеница ока
həzin-həzin печально
təmənna просьба
ulu əcdad предок
əsirgəmək лишать
ürəyə girmək войти в сердце, в душу
Tapşırıq 94. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 95. Mətni əzbərləyin
Dostları ilə paylaş: |