1. MEMAR ƏCƏMİ
Azərbaycanda qüdrətli Atabəylər dövlətinin yaranması nəticəsində sənətkarlıq, ticarət, elm, ədəbiyyat çox sürətlə inkişaf edirdi. Şəhərlərin görkəmi dəyişirdi. Burada dövlət idarələri, bazarlar, karvansaralar, hamamlar, məscidlər, məktəb və mədrəsələr tikilirdi.Bu zaman binaların görkəminə xüsusi fikir verilirdi.
Şəhərlərin inkişafında memarların rolu böyük idi. Atabəylər dövlətinin baş memarı Əcəmi idi. O, mühəndislər mühəndisi (baş mühəndis) adlanırdı.
Əcəmi Atabəylər dövlətinin paytaxtı olan Naxçıvanda yaşayıb-yaratmışdı. Şəmsəddin Eldəniz öz paytaxt şəhərinin gözəl olmasına çalışırdı. Odur ki, Naxçıvanda gözəl binalar tikilirdi. Əcəminin tikdiyi binalar qədim Naxçıvanın mərkəz məhəllələrini bəzəyirdi. Bu binalar paytaxta əzəmət və yaraşıq verirdi.
Naxçıvanda Yusif ibn Küseyir və Möminə xatın türbələri, Cümə məscidi, Qoşa minarə Əcəminin ən gözəl memarlıq əsərləri hesab olunur.
Möminə xatın türbəsi 1186-cı ildə tikilib qurtarmışdır. Bu türbə indi də qalmaqdadır. Onun salamat qalmış hissəsinin hündürlüyü 26 metrdir. Türbənin ucalığı güc, qüdrət simvoludur: bu türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəsi sərdabədir. Sərdabənin quruluşu təkrarolunmazdır.
Əcəmi başqa memarlar kimi məlum olan qəliblər, ülgülər, naxışlar əsasında işləmirdi. O, heç kimi təkrar etmirdi. Özü yeni ülgülər, naxışlar tapırdı. Əcəmi gülləri, çiçəkləri ustalıqla daş üzərinə köçürürdü (Buna nəbati naxışlar deyilirdi). Elə bil ki, daş gül-çiçək açmışdı. Adamlar onun qabiliyyətinə valeh olurdular*. Memarlar Əcəmidən öyrənməyə başladılar. Məşhur Avropa səyyahları, alimləri Əcəminin tikdiyi binaları dönə-dönə tərifləmişlər.
Əcəmi memarlıqda yeni bir yol açmışdı. Memarlıqda və başqa sənətlərdə bu cür yeni açılan yola məktəb deyilir. Deməli, Əcəmi memarlıqda yeni məktəb yaratmışdı. O dövrün və sonrakı dövrlərin memarları ondan öyrənirdilər. Türkiyədə, İranda və başqa ölkələrdə Əcəmini davamçıları olmuşdur. Əcəminin memarlıq məktəbi təkcə Azərbaycanda deyil, bütün Şərqdə memarlığın inkişafına güclü təsir göstərmişdir.
Əcəminin ucaltdığı nadir abidələr öz yaradıcısının adını əbədiləşdirdi. Bu abidələr bizə qeyri-adi istedaddan xəbər verir. Bunlar memar Əcəminin Möminə xatın türbəsi üzərində yazılan aşağıdakı sözlərinin doğruluğunu sübut edir:
“Biz gedəcəyik-dünya qalacaqdır,
Biz öləcəyik – bu, xatirə qalacaqdır”.
Xalqımız öz böyük oğlunun – memar Əcəminin xatirəsini əziz saxlayır.
Dostları ilə paylaş: |