2. KÜR ÇAYI
Azərbaycanda 1200-dən çox iri və xırda çay vardır. Bunların içərisində ən böyüyü Kür və Araz çaylarıdır.
Kür çayının uzunluğu 1515 kilometrdir. O, Türkiyənin və Gürcüstanın ərazisindən keçib gəlir. Kürün Azərbaycanda axan hissəsi 900 kilometrdir.
Kür və Araz çayları Sabirabad rayonu yaxınlığında birləşir və müəyyən məsafədən sonra Xəzər dənizinə tökülür. Bu çayların Azərbaycan xalqının həyatında çox böyük rolu vardır. Kənd və şəhərlərimizin çoxu bu geniş və sulu çayların kənarında yerləşmişdir. Ucsuz-bucaqsız pambıq tarlaları, taxıl zəmiləri, yamyaşıl bağlar, üzümlüklər, bostanlar bu çayların suyu ilə suvarılır.
Sabirabadın Talış kəndi yaxınlığından Bakıya su kəməri çəkilmişdir. Kür-Bakı kəməri paytaxt əhalisini içməli su ilə təmin edir.
Kür və Araz çayları Azərbaycanda balıqçılığın inkişafında böyük əhəmiyyətə malikdir. Keçmişdə kiçik balıqçı kəndi olan Mingəçevir indi yeni şəhərə çevrilmişdir. Onun yanında Kür çayının qarşısı hündür bəndlə kəsilmiş və Mingəçevir dənizi yaradılmışdır. Dəryaçanın suyu həm tarlaları suvarır, həm də buradakı böyük su elektrik stansiyanın turbinlərini hərəkətə gətirir. Kürün üstündə tikilmiş nəhəng Mingəçevir su-elektrik stansiyası ölkəmizi elektrik enerjisi ilə təmin edir. Kür çayının üstündə tikilmiş yeni Şamxor su-elektrik stansiyası isə bizim ikinci Mingəçəvirimizdir. Bu stansiyanın köməyi ilə yüz min hektar xam torpaqlar suvarılır və ölkəmizə bol məhsul verir.
Lüğət
xırda – мелкий
birləşmək – сливаться, соединяться
geniş – широкий
sulu – полноводная
kənarında – здесь: вдоль
yerləşmək – расположиться
zəmi – нива, поле
bostan – огород
suvarmaq – орошать
xam torpaqlar – целинные земли
bol məhsul – богатый урожай.
Tapşırıq 22. Mətni oxuyun və tərcümə edin.
Tapşırıq 23. Suallara cavab verin:
- Azərbaycanda nə qədər çay vardır?
- Azərbaycanda ən böyük çaylar hansılardır?
- Kür-Bakı su kəməri haradan çəkilmişdir, bunun xeyri nədir?
- Kürün üstündə hansı su-elektrik stansiyaları tikilmişdir?
- Su-elektrik stansiyalarının respublikaya xeyri nədir?
Tapşırıq 24. Oxuyun, söz və ifadələrin düzgün tələffüzünü öyrənin, mənasını dəqiqləşdirin və onları cümlələrdə işlədin.
Kür çayı, daşlıq yer, düz yer, qarğıdalı, ucsuz-bucaqsız, boş-boşuna, dəryaça, nəhəng, təmin etmək, su kəməri.
Dostları ilə paylaş: |