23:35 16-07-2008
Murad BAYAR: “Azərbaycan arzu edərsə Türkiyənin yeni istehsal edəcəyi tanklara ortaq ola bilər”
Türkiyə Cümhuriyyəti Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri Murad Bayarın «Milaz»a eksklüziv müsahibəsi
- Murad bəy Türkiyə Cümhuriyyətinin müdafiə sənayesinə rəhbərlik edən bir şəxs kimi Azərbaycan və Türkiyə arasında hərbi sənaye sahəsində əlaqələri necə qiymətləndirirsiniz? Perspektivdə hansı planlar var?
- Hərbi sənaye sektorunda əməkdaşlıq iki ölkənin Silahlı Qüvvələrinin ehtiyaclarına bağlı bir məsələdir. Bizim orduların ehtiyacı əsasən silah və sursatlaradır. Türkiyənin başda «Makina-Kimya» şirkəti olmaqla böyük təcrübəyə malik hərbi sənaye kompleksi mövcuddur. Azərbaycanda hərbi sənaye yeni sahədir. Amma sovetlər dövründən qalma müəssisələr var ki, onlar da müəyyən məhsullar istehsal edirlər. Bundan sonra biz əlaqələrimizi genişləndirəcəyik. Biz gələcəkdə Azərbaycanla müştərək, Azərbaycanın ehtiyaclarına uyğun məhsullar istehsalını həyata keçirə bilərik. Bu tip layihələrin olacağı gözlənilir. Biz Azərbaycan hərbi sənayesinin imkan və qabiliyyətlərini öyrənməyə çalışırıq.
- Sovetlər dövründən Azərbaycan ordusuna miras qalmış silah və texnikaların modernizasiyası, onların NATO standartlarına uyğunlaşdırılmasında Türkiyə hansı rolu oynaya bilər?
- Mənim fikrimcə, arsenalın bir hissəsinin modernizasiyası silah və inventarın yenilənməsi ilə olacaq. Azərbaycan ömrünü başa vurmuş sovet texnikalarını qərb ölkələrinin istehsalı olan anoloji avadanlıqlarla dəyişdirəcək. Bir hissəsi isə mövcud silah və sursatların daxili sistemlərinin modernizasiyası hesabına olacaq. Mənə belə gəlir ki, Azərbaycan yaxın 10 il ərzində bütün arsenalını modernləşdirəcək, NATO standartlarının tələblərinə cavab verən silah və texnikalar əldə edəcək. Burada Türkiyənin roluna gəldikdə isə deyə bilərəm ki, bu gün bizim bütün istehsalımız NATO standartlarına cavab verir. Azərbaycandakı müəssisələr də qısa zaman içərisində bizim yardımımızla NATO standartlarına uyğun məhsullar istehsal edəcək. Bizim belə bir rolumuz olacaq.
- Türkiyə və Azərbaycan arasında birgə müəssislərin yaradılması gündəmdə varmı?
- Bu mümkündür. Bu gün Azərbaycanda vəziyyət Türkiyədəkindən fərqlidir. Azərbaycanda bütün hərbi müəssisələr dövlətin balansındadır. Bizdə isə şirkətlərin çoxu özəl və ya anonim şirkətlərdir. Buradakı iş birliyi birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın qurulması ilə ola bilər. Amma gələcəkdə birgə şirkətlərin qurulması da mümkündür. Bu gün ASELSAN şirkəti Azərbaycanda təmsilçiliyini açıb. Bu şirkət nə vaxtsa istehsala da başlaya bilər.
- Azərbaycanda gəmiqayırma zavodu tikilir. Gələcəkdə Türkiyə şirkətləri Azərbaycanla birgə Xəzəryanı ölkələrin donanmaları üçün hərbi gəmilərin istehsalını həyata keçirə bilərlərmi?
- Mütləq mənada mümkündür. Türkiyə gəmiqayırma sahəsində böyük təcrübəyə malikdir. Bu gün dünyada dördüncü ən böyük gəmi inşası sənayesi Türkiyədədir. Hərbi gəmilərin tikintisi ilə bağlı gözəl layihələrimiz var. Biz bu gün Azərbaycan və Gürcüstanla gəmiçilik sahəsində əməkdaşlıq edirik. Hazırda bu məsələyə dair müzakirələr də aparırıq. Bizim istehsal etdiyimiz gəmilər Azərbaycana gətirilə və ya burada qurulan tərsanədə birgə gəmilər inşa edə bilərik.
- May ayında sizin mütəxəssilər Azərbaycandakı Tank Təmiri Zavodunun modernizasiyası layihəsini müzakirə edirdilər. Bu layihə barədə məlmat verərdiniz. Türkiyə Tank Təmiri Zavodunun modernizasiyasında necə iştirak etmək istəyir?
- Hazırda Türkiyədə tankla bağlı iki layihəmiz var. Bunlardan birincisi Türkiyənin öz Silahlı Qüvvələri üçün yeni tank istehsalı ilə bağlıdır. Gözlənilir ki, bu ay içində biz bununla bağlı razılaşmanı imzalayaq və işə başlayaq. Milli Türkiyə tankının istehsalını OTOKAR şirkəti ilə birgə reallaşdıracağıq. Bu uzunmüddətli layihədir. Bu tankın istehsalına başlayanadək digər layihəmizi reallaşdıracağıq ki, bu da mövcud tanklarımızın modernizasiyasıdır. Qeyd edim ki, bizim orduda istifadə olunan tanklar qərb ölkələrinin – Almaniya və ABŞ istehsalıdır. Türkiyə ordusunda ABŞ istehsalı olan M-60, Almaniya istehsalı olan «Leopard» tanklarından istifadə olunur. Onların üzərinə yeni atış-kontrol sistemləri qoyulur, mühərriklərini və zirehlərini yeniləşdiririk. Biz Azərbaycana T-72 tanklarının modernizasiyasını təklif edirik. Biz bu tankların atış-kontrol və digər sistemlərini yeniləşdirə bilərik. Azərbaycan bəyənər və arzu edərsə, Türkiyənin yeni istehsal edəcəyi tanklara ortaq ola bilər. O tankların bir hissəsi Azərbaycanda, bir hissəsi isə Türkiyədə istehsal edilə bilər.
- Türkiyənin ASELSAN və Roketsan şirkətlərinin Azərbaycandakı bəzi müəssisələrlə birgə bəzi məhsulların istehsalını həyata keçirməyə maraqlı olduqları bildirilir.
- ASELSAN tanklar üçün müasir atış-kontrol sistemləri istehsal edir və fikrimcə, T-72 tanklarının modernizasiyasını Azərbaycandakı elektronika şirkətləri ilə birlikdə həyata keçirə bilər. Bu şirkət eyni zamanda dünyada silahlı qüvvələr üçün simsiz rabitə vasitələri istehsal edən ən böyük şirkətlərdəndir. ASELSAN tərəfindən Azərbaycanda rabitə vasitələrinin istehsalının qurulması da mümkündür. Mənim heyətimdə ASELSAN-ın rəhbər şəxslərindən biri təmsil olunur. O, müvafiq müəssisələri gəzib istehsal prosesləri ilə tanış oldu. Onlar hazırda Azərbaycanla bu sahədə işbirliyi qurmaq üçün müzakirələr aparırlar. Roketsan da raket istehsalı sahəsində işbirliyinin qurulması məsələlərini nəzərdən keçirir. Bu şirkətin də Azərbaycanda həyata keçiriləcək layihələri ola bilər.
- Səhv etmirəmsə, 2005-ci ildə belə bir məlumat yayılmışdı ki, Azərbaycan Türkiyə istehsalı olan raket sistemlərini almağa maraq göstərir. Bu məsələ həll olundumu?
- Bununla bağlı işlər gedir. Artıq məlumat verə bilmərəm.
- Belə bir fikir səslənir ki, dost saydığımız Türkiyənin silah bazarı Azərbaycanın üzünə bağlıdır. Bu fikrə münasibətinizi bilmək istərdik.
- Elə bir problem yoxdur. Biz istədiyimiz ölkə ilə işbirliyi qururuq. Silah satışı Türkiyənin xarici siyasəti ilə əlaqəli bir məsələdir. Azərbaycan bizə qardaş ölkədir. Amma bu bölgədəki vəziyyət hər zaman diqqətdə saxlanılır. İş birliyi regiondakı təhlükəsizlik siyasəti çərçivəsində həyata keçirilir.
- Murad bəy Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri genişlənməkdə olan Türkiyə hərbi sənayesi üçün bir bazar olaraq necə yer tutur?
- Türkiyə özünə yaxın ölkələrlə əməkdaşlıq edirik. Bunlar Azərbaycan, Qazaxıstan, Gürcüstandır. Biz eyni zamanda Balkan ölkələri və keçmiş sosialist ölkələri, o cümlədən Polşa ilə əlaqələrimizi qurmaq niyyətindəyik.
- Nəzərə almaq lazımdır ki. Qafqaz və Mərkəzi Asiya ölkələrinin silah bazarı Rusiya və Ukraynanın təsiri, daha doğrusu inhisarı altındadır. Yeni inkişafda olan Türkiyənin hərb sənayesi bu bazarda Rusiya və Ukrayna şirkətlərinin maraqları ilə rəqabət apara biləcəkmi?
- Mən şəxsən bu bazarda elə bir rəqabət riski olduğunu düşünmürəm. Əgər bu ölkələr NATO standartlarını əsas götürürlərsə, Türkiyə onlara yardımçı ola bilər. Yox, digər ölkələri seçirlərsə, deməli onlar NATO standartlarını qəbul etmirlər. Bu ölkələrin öz qərarlarıdır. Bir də ki bizim Rusiya və Ukrayna ilə də əməkdaşlığımız var.
- Müasir ordular elektronikaya və proqramlama sistemlərinə üstünlük verir. Azərbaycanla bu sahədə hansı işbirliyiniz ola bilər?
- Bu əməkdaşlığın yeni sahəsidir. Bakıda elektron çap lövhələri istehsal edən «Peyk» zavodunda olduq. Bizim şirkətlər həmin elektron çap lövhələrindən ala bilərlər. Fikrimcə, əsas işbirliyi mexaniki istehsalın qurulmasında ola bilər. Biz daha çox silahlar və mexaniki məhsulların istehsalında əməkdaşlıq edə bilərik.
- Yeni hansı layihələriniz var?
- Bunlardan biri qeyd etdiyim tank layihəsidir. Biz eyni zamanda pilotsuz hava aparatları üzərində işləyirik. Artıq bunlardan bəzilərini – kiçik aparatları istehsal etməyə başladıq. Hazırda digər apartların istehsalı nəzərdə tutulur. Hava müdafiəsi ilə bağlı çoxlu layihələrimiz olacaq. Yeni bir piyada tüfənginin layihəsi üzərində çalışırıq. Bəlkə bunu Azərbaycanla birgə həyata keçirdik.
-Əməkdaşlığın gələcək perspektivlərini necə görürsünüz?
- Çox gözəl. Yalnız bu məsələdə çox diqqətli çalışmamız lazımdır. Məncə Azərbaycan və Türkiyə Silahlı Qüvvələri eyni sistemdən, eyni silah və vasitələrdən istifadə etməlidir. Belə bir halda uyarlıq təmin olunacaq. O zaman hərbi sənayedə əlaqələr, əməkdaşlıq daha da genişlənəcək. Əgər fərqli-fərqli təchizata malik olaraqsa, bu işbirliyini həyata keçirə bilməyəcəyik.
«Milaz» İA
|