Azərbaycan yazıçısı Ön söz



Yüklə 338,78 Kb.
səhifə1/2
tarix05.01.2022
ölçüsü338,78 Kb.
#111366
növüYazı
  1   2

Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Mərkəzi Kitabxana



Əlibala Hacızadə

Azərbaycan yazıçısı

Ön söz

Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə “Nizami” jurnalının baş redaktoru olmuşdur. “Mənim müəlliməm” adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi.

Partiya üzvü olmayan şərqşünas alim bir neçə illiyə Əfqanıstana ezam edilib və orada tərcüməçi işləyib. Həmin illər Əlibala müəllim bir-birinin ardınca bədii əsərlərini yazıb. Tezliklə onun “Qürbətdə” adlı hekayələr toplusu, “Təyyarə kölgəsi” romanı, daha sonra isə Əfqanıstanda cərəyan edən hadisələrdən bəhs edən “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Ayrılığın sonu yoxmuş” trilogiyası işıq üzü görüb. Deyirlər ki, o vaxtlar Əlibala Hacızadənin əsərləri “Azərkitab”ın mağazalarında digər yazıçıların kitabları əlavə olunmaqla satılırdı.

Bu maraqlı əsərlər arasında müəllifin Əfqanıstanda yaşayarkən qələmə aldığı və sonralar özünün yaradıcılığının zirvəsi adlandırdığı “İtkin gəlin”i daha çox əl-əl gəzirdi. O deyirdi: “Oxucular “Təyyarə kölgəsi” romanımı mənim yaradıcılığımın “şah əsəri” hesab edirlər. Mən özüm isə “İtkin gəlin” romanını yaradıcılığımın zirvəsi hesab edirəm. Mən “İtkin gəlin”i Azərbaycanda yox, Əfqanıstanda olanda yazmışam. Senzuradan kənarda bütün ürəyimdə olanları demişəm bu əsərdə. Buna görə də bu roman mənə daha doğma, daha əzizdir".

“İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994).

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı.

1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir. Bunlardan “Quranın 30-cu Surəsinin təfsiri” (iki cilddə), Jan Junyerin “Unudulmuş qəhrəmanlar”, Əli Əkbər Vilayətinin “Səfəvilər dövründə İranın xarici siyasəti tarixindən” və başqa əsərləri misal çəkmək olar.

Əlibala Hacızadə ədəbiyyatı həyatının ayrılmaz hissəsi hesab edirdi. 2004-2005-ci illərdə yazıçının müasir Azərbaycan ədəbiyyatı xəzinəsinə layiqli töhfə olan seçilmiş əsərlərinin on cildliyi nəşr edildi.

Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda “Ölməz şəxsiyyətlər” mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Əlibala Hacızadə 8 oktyabr 2009-cu ildə Bakı şəhərində vəfat edib.


Yüklə 338,78 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin