Azərbaycanlının uşaq doğmaq-əkmək azartı
Uşaq yer üzünə bəxş edilən ən möhtəşəm varlıqdı. Bütün dinlərdə xüsusi məhəbbətlə ifadə olunan, qorunan, bütün cənnətlərin ən gözəl yerlərinə sorğu-sualsız qəbul uşaqları sevməyən insanlarda heç bir müqəddəs duyğunun olmadığına şübhə yoxdur. Mənim özümün də uşaqlara olan sevgim heç nə ilə müqayisə edilməyəcək qədər yüksəkdi. Amma...
Azərbaycanlıların uşaq doğmaq/əkmək məşğuliyyəti qədər insanı hər şeydən yoran ikinci şey çox azdır. Axı bu kor-koranə doğmaq vərdişini niyə qazanıb bizim insanlar? Axı insanı heyvandan fərqləndirən üstünlüklərdən biri də planlı doğmaq bacarığıdı. Ay insan, axı sən it deyilsən! Axı sən birini doğub, əkib dayana bilərsən! Görürsən ki, saxlaya bilmirsən, o uşağa normal gələcək qurmağı bacarmayacaqsan, niyə doğursan, niyə əkirsən? Özünün bədbəxt, səfil, miskin həyatına o məsum varlığı niyə şərik edirsən? Niyə öz səfalətində o müqəddəs körpəni də zülmə, əziyyətə boğursan?
Bu gün Bakıda küçədə 2 yaşlı məsum bir varlıq tapıblar. Məlum olub ki, bu uşağı anası küçəyə atıb. İmkansızlıqdan uşağına baxa bilməyən qadın 2 yaşlı olunu küçəyə atıb ki, “imkanlı bir adamın onu taparaq aparmasını, uşağa sahib çıxsın”. Ana beləcə də deyib. Çox ağır situasiyadı. Xəbəri oxuyub sarsılmamaq mümkün deyil. Ancaq xəbəri oxumağa davam edəndə məlum olur ki, bu qadının 7 yaşlı başqa bir övladı da var və o uşaq da hazırda Bakıdakı internatlardan birində saxlanılır.
Ay qadın, sən o uşağın birincisini saxlaya bilməyib internata vermisən, ikincini niyə doğursan? Azərbaycanlıların ən idbar məsəllərindən biri belədir: “Uşağı verən allah ruzisini də verəcək”. Ay kişilər, ay qadınlar, allah sənə doğmaq funksiyasını ona görə verməyib axı doğasan, sonra da saxlaya bilməyib küçəyə atasan. Heç ruzini də verməyib axı. Allah uşağa ruzi verən olsaydı, sənin birinci uşağın internatda olmazdı axı. İkincidə niyə ruziyə ümid edirsən?
Ötən il Lent.az-ın əməkdaşı Bakıdakı qəbiristanlıqlardan birində yaşayan bir ailə tapmışdı. Qəbiristanlıqda (!) bir otaqlı daxmada yaşayan bu ailənin neçə uşağı var idi, bilirsiniz? 3 qız. Böyük qız heç məktəb yaşında deyildi, o uşağı məktəbə göndərməyə imkanları yox idi, amma ondan sonra dayanmamış, iki uşaq da doğub-əkmişdi azərbaycanlılar. Qəbiristanlıqda! Yazı çıxandan sonra o ailəyə çoxlu yardımlar edildi, evləri tikildi, bir çox formada dəstək göstərildi. Tutaq ki, o ailə, o 3 məsum qız uşağı xilas oldu. Bəs ölkə boyu şüursuzca doğub-əkib, sonra da o uşaqları küçəyə atanları necə edək?
Savadsızlıq, mentalitet, çürümüş ənənələri bu camaatı bataqlığa aparıb çıxaracaq. Yeni ailə quran gənclərdən az qala toyun səhərisi günü uşaq tələb eləyirlər, a kişi. Belə kütlə olar? O uşağı necə saxlayacaq sualının cavabı da hazırdı: “Allah ruzisini verəcək!” Sən öləsən!
Bu ölkədə cinsi münasibət zamanı qorunmağı ayıb sayan ailələr, bunu özünə sığışdırmayan kişilər var. Sizi əmin edirəm ki, minlərlədir belələri. Cinsi münasibət zamanı qorunmağın kəşfindən belə xəbərsiz olan tipləri də bura əlavə eləsək, ölkədə niyə bu qədər uşağın küçəyə atıldığını anlamaq olar.
Birmənalı qaydada, saxlaya bilməyəcəyini, ona parlaq, parlaq cəhənnəm, heç olmasa minimum yaşayış şəraiti yarada bilməyəcəyini anladığı halda uşaq doğan analar, uşaq əkən atalar o uşaqların qatilidirlər. O valideynlərin hamısı övlad qatilidi. Fərqi yoxdu ki, o məsum körpə fiziki cəhətdən öləcək ya yox. Onsuz da o valideyn özünün səfil həyatına növbəti qurbanları cəlb etməklə əlini “qana bulayır”.
Uşaq doğmaq-əkmək funksiyalarından istifadə eləmək hələ ana-ata olmaq demək deyil. Sən onda ana-ata olursan ki, uşağının özünün səfalətinə batırmırsan, səndən sonra bəşəriyyətə qazandırdığın canlı səndən heç olmasa, bir pillə daha yüksək səviyyəli insan olur, daha yaxşı həyat yaşayır.
Belə düşünmürsənsə, zibilliklərdə də nə qədər ana-ata olan itlər var!
Dostları ilə paylaş: |