Müşahidə Şurasının 22 iyul 2010-cu il tarixli 75 saylı iclas protokolu ilə
təsdiq edilmişdir
“AZƏRPOÇT”
Məhdud Məsuliyyətli Cəmiyyətinin
Cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə
S İ Y A S Ə T İ
Bakı - 2010
Ümumi müddəalar
“Azərpoçt” MMC-nin (bundan sonra “Cəmiyyət” adlandırılacaq) “Cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə siyasəti” (bundan sonra “Siyasət” adlandırılacaq) “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mubarizə haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycanın Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ümumi qəbul olunmuş beynəlxalq standartlara, tövsiyyələrə, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarına, Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq normativ xarakterli aktlarına və Cəmiyyətin digər daxili prosedurlarına əsaslanır.
Cəmiyyətin bütün icra orqanları Cəmiyyət vasitəsilə cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə yönəlmiş əməliyyatların həyata keçirilməsinə yol vermir və öz fəaliyyətində bu Siyasəti əldə rəhbər tutur.
Əsas anlayışlar
MMX: Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətidir.
Məsul şəxs: Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət edən, MMX ilə məlumat mübadiləsini həyata keçirən, monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatları hazırlayan və təqdim edən, Cəmiyyətin Baş direktoru tərəfindən təyin olunmuş səlahiyyətli rəhbər şəxsdir.
Daxili nəzarət sistemi: muvafiq qanunvericiliyə və Cəmiyyətin Siyasətinə əsasən cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınmasına dair tətbiq olunan tədbirlərin məcmusudur.
Siyasətin məqsədi
Siyasətin məqsədi aşağıdakıladan ibarətdir:
Cəmiyyətin daxili nəzarət sisteminə uyğun fəaliyyət göstərməsinin təmin edilməsi;
Müştərilərə təklif olunan xidmətlərin müştərini tanı və risk yönümlü yanaşma prinsipləri baxımından davamlı olaraq təkmilləşdirilməsi və Cəmiyyətin məruz qaldığı (və ya qala biləcəyi) risklərin aradan qaldırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;
Həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə davamlı olaraq müvafiq təlimlərin təşkil edilməsi.
Səlahiyyət və məsuliyyətlər
Bu Siyasətin tələblərinin həyata keçirilməməsinə görə Cəmiyyətin icra orqanının rəhbərliyi Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 348-3-cü maddəsinə əsasən bilavasitə məsuliyyət daşıyır. Bu Siyasətin tətbiqi ilə əlaqədar olaraq Cəmiyyətin səlahiyyətlərinə daxildir:
cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı Cəmiyyətin bütün vəzifələrini yerinə yetirmək;
işçilərin bu sahədə məlumatlandırılması və bacarıqlarının artırılması üçün onların təlimə olan ehtiyacını müəyyən etmək və illik təlim proqramını təsdiq etmək;
cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə məsul şəxsi təyin etmək, onun səlahiyyət və məsuliyyətini müəyyən etmək;
risklərin idarə edilməsi, monitorinq və nəzarət, eləcə də daxili audit fəaliyyətinin nəticələrini qiymətləndirmək və aşkar olunmuş risklərin qarşısını almaq məqsədilə lazımı tədbirlərin görülməsinə nəzarət etmək;
daxili nəzarət sistemi ilə bağlı bütün işlərin koordinasiya olunmuş və səmərəli şəkildə həyata keçirilməsinə nəzarət etmək.
Cəmiyyətin icra orqanının rəhbərliyi yuxarıda qeyd olunmuş səlahiyyətlərin bir hissəsini məsul şəxsə həvalə edə bilər. Məsul şəxsə həvalə olunmuş səlahiyyətlərin lazımi icrasına görə Cəmiyyətin icra orqanının rəhbərliyi məsuliyyət daşıyır.
Məsul şəxs birbaşa Cəmiyyətin rəhbərliyinə və sorğu əsasında Müşahidə Şurasına hesabat verir. Məsul şəxsin əsas vəzifələrinə aşağıdakılar daxildir:
cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı Cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün bütün işləri koordinasiya etmək;
Cəmiyyətdə daxili nəzarət sisteminin tətbiqi ilə əlaqədar olaraq, cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı daxili qaydaların hazırlanması, təkmilləşdirilməsi, aidiyyəti üzrə yayılması, daxili qaydaların icrasına nəzarəti həyata keçirmək və həmin qaydaların icrasına nail olmaq;
risklərin idarə olunması ilə bağlı monitorinq və nəzarət tədbirlərini həyata kecirmək;
cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı ətraflı təlim proqramını hazırlamaq və təsdiq olunmuş təlim proqramını müvafiq qaydada həyata keçirmək;
daxili audit və təlim fəaliyyəti ilə bağlı informasiyanı və statistik göstəriciləri qoruyub saxlamaq, qanunvericiliyə uyğun tələb olunduqda hesabat vermək.
Cəmiyyətin bütün struktur bölmələrinin işçiləri Siyasətin və digər prosedurların tətbiqi üçün öz üzərlərinə düşən vəzifələri vicdanla icra edirlər. Bu Siyasətin digər prosedurlarla əlaqəli şəkildə səmərəliliyi və uyğunluğu müntəzəm audit olunur və Daxili audit tərəfindən qiymətləndirilir.
Müştərinin və benefisiarın eyniləşdirilməsi
Cəmiyyət öz müştəriləri üçün anonim poçt hesabları, habelə uydurma adlara poçt hesabları açmır.
Cəmiyyət aşağıdakı hallarda müştərinin və benefisiarın eyniləşdirilməsi üçün tədbirlər görür:
işgüzar münasibətlərin yaradılmasından əvvəl;
on beş min manat məbləğində və ya bundan artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala həmçinin bu maddə ilə müəyyən olunmuş limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat da aiddir);
məbləğindən asılı olmayaraq hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;
pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar olduqda;
müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlandıqda.
Əməliyyatın ümumi məbləği əməliyyatın icra olunmasından əvvəl məlum deyilsə, müştərinin və benefisiarın eyniləşdirilməsi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
Hüquqi şəxsin eyniləşdirilməsi onun nizamnaməsinin və dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti əsasında aparılır. Cəmiyyətin müştəriyə xidmət göstərən işçisi hüquqi şəxsin nizamnaməsi və dövlət qeydiyyatına alınması haqqında sənəd əsasında hüquqi şəxsin hüquqi ünvanını, təşkilati-hüquqi formasını, təsisçilərin adını, həmçinin hüquqi şəxsin hüquqi statusunu müəyyən edir.
Fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin eyniləşdirilməsi şəxsiyyəti təsdiq edən sənəd və müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə əsasında aparılır.
Hüquqi şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:
hüquqi şəxsin təqdim etdiyi məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlarla üzləşdirilməsi;
hüquqi şəxsin fəaliyyəti barədə kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından və ya rəsmi nəşrlərdən məlumatların əldə olunması;
əldə olunan yeni məlumatların əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatları ilə üzləşdirilməsi.
Fiziki şəxsin verifikasiyası üçün tətbiq edilən tədbirlər aşağıdakılardır:
doğum haqqında şəhadətnamə, pasport, sürücülük vəsiqəsi və ya digər rəsmi sənəd əsasında doğum tarixinin təsdiqlənməsi;
mənzil-kommunal xidməti və ya qeyri-yaşayış sahələrindən istismar haqqı üçün mədaxil qəbzləri, yaxud mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi əsasında yaşayış yeri üzrə qeydiyyatın təsdiqlənməsi.
Müştəri və əməliyyatların monitorinqi və nəzarəti
Monitorinq və nəzarət tədbirlərinin məqsədi Cəmiyyəti risklərdən qorumaq və əməliyyatların müvafiq qanunvericiliyə uyğunluğuna nail olmaqdır.
Müvafiq monitorinq və nəzarəti təmin etmək məqsədilə, cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə apararkən hər bir müştəri üçün risk profili hazırlanır.
Risk profili müştərinin vəzifəsini, iş təcrubəsini, biznes əməliyyatlarını, maliyyə movqeyini, huquqi ünvanını, bizneslə məşğul olduğu ölkədə hesabları və əməliyyatlarını nəzərdə tutur.
Bir dəfə aşkarlanmış yüksək riskli müştəri daxili nəzarət sisteminin bir hissəsi olaraq qurulmuş sistemlərdən istifadə edilərək məsul şəxs tərəfindən ciddi monitorinq və nəzarət proseslərindən keçirilir.
Müştərinin hesabında şübhə doğuran əməliyyat aparılan zamanı bölmənin işçisi bu barədə dərhal məsul şəxsə məlumat verir və əməliyyatın xarakteri, şübhə doğuran məqamlar və digər zəruri informasiyaları qeyd edir.
Riskləri azaltmaq üçün əlavə tədbirlərin görülməsinin vacib olduğu əsas sahələr aşağıdakılardır:
müasir ödəniş sistemləri və e-bankçılıq xidmətləri;
qarşılıqlı əlaqənin olmadığı əməliyyatlar həyata keçirən bank sistemləri;
yüksək riskli ölkələrdəki müxbir bank və təşkilatlarla əməliyyatlar;
mahiyyəti haqqında adekvat məlumatın olmadığı biznes sahələri.
Monitorinq və nəzarət tədbirləri məsul şəxsin nəzarəti altında hazırlanır və tətbiq olunur. Standart monitorinq metodları ilə yanaşı, yüksək risk daşıyan və eləcə də xüsusi araşdırma və diqqət tələb edən əqdlər və əməliyyatlar üçün əlavə tədbirlər görülə bilər. Monitorinq və nəzarət tədbirləri aşağıdakı sahələri əhatə edir:
yüksək riskli müştərilər və əməliyyatlar;
riskli ölkələrlə aparılan əməliyyatlar;
mürəkkəb və qeyri-adi əməliyyatlar;
müştərinin risk profilinin təsdiqlənməsi və yoxlanması üçün xüsusi limit məbləğindən yuxarı əməliyyatların seçmə yolu ilə monitorinqinin aparılması;
bir-biri ilə əlaqəli olan əməliyyatlar və əlavə kimliyin tanınması üçün tələb edilən məbləği aşan əməliyyatlar;
tamlığa və dəqiqliyə təminat verən müştəri göstəriciləri və sənədlər, bununla yanaşı tələb olunan və əvvəllər təqdim edilməmiş sənəd və gostəricilər;
sui-istifadəyə məruz qala biləcək məhsullar ilə əlaqədar olaraq cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi baxımından riskli olaraq qalan xidmətlərə nəzarət.
Eyniləşdirmə sənədlərinin və digər əməliyyatlara dair sənədlərin saxlanması
Cəmiyyət müştərilərin, onların adından çıxış edən səlahiyyətli nümayəndələrin, benefisiarların, əməliyyatların eyniləşdirilməsinə və verifikasiyasına, müştərinin və benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə imkan verən daxili, mərkəzləşdirilmiş məlumat arxivini yaradır.
Məlumatların sənədləşdirilməsi və məxfiliyin təmin edilməsi Cəmiyyətin ayrıca qəbul edilmiş qaydası əsasında həyata keçirilir.
Müştərinin, benefisiarın və ya səlahiyyətli nümayəndənin eyniləşdirmə sənədləri, müştəri tərəfindən həyata keçirilmiş pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlər (hesabdan çıxarışlar, əməliyyatların aparılması üçün əsas və s.), həmçinin MMX-yə təqdim edilən məlumatlar 5 il müddətində Cəmiyyətdə saxlanılır.
Yekun müddəalar
Bu Siyasət Müşahidə Şurası tərəfindən təsdiq olunduğu gündən qüvvəyə minir.
Bu Siyasətə yalnız Müşahidə Şurası tərəfindən əlavələr və dəyişikliklər edilə bilər.