“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Ağdam flialı
Prezident İlham Əliyevin 2016-cı ilin 5 may tarixli Sərəncamına əsasən “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə Azərbaycan xalça sənətinin, o cümlədən Qarabağ xalçaçılıq məktəbinin inkişafında yeni mərhələ başlayıb. Təsadüfi deyil ki, “Azərxalça” ASC-nin ilk filialı Qarabağda - Füzuli rayonunun Horadiz şəhərində yaradılıb. Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı ilin noyabrın 12-də istifadəyə verilən filialda Qarabağın tarixi xalça çeşniləri əsasında xovlu xalçalar toxunur.
“Azərxalça” ASC-nin filiallarından biri də xalçaçılığın zəngin ənənələrinin qorunub saxlanmasında və inkişaf etdirilməsində mühüm rol oynayan Ağdam rayonunda yaradılmaqdadır. Filial üçün rayonun Quzanlı qəsəbəsində 125,8 kvadratmetr ərazidə inşa edilən binada tikinti işləri yekunlaşmaq üzrədir. Burada toxuculuq zalı, rəssam, tibb və inzibati otaqlar, yeməkxana, anbar və sair yaradılacaq. İnşaat işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Filialda işləmək üçün Quzanlı qəsəbəsində “Azərxalça” ASC tərəfindən xalça toxucuları üçün tədris-hazırlıq kursları təşkil edilib. Kurslar lazımi avadanlıqlar, dəzgahlar, xam mal, eyni zamanda, xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlar və dərsliklərlə təchiz olunub.
Dostları ilə paylaş: |