Азярбайъан дили, онун тарихи, тяшяккцлц вя ялифбасы



Yüklə 84.06 Kb.
tarix29.05.2018
ölçüsü84.06 Kb.

AZƏRBAYCAN DİLİ, ONUN TARİXİ, TƏŞƏKKÜLÜ VƏ ƏLİFBASI. H. ƏLİYEV VƏ DİL. AZƏRBAYCAN DİLİ DÖVLƏT DİLİ KİMİ.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Respublikamızda 9 milyondan çox, Cənuba Azərbaycanda isə 30 milyona yaxın adam bu dildə danışır. Lakin Yer kürəsinin müxtəlif yerlərində yaşayan azərbaycanlıları da nəzərə alsaq, onların sayı 50 milyona yaxındır. Məsələn, bəzi mənbələrdə Rusiyada – 3 miyon, İraqda – 3 milyon, Türkiyədə – 2,5 milyon, ABŞ-da – 1 milyon, Gürcüstanda – 600 min, Ukraynada – 546 min, Kanadada – 275 min, Qazaxıstanda – 85 min, Özbəkistanda – 45 min, Türkmənistanda – 35 min, Əfqanıstanda – 23 min, Niderlandda – 20 min, Almaniyada – 20 min, Qırğızıstanda – 17 min, Birləşmiş krallıqda – 15 min, Avstraliyada – 8 min, Belarusda – 5 min azərbaycanlının yaşadığı qeyd olunur. Müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, onlar bir-birlərini sərbəst anlayırlar.

Qeyd etdiyimiz kimi, Azərbaycan dili hazırda Azərbaycan Respublikası ilə yanaşı, İran İslam Respublikasında da işlənməkdədir. Folklor əsərləri də aydın göstərir ki, həmin ölkələrdə yaşayan azərbaycanlıların dilləri arasında elə bir fərq yoxdur. Lakin ədəbi dil baxımından çoxlu fərqlər mövcuddur və bu fərqlər çap olunmuş əsərlərin, qəzet və jurnalların, radio və televiziya verlişlərinin dilləri arasında özünü aydın göstərir. Təbii, bunun tarixi, sosial səbəbləri var.

İran və Rusiya arasında gedən müharibələrin nəticəsində bu iki dövlət arasında Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri bağlandı və həmin müqavilələrə əsasən Azərbaycan iki yerə bölündü. Beləliklə, 200 ilə yaxındır ki, eyni bir xalq bir-birindən aralı, tamamilə fərqli bir mühitdə və şəraitdə yaşayır. İstər İran, istərsə də Rusiya iki hissəyə ayrılmış bu xalqın heç bir iqtisadi əlaqəsinə imkan vermədi. Azərbaycan 1991-ci ildən müstəqillik əldə etdikdən sonra müəyyən əlaqələr yaransa da, bu ayrılıq xüsusən dil baxımından davam etməkdədir.

Bu iki yüzillik fərqli mühit bütün sahələrdə olduğu kimi, ədəbi dil sahəsində də davam etməkdədir. Belə ki, dilimizdə rus və fars sözləri hələ də işlənməkdədir. Hazırda Şimal və Cənubi Azərbaycan ədəbi dilləri arasında leksik, fonetik və müəyyən qrammatik fərqlər (xüsusən sintaksis sahəsində) qalmaqda davam edir.

Bu fərqlərin bir sıra səbəbləri var. 1991-ci ilə kimi Rusiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan dilinin orta məktəblərdə tədrisinin əsryarımlıq, universitet və institutlarda tədrisinin isə 76 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, bu sahədə Azərbaycan dilində yüzlərlə, bəlkə daha artıq əsərlər çap edilmişdir. Demək olar ki, elə bir xalq qalmamışdır ki, onların ədəbiyyatının görkəmli nümunələri, Qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlər Azərbaycan dilinə tərcümə edilməmiş olsun. Hazırda bütün fənlərə (riyaziyyat, fizika, kimya, təbabət və s.) aid Azərbaycan dilində dərsliklər yazılmış və ya həmin dərsliklər başqa dillərdən Azərbaycan dilinə tərcümə edilmişdir.

Bir-iki qəzet-jurnal nəzərə alınmazsa, İran Azərbaycanında Azərbaycan ədəbi dili faktiki olaraq işlənmir.

Bu gün dünyada 3500-dən çox dil var. Lakin onların arasında indi işlənməyən ölü dillər də var. Məs: latın dili ölü dil sayılsa da, ondan bir çox terminlərin göstərilməsi üçün istifadə edirik.

Bir kökdən törəyən dillərə qohum dillər deyilir. Qohum dillərin hamısı birlikdə dil ailəsi adlanır. Azərbaycan dili türk dilləri ailəsinə aiddir. Türk dilləri bir neçə qrupa bölünür: oğuz qrupu, qıpçaq qrupu, karluq qrupu və s. Azərbaycan dili türk (əvvəllər bu dil osmanlı, bəzən də Anadolu dili adlanırdı), türkmən, qaqauz dilləri ilə birlikdə oğuz qrupuna, aiddir. Qazax, qırğız, tatar, başqırd, kumık dilləri qıpçaq qrupuna, özbək, uyğur, salu rvə s. dillər isə karluq qrupuna aiddir.

Oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır. Deməli, bu qrupa daxil olan Azərbaycan dilinin də fonetik sistemi, əsas lüğət fondu (leksikası) və qrammatik quruluşu həmin dövrdə formalaşmışdır.

«Kitabi-Dədə Qorqud» dastanının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Bundan başqa, Həsənoğlunun qəzəlləri, «Dastani Əhməd Hərami» və bu qəbildən olan əsərlərin dil xüsusiyyətləri Azərbaycan ədəbi dilinin çox-çox qədimlərdən fəaliyyət göstərdiyini bir daha təsdiq edir. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişaf müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.

Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iri-

liyi ilə fəqlənir. Həmin dövrün Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən bəzi xüsusiyyəti ilə seçilir. Məs: bu dövrdə Azərbaycan dilində ərəb və fars sözləri çox idi. О dövrün dil üslubları, xüsusən aparıcı poetik janr və vasitələr ədəbı dilimizə külli miqdarda alınma sözlərin axıb- gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şer məktəbinin, realizm ədəbi metodunun bir yaradıcılıq metodu kimi yaranması və aparıcı yaradıcılıq metodu kimi formalaşması dilimizin əsas lüğət fonduna keçə bilməyən alınma sözlərin ədəbi dili tərk etməsinə səbəb olmuşdu.

Həmçinin, əski Azərbaycan ədəbi dilinin osmanlı dili ilə müştərək olan bir sıra sözləri (şimdi, şöylə, şu, kəndi və s.) yeni dövrdə artıq işləkliklərini tamamilə itirmişdilər. Bu türk ədəbi dilləri sahəsində ayrılma (differensiyasiya) hadisəsinin tam başa çatmasının nəticəsi idi.

Dövrlər arasındakı fərqlərdən biri də əski Azərbaycan dilində olan söz birləşmələrinin quruluşunun daha çox ərəb və fars dillərinin sintaktik modelində olmasıdır.Məs: fəsli-gül (gül fəsli). Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.

Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.

Birinci dövr(əski dövr) Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:


  1. Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),

  2. Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).

İkinci dövr(yeni dövr) Azərbaycan dili isə üç mərhələni əhatə edir:

  1. Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),

  2. Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),

  3. Müasir mərhələ (XX-XXI əsrin əvvəli).


Yeni dövr.

/

Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və. jurnallar nəşr edilir, о bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. О dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfıdən Azərbaycan dilini və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də ("Sravnitelğnıy slovarğ tureüko-tatarskix əzıkov") var. M.Əfşarın Azərbaycan dilinə aid "Fənni-sərfi-türki" ('Türk dilinin qrammatikası") adlı dəyərli əsəri isə azərbaycancadır.

Azərbaycan dilinin inkişafı da, problemləri də daha çox XX əsrlə bağlıdır. Məhz bu dövrdə Azərbaycan ədəbi dili bənzərsiz bir problemlə qarşılaşır. Əsrin əvvəllərindən başlayaraq, ədəbi dildə üç meyil, üç istiqamət özünü göstərir. Təbiidir ki, bu ən çox bədii əsərlərin dilinə və mətbuata aiddir.

1. Birinci meyil, ədəbi dili bacardıqca xalq dili ilə eyniləşdirmək meyli. Bu özünü "Molla Nəsrəddin" jurnalının və bu jurnalın əməkdaşlarının (C.Məmmədquluzadə, Ə.Haqverdiyev və b.) əsərlərində göstərir. Burada ədəbi dil ilə danışıq dili, dialektlər arasındakı fərq götürülür. Xalq bu dili asan başa düşür.

2. Daha çox osmanlı (indiki türk) və əski Azərbaycan dilinin ənənəsinə söykonən ədəbi dil yaratmaq meyli. Bu "Fyüzat" və "Həyat" kimi bir çox jurnal və qəzetlərin və əksərən bu redaksiyada işləyənlərin (Ə.Hüseynzadə, Səbribəyzadə və b.) əsərlərinin dilində öziinü göstərir. Xalq bu ədəbi dili çətin anlayır. Bu dil о vaxtkı türk ədəbi dilindən, demək olar ki, seçilmirdi.

3. Hamı tərəfındən anlaşılan, ədəbi dil normalarına əsaslanan ədəbi dil yaratmaq meyli. Bu dil heç bir dialekt təsirini qəbul etməyən bir dil idi. Bu dili A.Şaiq, C.Cabbarlı, S.Hüseyn, A.Səhhət kimi şair və yazıçılar yaradırdılar.

ч
Ədəbi dil sahəsindəki bu vəziyyət əsrin əvvəllərindən 1930-cu illərədək davam etdi.

Yeni dövr Azərbaycan ədəbi dilinin üçüncü, yəni müasir mərhələsində dil həyatının mühüm hadisələrindən biri Azərbaycan ədəbi dilinin dövlət dili statusu almasıdır.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bəlli olduğu kimi, dövlət dili sahəsindəki fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fıtri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. О çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə aşağıdan yuxarıya və eyni zamanda yuxarıdan aşağıya güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktik olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. De-fakto dövlət dili uğrunda ardıcıl mübarizə aparan respublika rəhbəri həmin dilin konstitusiyada qeyd olunmamasına dözə bilməzdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi.

1978-ci il aprel ayının 2-də Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifı ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunur: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".

Azərbaycan SSR Dövlət orqanlarında və ictimai orqanlarında və maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir.

1978-ci il Konstitusiyası həqiqətən Hеydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutdu. Bundan sonra ana dilimizin inkişafı və qorunması daha da gücləndirildi. Bir-birinin ardınca fərmanlar imzalandı, qanunlar qəbul edildi.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı.

Tarixi əhəmiyyət kəsb edən fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu fərmanda Azərbaycan prezidenti yanında Dövlət Dil Komissiyasının da yaradılması nəzərdə tutulurdu.

9 avqust 2001-ci ildə Azərbaycan prezidenti “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” yeni bir fərman imzaladı. Həmin fərmanda deyilir: “On ilə yaxın bir müddətdə latın qrafıkalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respııblikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühiim hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqustun biri Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunsun”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvann 12-də imzaladığı "Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı, şübhə yoxdur ki, ölkədə əlifba ilə bağlı problemləri həllində böyük rol oynamışdır.


Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, həmçinin dərin bllik tələb edir.

Dıl və əlifba hər bir xalqın varlığını, mövcudluğunu təsdiq edən faktorlardandır. Əlifba bu və ya digər dilin yazısında işlədilən, həmin dil üçün qəbul edilmiş qaydada düzülmüş qrafık işarələr toplusudur. Ədəbi dilin inkişafında əlifbanın çox əməli əhəmiyyət kəsb etməsi əksəriyyətə yaxşı məlumdur.

Əlifba məsələsi hər bir dövrün mədəni inkişafı və tərəqqisi üçün zəruri sayılmışdır. Bununla belə, tarixdə Azərbaycanın mədəni inkişafına, tərəqqisinə, eləcə də ədəbi dilin inkişafına maneçilik törədən əlifbalar da olmuşdur. Belə əlifbalardan biri ərəb əlifbasıdır. Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq onu əsas tutmuş və bu əlifba vasitəsilə çox sayda dəyərli ədəbi və elmi əsərlər yaratmışlar.

1929-cu il tarixinə kimi azərbaycanlılar tərəfındən istifadə edilmiş bu əlifba dilimizin fonetik təbiətinə yad olduğundan orfoqrafiyamızda müəyyən çətinliklər yaratmışdır. Haqlı olaraq Azərbaycanın tərəqqipərvər ziyalıları dilimizin fonetik xüsusiyyətlərini əks etdirmək iqtidarında olmayan bu əlifbanın yeni əlifba ilə əvəz olunması uğrunda illərlə və müntəzəm mübarizə aparmışlar. Əski əlifbanın dəyişdirilməsi prosesi 1922-ci ildən başlanmış, 1929- cu ildə latın qrafıkalı əlifbауа keçirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bir əsrdə 4 əlifba dəyişikliyinə məruz qalmışdır.

Hələ ötən əsrin 21-ci ilində Azərbaycanda latın qrafikasına keçid üçün müəyyən tədbirlər görülmüşdü. 1924-cü ildə bu iş başa çatdırılır. Lakin imperiya siyasəti yenidən - 1939-cu ildə latını kirillə əvəz etdi. Beləliklə də, xalqımızın mənəvi sərvətlərinə xəyanət əli uzadıldı. Yaradılmış minlərlə mənəvi sərvət xəzinəsi istifadəsiz qaldı. Bu, həm də xalqımızın psixologiyasına, mənəviyyatına vurulan böyük zərbə idi. Dilimiz və əlifbamıza qarşı vaxtilə edilmiş haqsızlıq, təzyiq və təhriflərin nəticələri bu gün aradan qaldırılır.

Yeni əlifba müstəqil Azərbaycan dövlətinin mühüm atributlarından biridir. Latin əlifbasına keçid xalqımızın keçmişini bir daha özünə qaytardı. Milli özünüdərki formalaşdırdı.Milli şüurumuzun parametrlərinigenişləndirdi.
Dilimizin türk dilləri arasında yer və mövqeyini, onun qədim bir tarixə malik olmasını bir daha sübut etdi.

Əlifba və orfoqrafıya bir-birindən ayrılmazdır. Orfoqrafıya dil normalarının sabitliyini təmin edən qaydalar sistemidir. Orfoqrafıya dil vahidlərinin yazılışını tənzimləyir, yazılı nitq normalarını qanuniləşdirir. Əlifba kimi orfoqrafıya da sosial problemlərdəndir. Hər bir ölkənin, о cümlədən müstəqilliyini qazanmış Azərbaycanın iqtisadi-mədəni yüksəlişində təkmilləşmiş orfoqrafıyanın və yeniləşdirilmiş milli əlifbanın rolu inkaredilməzdir. Orfoqrafıyaların tarixi əlifbaların tarixi ilə six şəkildə bağlıdır. Müxtəlif xalqların tarixində yad əlifbalardan istifadə istər-istəməz onların orfoqrafıyasına da bu və ya digər dərəcədə mənfı təsir göstərmiş, müəyyən təbəddülatlar baş vermişdir. Əlifbaların tətbiqi zamanı müxtəlif prinsiplər, qanunauyğunluqlar hər dövrün özünəməxsus orfoqrafıyasında aparıcı sayılmışdır. Məsələn, türk xalqlarının tarixində bir zamanlar ərəb əlifbasından istifadə müəyyən orfoqrafik çətinliklər yaratmışdır. Bu əlifbadan istifadə güclü psixoloji manelər törətmiş, ondan istifadə edənlərin əsəb sistemini demək olar ki, pozmuşdur. Məlumdur ki, hər hansı bir nöqtə işarəsi əlifbanın qüsuru hesab olunur. Ərəb əlifbasındakı saysız-hesabsız nöqtələr də onu oxuyana psixi təsir göstərmiş, müəyyən uyğunsuzluqlar yaratmışdır. Xeyli sayda faktlar vardır ki, nöqtələrin yerini dəyişik salmaqla və qarışdırmaqla bağışlanmaz anlaşıqlıqlar meydana gəlmişdir.Ərəb əlifbasında və orfoqrafiyamızda bu çətinliyə qarşı tərəqqipərvər ziyalılarımız, məsələn, M.F.Axundov ciddi mübarizə aparmışdır. O, Azərbaycan yazısındakı uyğunsuzluğu aradan qaldırmaq üçün hələ keçən əsrin ortalarında ərəb əlifbasını dəyişmək ideyasını irəli sürmüşdiir. M.F.Axundov digər təklifiər də irəli sürmüşdür ki, bunların arasında dilimizin orfoqrafıyasını sadələşdirmək, onu canlı xalq dilinə yaxınlaşdırmaq və ərəb-fars sözlərini dilimizdə deyildiyi formada yazmaq və s.

1929-cu ildən başlayaraq Ümumittifaq MK-nın rəhbərliyi altında digər türk xalqları da yeni əlifbaya - latına keçirlər. Həmin ildə qazax, tatar, özbək dillərində standart orfoqrafıyalar yaradılır və istifadəyə buraxılır. 30-cu illərdən türkmən, başqırd, qaraqalpaq dillərinin əlitbası və orfoqrafıyası formalaşır. Beləliklə, türk ədəbi dillərinin orfoqrafıya bazaları yaradılır.

I Ümumittifaq MK-nin I Beynəlxalq plenumunda Elmi Şurada milli ədəbi dillərin orfoqrafıyasının yeni əlifbalar əsasında sabitləşdirilməsi məsələsi qoyulur.

1925-ci il tarixdən etibarən Azərbaycanda S.Ağamalıoğlunun təşəbbüsü ilə latın qrafıkalı əlifbaya keçidin tərəfdarları müxtəlif tədbirlər keçirir, yeni əlifbanı kütlələrə tanıtmaqla məşğul olur, yeni əlifbaya tam şəkildə keçmək üçün maddi-mənəvi stimul yaratmaq uğrunda əzmlə mübarizə aparırdılar. Görülən mühüm işləri N.Nərimanov о zaman yüksək qiymətləndirirdi: "Mən artıq əminəm ki, yeni əlifba sözsüz həyata keçəcəkdir. Ərəb əlifbasından latına ilk keçid prosesini о vaxt yüksək dəyərləndirənlər onu "Şərqdə mədəni inqilab" adlandırırdılar. Türkiyə naziri Səbri bəy Moskvada olarkən demişdir ki, latın əlifbasının Şuralar İttifaqında yaşayan türk-tatar xalqları arasında həyata keçməsi başqa türk xalqları üçün də nümunə ola bilər ("Yeni yol" qəzeti, 7 yanvar 1926-cı il).

Əsrin 20-ci illərində latın əlifbasının qəbulu sahəsində sonuncu dönüş ili I Türkoloji Qurultayın çağrıldığı (1926-cı il 6 fevral) ərəfəyə təsadüf edir. Bu qurultayda latın əlifbasının sözügedən dövrün mədəni inkişafındakı rolu, azərbaycanlıların həyatındakı əhəmiyyəti və s. üzərində geniş dayanılmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Türkiyədə ərəb əlifbası əvəzinə latın əlifbasının qəbul edilməsinə Azərbaycanda yeni əlifba ideyasının qələbəsi də xeyli təsir göstərmişdir. Kamal inqilabından sonra əlifba islahatı uğrunda mübarizə yenidən başlandı və mübarizə kəskin siyasi xarakter aldı. Ciddi mübarizə nəticəsində latın əlifbası tərəfdarları qalib gəldilər. Buna Azərbaycanda və keçmiş ittifaqın digər respublikalarında latın qrafıkalı əlifbanın qəbulu yardım etdi.

Tarixi proses müstəqillik yolunda mətanətlə çarpışan türkdilli respublikalarda kiril əlifbasının latın qrafıkalı əlifba ilə əvəz olunması şəraitini zəruriləşdirdi. 1939-cu ildən 1991-ci ilədək kiril əlifbasından istifadə edən Azərbaycan xalqı 1991-ci ilin dekabrında Ali Sovetin Milli Şurasının qərarı ilə yeni latın qrafıkalı əlifbaya keçidi təsdiq etdi.

1991-ci ildən 2001-ci ilədək olan dövrü Azərbaycanda latın qrafıkalı əlifbadan istifadənin pərakəndə dövrü adlandırmaq olar. Çünki bu dövr ərzində respublikada latın qrafikalı Azərbaycan əlifbasından tam və məcburi şəkildə istifadə olunmamış, həm kiril, həm də yeni əlifba tədbiq olunmuşdur.

Görünür, bu müddət (10 il) latın qrafıkalı əlifbaya keçid üçün həm də hazırlıq mərhələsi olub. Bu mərhələdə orta məktəblərin, liseylərin və digər ümumtəhsil məktəblərinin işini müsbət qiymətləndirmək olar. Məktəblilər və pedaqoji kollektiv çox böyük həvəslə latın qrafıkalı Azərbaycan əlifbasını öyrənmiş, məktəb pedaqoji sahədə sənədləşmə işləri həmin əlifba ilə aparılmışdır. Təlim-tərbiyə işçiləri 10 il müddətində latın qrafıkalı əlifbadan istifadə etməklə pedaqoji mühiti sağlamlaşdırmışlar. Azərbaycanın universitet, institut və orta ixtisas kolleclərində isə vəziyyət başqa cür olmuşdur. Kim necə istəyir, о cür də hərəkət etmiş, kiril və latın qrafikalı əlifbadan birgə istifadə edilmişdir.

Nazirliklərdə, təşkilat və idarələrdə latın qrafıkalı əlifbaya, əslində maraq göstərilməmiş, rəsmi sənədləşmə işləri kirillə və çox hallarda isə rus dilində aparılmışdır. Çünki həmin sahələrdə çalışanların demək olar ki, əksəriyyəti rusdilli mütəxəssislər olmuş, onlar ana dilindən istifadə edə bilməmiş və heç marağında da olmamışlar. Aparılmış statistik yoxlamalar bizi bu qənaətə gətirib çıxarmışdır.

Dil və əlifba bir-birilə bağlı məsələlərdir. Təsadüfı deyildir ki, ölkə başçısı latın qrafikalı əlifbaya keçidlə əlaqədar, həm də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli fərman da imzalamışdır. Bu fərman, hər şeydən öncə, dövrün ən zəruri hadisəsi kimi qiymətləndirilir.Bu fərmandan irəli gələn vəzifələr müvafıq orqanlar tərəfındən yerinə yetirilir, dövlət dili müxtəlif təşkilat, idarə və nazirliklərdə tətbiq olunmağa başlanır. H.Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamaqla Azərbaycan müstəqilliyini əbədiləşdirmək üçün sonuncu əməliyyatı həyata keçirdi. Məlum fərman respublikamızda az qala 2 yüz il hegemonluq etmiş rus imperiyasının, 62 il dilimizə, ədəbiyyatımıza "nüfuz eləmiş"'kiril qrafıkalı əlifbanın son zəncirlərini qırdı.

Beləliklə, müstəqilliyimizin 10 illiyi ərəfəsində yaşayan məmləkətin dövlət dili, əlifbası öz statusunu de-fakto bərра etdi. Latin qrafıkalı əlifbaya keçməklə imperiyanın son bağlantısından da yaxa qurtardıq. Ona görə də Prezident tərəfindən verilən fərman mühüm tarixi əhəmiyyət daşıyan zəruri sənətdir. Ölkə prezidenti H.Əliyev jurnalistlərlə görıişündə demişdir ki, avqust ayının 1-dən Azərbaycan öz doğma, latın qrafıkasına keçibdir. Bu, böyük bayramdır. Güman edirəm ki, bundan sonra Azərbaycan müstəqil dövlət olaraq bir daha öz əlifbasını dəyişdirməyəcək. Fərman ölkə ictimaiyyəti tərəfındən yekdilliklə qəbul olundu. Şəhərin müxtəlif yerlərində, yol kənarlarında əcnəbi dillərdə asılmış plakatlar, reklamlar az müddət ərzində dəyişdirildi və doğma ana dilində yazıldı, mətbuat orqanlarının böyük əksəriyyəti həmin əlifba ilə çap edilməyə başlandı.

Azərbaycanda belə bir atalar deyimi var: Özünü sevən dilini sevər. Hər bir azərbaycanlı öz dilinin, əlifbasının saflığını göz-bəbəyi kimi qorumalıdır.











Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə