DANIŞIQ SÜRƏTİ (talking speed) – Danışıq prosesində bir saniyədə tələffüz edilən hecaların sayının göstəricisi. Müxtəlif dillər, eyni dilin dialektləri, həmçinin bir dil və ya dialekt öz tarixi inkişaf mərhələlərində müxtəlif D.s. ilə xarakterizə olunur. Gərgin və ucadan danışıqda azalan D.s. danışanın fərdi keyfiyyət və əhvali-ruhiyyəsindən asılı olur. D.s., həm də ifadənin bu və ya digər parçasının məna əhəmiyyətindən asılı olaraq dəyişir. D.s. tələffüz üslubunun əsas əlamətlərindəndir.
DANIŞIQ ŞOUSU (talk show) – Radio, yaxud TV-də "günün qəhrəmanları" – siyasət, elm, mədəniyyət, estrada, idman aləminin məşhur nümayəndələri ilə sərbəst dialoq formasında qurulan söhbət. Bu forma İSM-də videokonfranslara yaxınlaşaraq tədricən əsl mahiyyətini dəyişir. Bax: T o k – ş o u.
DANIŞIQ TAKTI (talking bar/syntagm) – İki müxtəlif nitq vahidini bildirmək üçün işlədilən termin. Vurğulu heca ətrafında birləşən heca qrupu; məna və qrammatik baxımdan bağlı bir, yaxud bir neçə sözdən ibarət olan və pauza ilə ayrılan nitq parçası (sintaqm).