DEKOR (decor/scenery) – Bəzək, bədii tərtibat; dekorativ elementlərin bəzək vəhdəti.
DEKORASİYA (decoration/scenery) – 1) Hadisələrin cərəyan etdiyi yerin və şəraitin teatr səhnəsində (TV tamaşasında) rəssamlıq, yaxud memarlıq cəhətdən təsviri; 2) Səhnə tərtibatı, studiyanın, konkret bir verilişin bədii tərtibatı.
DEKORATİV SƏNƏT (decorative art) – Ən geniş yayılmış plastik sənət sahəsi. Memarlıq və dizayn kimi D.s. də insanların yaratdığı maddi mühitin bədii cəhətdən formalaşmasına xidmət edir, ona estetik və ideya-bədii keyfiyyətlər aşılayır. Monumental D.s. (fasad və interyerləri bəzəyən memarlıq dekorları, divar naxışları, relyef, vitraj, mozaika və eləcə də park heykəltəraşlığının yaradılması), dekorativ-tətbiqi sənət və tərtibatçılıq sənəti (bayram şənliklərinin, muzey və sərgi ekspozisiyalarının, vitrin və s. bədii tərtibatı) sahələrinə bölünür. Meydan, küçə, park kompozisiyasının, həmçinin interyer, kostyum və s. elementi kimi yaradılan D.s. əsəri TV çəkilişlərində də göstərilən təsvirin ahəngdarlığında mühüm rol oynayır.