AİLƏ SAATI (family viewing time) – TV verilişlərinə kütləvi (ailəvi) baxış vaxtı. 1975-ci ildən ABŞ-ın yayım təşkilatları ilə razılaşdırılmış müddət – axşam saat 19.00-dan 21.00-ə qədər olan vaxt. Həmin müddətdə göstərilən proqramlar məhz bütün yaş qrupları üçün nəzərdə tutulur.
AJİOTAJ (agiotage) – Hər hansı bir hadisə, yaxud sual ətrafında yaranmış həyəcan, qarışıqlıq, hay-küy, maraqlar mübarizəsi.
AKADEMİZM (academism) – Fəaliyyətdə yalnız nəzəriyyəyə söykənmək, təcrübədən uzaqlaşmaq, müasir tələbləri nəzərə almamaq; quru, sxematik üslubda veriliş hazırlamaq.
AKKOMPANEMENT (accompaniment) – Əsas səsi (melodiyanı) tamamlayan uyumlu musiqi; müğənnini müşayiət edən musiqi; səs və ya çalğı aləti üçün yazılmış əsərin melodiyası fonunda həmahəng çalınan musiqi.
AKKORD (chord) – Müxtəlif yüksəkliyi olan azı üç səsin eyni anda səslənərək vahid səs kimi eşidilməsi.