ESTETİK HİSS (aesthetical feeling (emotion)) – Bizi əhatə edən gerçəkliyin estetik özünəməxsusluğunun: ictimai münasibətlərdə, insanların davranışında, incəsənətdə gözəlliyin, ülviliyin qavranılması sayəsində insanda əmələ gələn spesifik həyəcan. Belə gözəllik obyekti hər şey – təbiət və onda baş verən müxtəlif hadisələr, ictimai həyat, insan, onun rəftarı, həmçinin varlığı düzgün və yüksək bədii səviyyədə əks etdirən incəsənət (kino, teatr və s.) və ədəbiyyat əsərləri ola bilər. E.h. ictimai xarakter daşıyır. Estetik tələb və normalar tarixən şərtlənir, müxtəlif olur. Bu, bir tərəfdən həmin hissləri keçirən adamların dünyagörüşü, ümumi inkişaf səviyyəsi, zövqləri, aldıqları tərbiyə, fərdi fərqlərə malik olmaları, digər tərəfdən isə həmin hissləri doğuran obyektlərin hədsiz çoxcəhətliliyi və müxtəlifliyi ilə izah olunur.