FİKSƏLƏŞDİRMƏ (fixation/fixing) – Aşkarlama başa çatdıqdan sonra prosesdən keçməyən gümüş halogenidinin həll edilməsindən ibarət olan emal prosesi. F. fiksajda emalla yerinə yetirilir.
FİKSİYA (fiction) – 1) Uydurma, təxəyyül; 2) Gerçəkliyin təhrif olunması, onun müəyyən məqsədlə hansısa şərti formaya salınması.
FİLM (film) – Ayrıca kino əsəri. Peşəkar kinematoqrafiyada F.-lərin bədii, multiplikasiya, xronikal-sənədli, elmi-kütləvi, tədris və s. növləri mövcuddur. Janrına və bədii yönümünə görə F.-lər səssiz, səsli, ağ-qara, rəngli, genişekranlı, genişformatlı, panoramlı, stereoskopik; göstərilmə davamiyyətinə görə isə tammetrajlı və qısametrajlı kimi növlərə ayrılır. F.-lərin istehsalı kinostudiyalarda cəmləşdirilir.