GENİŞFORMATLI KİNOFİLM (wide screen film) – 70 mm-lik kinolentə çəkilmiş film. Hazırda bu növ lentə nadir hallarda film çəkilir.
GENİŞ YAYIM (broadcasting) – TV yaranana qədər bu sözlə radioyayımı, radioproqramların translyasiyasını nəzərdə tuturdular. TV-nin və digər ən yeni elektron rabitə vasitələrinin inkişafı G.y. termininin semantik tutumunu genişləndirdi. "Brodkastinq" termininə həm səsli, həm də vizual radio, yəni TV də aid edilməyə başladı. ABŞ KİV-lərinin dilinə aid lüğətdə (1992) "brodkastinq" anlayışı "elektromaqnit enerjisi vasitəsilə geniş əhali kütləsinə informasiya verilməsi prosesi" kimi izah edilir. Semiotik cərəyan nöqteyi-nəzərindən genişyayımlı kodlar sıxyayımlı kodlardan sadəliyi, informasiyanın işarə həcminin məhdudluğu, anonimliyi və neytrallığı, kütləvi psixologiyaya yönəldilməsi ilə fərqlənir.