GÜNLÜKLƏR (caps) – Kino çəkilişləri zamanı gərəksiz işıqdan qaçmaq, yaxud çəkiliş obyektini birbaşa günəş şüasından qorumaq üçün istifadə edilən işıqkeçirməyən tənəkələr – metal lövhələr. Müxtəlif ölçülü belə tənəkələrin xüsusi tutacağı da olur. G.-i çəkiliş meydançasının bir hissəsinə kölgə salmaq üçün döşəmə dayaqlarına və başqa avadanlığa bərkidəndə bu tutqaclar köməyə çatır.
GÜZGÜLƏNMƏ, YAXUD İNİKAS (mirror effect) – Şüa axınının hamar, cilalanmış səthdən inikası. Düzgün inikas qanunlarına tabe olan güzgülü səth müstəvisindən inikas edən şüa axınları öz formasını saxlayır (cəmləşən, dağılan), yaxud paralel şəkildə qalır. Diffuz əksdən fərqli olaraq sırf güzgü inikasının xüsusiyyəti ondadır ki, bu zaman biz güzgünün səthini deyil, şüaları güzgüdən inikas edən işıqlanan cismi görürük. Buna görə də güzgülü səthin parlaqlığı güzgünün işıqlanmasından deyil, işıqlandıran mənbənin parlaqlığından asılı olur.
H
HAKER (hacker) – Kompüterdə dağıdıcı proqramlar hazırlayaraq informasiya sistemlərini və ya şəbəkələri sıradan çıxarmaq məqsədi güdən fərd.