HARMONİK SİQNAL (harmonic signal) – Dəyişməyən, maksimum amplitud və tezliyə malik arasıkəsilməz sinusoidal dalğa prosesi.
HARMONİYA (harmony) – Kino, TV və radionun ifadə vasitələrinin uyumu, uyarlığı, ahəngdarlığı. Təzahür və proseslərin daxili və zahiri nizamı, uyğunluğu, bütövlüyü. Predmet və hadisələrin ayrı-ayrı tərəflərinin mütənasibliyi, ahəngdarlığı; müxtəlifliyin daxili spesifik vəhdəti. İncəsənətdə – harmoniya bədii əsərin bütün komponentlərinin qarşılıqlı üzvi əlaqəsidir. E s t e t i k a d a – gözəlliyin ən mühüm əlamətlərindən biri olub, estetik obyektlərin məzmun və formasının uyğunluğu və bütövlüyünü xarakterizə edir. T e l e v i z i y a və r a d i o s ə n ə t i n d ə – bədii formanın təşkili prinsipi kimi sənətkarın estetik idealından, onun həyat həqiqətinə sədaqətindən asılıdır. M u s i q i d ə – əsas ifadə vasitələrindən biri olub, musiqi tonlarının qanunauyğun şəkildə həmahəng birləşməsinə və bu ardıcıllıqdakı qarşılıqlı əlaqəyə əsaslanır. H.-ya təkcə bir tonallıq daxilində həmahəngliklərin qarşılıqlı əlaqəsi deyil, tonallıqların qarşılıqlı nisbəti də daxildir. H. çoxsəsli musiqidə (homofoniya, polifoniya) səslərin hərəkət prosesi zamanı yaranır.