AKUSTİK SÜZGƏC (acoustic filter) – Mürəkkəb səsdən tezliyi müəyyən intervalda olan səs rəqslərini ayıran qurğu. A.s. buraxdığı səs tezliklərinə görə aşağı tezlikli, yuxarı tezlikli və zolaqlı olur.
AQRAMATİZM (agrammatism) – Danışıqda qrammatik qayda-qanunların olmamasını əks etdirən nitq pozğunluğu. A., adətən, psixi pozğunluğu olan şəxslərdə müşahidə edilir. Bu zaman xəstə ayrı-ayrı sözləri bəzən düzgün tələffüz edə bilirsə də, onları cümlədə düzgün birləşdirməyi bacarmır.
ALALİYA (alalia)– Dil, dodaq kimi danışıq üzvlərinin nöqsanlı olması, yaxud sinir yollarının pozulması nəticəsində səslərin düzgün tələffüz edilməməsi.
ALBEDO (albedo) – Cismin səthindən bütün istiqamətlərə inikas edən işıq axını həcminin həmin cismə düşən işıq axınının həcminə nisbəti.