İNVERSİYA (inversion) –Hər hansı sözün məna və məzmun yükünü daha qabarıq çatdırmaq məqsədi ilə cümlədə sözlərin yerdəyişməsi. Adətən, İ.-dan psixoloji və üslubi effekt üçün istifadə olunur.
İPƏK ƏLƏK(LƏR) (silky mesh(es)) – Yalnız naturada çəkiliş zamanı işığın gücünü və rəng temperaturunu tənzim etmək üçün istifadə edilən qurğu. İ.ə. çəkiliş səhnəsinin üstündə talvar, yaxud çadır kimi qurulur və yuxarıdan düşən işığın qabağını kəsir. İ.ə.-i çəkiliş meydançasına gətirmək, quraşdırmaq və yerinə salmaq çox mürəkkəb olduğundan onlardan yalnız ən bahalı çəkilişlərdə istifadə edirlər.
İRADƏ (will) – İnsanın şüurlu olaraq müəyyən məqsədə çatmağa yönəldilmiş fəaliyyətində qarşıya çıxan çətinlik və maneələrə üstün gəlmək bacarığı. İ. insanın öz fəaliyyətini şüurlu tənzim etməsində, özünü idarə etmək bacarığında ifadə olunur. İ. insanın bütün psixi xüsusiyyətləri ilə sıx və qarşılıqlı vəhdətdədir.