İŞIQ SÜZGƏCLƏRİ (light filters) – Əsasən studiyadankənar çəkilişlərdə işığın keyfiyyətini tənzimləmək və müəyyən estetik effekt almaq üçün istifadə olunan süzgəclər. «Jelatinli» (jelatin – həmin İ.s.-nin nə vaxtsa hazırlandığı materialın adıdır, nazik və şəffaf lövhəcik formasında olan yapışqan maddədir) İ.s daha çox yayılıb. Müasir İ.s.-ni plastik və ya poliesterdən hazırlayırlar. İşığın rəng temperaturunu dəyişdirmək üçün onlar pəncərəyə və ya işıq cihazlarına qoyulur.
İŞIQ TEXNİKASI (lighting arrangement) – Optik şüalanmanın (işığın) generasiyası, fəzada müəyyən tərzdə yayılması, xarakteristikalarının ölçülməsi və işıq enerjisinin başqa növ enerjiyə çevrilməsi prinsiplərini tədqiq edən və praktik üsulları işləyib hazırlayan elm və texnika sahəsi. İ.t. işıq mənbələri (İM) üçün işıqlandırıcı, şüalandırıcı və işıq-siqnal cihazları vasitələrinin, İM-ni idarəetmə sistemlərinin konstruksiya və texnologiyasını, İ.t. qurğularının normalaşma, layihələnmə, quraşdırılma və istismar məsələlərini də əhatə edir.