KƏNAR RADİOƏNGƏLLƏR (radio frequency interference) – Çəkiliş vaxtı, yaxud canlı efir zamanı elektromaqnit şüa qaynaqlarının doğurduğu əngəllər. K.r., ilk növbədə, studiyadankənar səsyazma üçün böyük çətinliklər törədir. Qeyri-simmetrik xətlər K.r.-ə meyllidir və bu əngəlləri yekun fonoqramdan silib götürmək son dərəcə çətindir. Simmetrik xətlər K.r.-i təcrid edir, ancaq bir şərtlə ki, gərək hər şey düzgün birləşdirilsin.
KƏNAR ŞÜALAR (side beams) – Obyektivin kənar zonalarından keçən və həmin obyektivin oxunun yanından ötən paraksial şüalardan fərqlənən şüalar. Sadə toplayıcı linzalarda K.ş. paraksial şüalara nisbətən daha çox yayınır ki, bu da sferik aberrasiyaya gətirib çıxarır.