KİNOKLUB (cinema club) – Kinotamaşaçıların və kino sənəti həvəskarlarının kütləvi təşkilatı. K. üzvlük haqqı hesabına maliyyələşdirilir. «7-ci incəsənət dostları» adlı ilk K. 1920-ci ildə Fransada kinotənqidçi R.Kanudonun təşəbbüsü ilə yaradılmışdır.
KİNOKONSERT (film concert) – Ayrı-ayrı konsert (musiqi) nömrələrindən ibarət film. Musiqili filmin bu janrı öz bədii özfəaliyyət kollektivləri olan klubların, mədəniyyət sarayları və evlərinin kino həvəskarları kollektivləri üçün məqbuldur.
KİNOKÖÇÜRMƏ APARATI (recorder) – Təsviri və fonoqramı kinolentə köçürən aparat. Çap üsuluna görə kontaktlı və optik növləri var (birincidə kinoplyonkalar bir-birinə kip sıxılır, ikincidə isə aralı qoyularaq obyektivlə proyeksiyalanır). K.a.-nda kinolent fasiləsiz və fasiləli (kəsik-kəsik) hərəkət edə bilər.
KİNOQEYDİYYAT (frame by frame shot) – Hər hansı prosesin intervallarla kadr-kadr çəkilişi, yaxud cihazlar qrupu dərəcələri ilə birgə çəkiliş.