KOMİZM (the comic) – Gülünc vəziyyət, məzəlilik, gülüş doğuran situasiya.
KOMMENTARİ (commentary) – 1) Xüsusi maraq cəlb edən hadisəyə, mətnə, mövzuya, şərhə izahedici qeyd, mühakimə, açıqlama; 2) Kommentarilər – bir şey haqqında izahedici və tənqidi qeydlər, mühakimələr.
KOMMENTATOR (commentator) – TV və radioda hər hansı konkret mövzu ilə (siyasət, iqtisadiyyat, idman və s.) bağlı müntəzəm şərhlər verən jurnalist, mütəxəssis; şərhçi.
KOMMERSİYA İNFORMASİYASI, «KOMMERŞL» (commercial) – Sifarişçinin pulunu ödədiyi və radioda, yaxud TV-də mahnı-musiqi elementləri mətnləri ilə hazırlanmış parlaq anonslar formasında translyasiya olunan reklam. Bunlar auditoriyanın diqqətini məhsullara, formalara, xidmət sahələrinə yönəldir.
KOMMERSİYA İNTERVALI – SLOT (commercial slot) – Radio və teleyayımlarda reklam əlavələri üçün ayrılan vaxt. "Slot"sözü texnikada çat, oyuq, kəsik, proqramlaşdırmada – vaxt intervalı, yaddaş, mövqe sahəsi deməkdir. Yayım proqramlarında bütün bu mümkün mənalar slot anlayışında reklam verilişləri üçün ehtiyatda saxlanan efir mövqeyi kimi birləşir. Buna görə də ən yeni ingiliscə-rusca lüğətlərdə "slot" sözü həm də verilişlərin proqramında müəyyən yer, yaxud vəziyyət kimi də tərcümə olunur.