QEYRİ-EFİR YAYIMI (off-the-air broadcasting) – Efirə çıxışı olmayan kabel yayımı. Müvafiq termin qeyri-efir, KTV-ni bildirmək üçün işlədilir.
QEYRİ-XƏTTİ MONTAJ (hard disk editing/ non-linear editing) – Məqsəddən asılı olaraq təsvirlərin qeyri-ardıcıl, sərbəst şəkildə seçilməsinə və düzülməsinə imkan verən montaj üsulu; montajın xüsusi proqram qoyulmuş kompüterdə aparılması. Bir qayda olaraq, rəqəmli təsvirlərin montajı (kompüterdə) zamanı tətbiq olunan bu üsul hazır materialdan istənilən təsviri çıxarmağa, yaxud hansısa zəruri kadrı asanlıqla əlavə etməyə imkan verir. Bu zaman montaj materialının ümumi strukturunu dəyişməyə, lenti köçürməyə, yaxud əlavə montaj əməliyyatı aparmağa ehtiyac qalmır. Q.x.m.-ı çox vaxt kompüter montajı da adlandırırlar.