LAZER TV (Laser TV) – Ekranında təsvirlərin lazer şüası vasitəsilə əks edildiyi TV sistemi. Rəngli TV-də üç lazer şüası olur. Lazer şüasının işə salınması üçün hərlənən güzgü sistemlərindən istifadə edilir.
LAZER YAZISI (lazer beam recorder)– Rəqəmli texnologiyanın əsasında siqnalların lazer şüası ilə kompakt-disklərə (KD) və videodisklərə yazılması sistemi. Səs siqnallarının kompakt-disklərə yazılışı yarımkeçirici lazer şüası rəqəmli formaya çevrildikdən sonra həyata keçirilir. Lazerin az güclü fokuslaşdırılmış şüası bir mikrosaniyə ərzində asan əriyən materialı buxarlandıraraq diskin səthində 1 mkm-dək dərinlikdə bir-birinin ardınca gələn dərinliklərdən ibarət mikrominiatür yazı cığırları formalaşdırır. Yazılan siqnallar olmadıqda diskin səthi dəyişməz qalır. Siqnallar diskin yalnız bir tərəfinə yazılır.