LENTDƏN-LENTƏ KÖÇÜRMƏ (reel to reel recording) – Surət çıxarmaq, montaj etmək, nəyi isə köçürmək və axtarmaq məqsədi ilə həyata keçirilən texniki proses.
LENTİN AVTOMATİK TƏKRAR GÖSTƏRİLMƏSİ (auto repeat-playback) – Bütün lentin, yaxud onun müəyyən fraqmentinin avtomatik olaraq təkrar göstərilməsi sistemi.
LENTİN AVTOMATİK YIĞILMASI (auto rewind) – Kasetdəki lentin avtomatik olaraq əksinə – geriyə yığılması mexanizmi. Videoaparatların əksəriyyətində L.a.y. mexanizmi mövcuddur.
LENTİN QABARMASI (tape swelling) – Kinoproyeksiya zamanı həddindən artıq qızma nəticəsində kinolentin burulması. L.q. nəticəsində onun emulsiya təbəqəsilə obyektiv arasındakı məsafə vaxtaşırı dəyişir. Bu da ekranda təsvirin fokusunun itməsinə, necə deyərlər, onun «boğulmasına» gətirib çıxarır.