MODERATOR (moderator) – Hər hansı problemə (mövzuya) münasibətdə bir-birinə zidd mövqe tutan adamların toplaşdığı «dəyirmi masa» tipli verilişlərin aparıcılarına bəzi Qərb ölkələrində verilən ad. M.-un əsas vəzifəsi tərəflər arasında yaranan mübahisəni səmərəli məcraya yönəltmək, vaxt balansını ədalətlə müəyyənləşdirmək, çıxış edənlərin «mövzudan uzaqlaşmasına» imkan verməməkdir. M. mübahisə və diskussiyaların iştirakçısı deyil, yalnız istiqamətləndiricisidir.
MODULYASİYA (modulation) – Rəqəm siqnalının analoq formasına çevrilməsi prosesi. Bu prosesin əksi isə d e m o d u l y a s i y a adlanır. Bir tonallıqdan digərinə, eləcə də məqamına görə fərqlənən eyniadlı tonallığa (məs., do majordan do minora) keçid. M. melodiya və harmoniyanı yeni çalarlarla zənginləşdirir, akkordların funksional əlaqəsini genişləndirir, musiqinin gərgin, dinamik inkişafına səbəb olur.
MONİTOR (monitor) – Təsvirin keyfiyyətinə, kadrın quruluşuna və s. vizual nəzarət etmək üçün studiyada qoyulan videonəzarətqurğusu, TV aparatı. Videoyazı, yaxud efirə canlı gedən verilişin təsvir keyfiyyəti M.-da izlənilir. Bəzən studiyadankənar çəkilişlərdə də M.-dan istifadə edilir. Kompüter sistemində isə M. (displey) mətn və qrafiki informasiyanın ekrana çıxarılması üçündür. Burada M. videoadapter adlanan xüsusi aparat qurğusunun idarəsi altında işləyir.