MONTAJIN NÖVLƏRİ (edit types) – Verilişi efirə hazırlayarkən seçilən montaj üsullarının ən ümumi təsnifatı. Adətən, montajı iki növə ayırırlar: ardıcıl və çevik montaj. Çevik (dinamik) montaj çarpaz, paralel, assosiativ montaj biçimlərini də əhatə edir. Ardıcıl (və ya mexaniki) montajdan, bir qayda olaraq, xəbər və xəbər poetikasına söykənən informativ-publisistika proqramlarında istifadə edirlər.
MONTAJIN ÖNCƏDƏN DÜŞÜNÜLMƏSİ (editing decision) – Rejissor ssenarisində və çəkiliş obyektində işə başlarkən təsvirlərin gələcəkdə necə montaj olunacağının nəzərə alınması. Bu halda uzlaşdırılması heç cür mümkün olmayan fraqmentlərin çəkilməsinə yol verilmir. Xüsusən çəkiliş nöqtəsini dəyişərək hərəkəti təkrar lentə alanda montajı mümkün olmayan hallar baş verir.