MUMLAMA (mummification) – İstismar prosesində filmi lentdə əmələ gələn sürtülmələrdən qorumaq üçün kinolentin emulsiyalı təbəqəsinin parafinlə örtülməsi.
MUSİQİ (music) – AV sənət sahələrinin ifadə vasitələrindən biri; gerçəkliyi bədii səs obrazları vasitəsilə təsvir edən və insan psixikasına aktiv təsir göstərən incəsənət növü; hər hansı verilişin, filmin AV strukturunun mühüm akustik elementi. İnsanların emosional vəziyyətinin konkret və inandırıcı ifadəsinə nail olan bu sənət TV-də, kinoda və radioda mühüm rol oynayır. M.-nin söz, hərəkət və s. ilə sintez təşkil etməsi onun imkanlarının genişlənməsinə səbəb olur. M. TV proqramının nisbətən süni – sonradan tapılan qurama elementlərindəndir. Lakin M.-nin ekranda təbii görünməsinin əsas səbəbi odur ki, kino və TV bizi videosırasının musiqili müşayiətinə alışdırıb. M.-dən istifadə teleseyrçilərin lap çoxdan alışdığı şərtilikdir. M. ovqat yaratmaq və ya müəyyən ovqatı vurğulamaq üçün istifadə edilir. M. vasitəsilə hadisənin yer və zamanını bildirən vacib məlumatı da çatdırmaq mümkündür. Məsələn, M. ilə müşayiət olunmayan səhra, yaxud fəza görüntüsü adi, yüksüz bir təsvirdir. Ancaq uyğun M. fonu verməklə həmin görüntünü konkret məkana, yaxud elmi-fantastik biçimli kosmik mənzərəyə çevirmək olar. Tematik baxımdan da teleproqramlarda tez-tez istifadə edilən M. verilişlərin başlıqlarında və keçidlərdə də işlədilir. Kinoda isə M. tətbiqi səciyyə daşıyır.