PARABOLİK ANTENA (Parabolic antenna) – Dairəvi "boşqab" şəklində olan antena; əksetdirici, peyklərə siqnal göndərmək, ya da peyklərdən siqnal almaq üçün istifadə edilən antena. P.a. TV yayımını qəbul etmək üçün tətbiq olunur. Alüminium və ya fiberqlastdan düzəldilir. Yüngüllüyü və əksetdirmə xüsusiyyəti, dözümlülüyü, istiyə və soyuğa davamlılığı kimi xüsusiyyətlərinə görə alüminium antena daha əlverişlidir. P.a.-nın diametri peyk yayımının uzaqlığına və yerləşmə bucağına görə dəyişir.
PARADİQMA (paradigm) – Burada: Kadrların, ifadə vasitələrinin, sözlərin hallanması və ya dəyişməsi formalarını göstərən cədvəl.
PARADOKS (paradox) – Sağlam mühakiməyə zidd olan, çoxluğun qəbul etmədiyi, auditoriyada kəskin (mənfi) reaksiya doğuran, ümum tərəfindən qəbul olunan ənənəvi rəylərə kəskin ziddiyyət təşkil edən fikrin ifadə olunması üçün işlənən bədii üsul. P.-da əks olunmuş fikrin gözlənilməzliyi və qəribəliyi təəccüb doğurur. P.-a fikrin müxtəsərliyi, aydınlığı, qəsdən nəzərə çarpdırılan kəskinliyi xasdır.