PARTİZAN TELEVİZİYASI (querilla television) – Şəbəkə və kabel TV-lərinə münasibətdə alternativ statuslu və videokasetlə işləyən stansiyanın məcazi adı. Bəzi mütəxəssislərin fikrincə, P.t. genişyayımlı telesistemlərin mərkəzdən səpələnməsinə və məişət videosuna keçməyə kömək edir.
PASSİV MİKŞER (passive mixer) – Səs siqnalının gücünü artırmadan, bir neçə ayrı-ayrı giriş siqnalını sadəcə bir çıxış siqnalında birləşdirən mikşer. Bax: S ə s m i k ş e r i.
PATEFON (turntable) – İynə vasitəsilə val yivlərindəki səsləri oxuyan cihaz. İynə maqnetik və ya seramik ola bilər. İynə val üzərinə 1,5 qramlıq təzyiqlə oturdulur. İynəyə söykənən bir armatur müxtəlif titrəmələrlə bir maqnetik sahə meydana gətirərək səs axınının bobinlərdən rahat keçməsini təmin edir.
PATETİKA (pathetikness) – Burada: Estetik kateqoriya kimi müəyyən yaradıcılıq kanalları çərçivəsində hər hansı verilişə xas olan hissi, emosional ab-havanı, ən ümumi emosional cəhətləri əks etdirir. Hər proqramın öz P.-sı olur. Məs., "Yeni il verilişi"nin P.-sı adi veriliş P.-sından fərqlənir.