POTENSİOMETR (potentiometer) – Səs mikşerində şiddət səviyyəsini, yəni bütün ayrıca kanallardan gələn toplam yekun siqnal şiddətini tənzim edən hissəcik. Bax: S ə s m i k ş e r i.
POZA (pose/posture/allitude) – 1) Ekranda danışan (oxuyan, hərəkət edən) adamın bədəninin aldığı vəziyyət; 2) Qeyri-səmimi davranış, başqalarını qıcıqlandırmaq üçün nümayiş etdirilən davranış tərzi.
POZİTİV (positive)– Lentdə müxtəlif sahələrin parlaqlıq nisbətinin çəkiliş obyektindəki (orijinaldakı) kimi və neqativdəkinin əksinə olduğu foto, yaxud kinematoqrafik təsvir. P.-də obyektin tünd sahələri tünd, açıq sahələri açıq alınır; əgər obyektin hansısa sahəsi digərindən daha işıqlıdırsa, P.-də də eyni vəziyyət alınacaq və s. 2) Təcrübəyə, faktlara, real gerçəkliyə əsaslanan; müsbət xarakterə malik;3) Neqativdən şüşəyə və ya kağıza köçürülən fotoşəkil.