RADİORELE RABİTƏSİ (radio relay link) – Aralıq stansiya; qəbuledici-verici radiostansiyalar silsiləsi vasitəsilə radio rabitəsi. Stansiyalar, adətən, bir-birindən antenalarının birbaşa göründüyü məsafələrdə düzülür. Stansiyalardan hər biri qonşu stansiyanın siqnalını qəbul edib gücləndirir və növbəti stansiyaya ötürür.
RADİO-SERVİS (radio data service) – Radio vasitəsilə məlumatvermə xidməti. Yayımla birlikdə dinləyicilərə qısa mesajlar yazılı şəkildə göndərilir.
RADİO SƏNƏTİ (radio work) – Radionun texniki vasitələrinin inkişafı ilə əlaqədar yaranmış dram sənəti növü. R.s. anlayışına həmçinin radio verilişlərinin yaradıcılıq üsulları və texniki vasitələrindən istifadə nəticəsində yeni bədii-obrazlı, estetik təsir xüsusiyyətinə malik ədəbi, teatr, sözlü-musiqili səhnə əsərlərinin transformasiyası daxildir. R.s.-ndə aktyorun danışıq səsi və müxtəlif səs çalarları (həyatdakı real səslər, xüsusi cihazların və elektron aparatlarının köməyi ilə yaradılan süni səslər, müxtəlif akustik effektlər, pauzalar) mühüm əhəmiyyət kəsb edir. R.s.-ndə aktyordan yumşaq, təmkinli, dərin psixoloji, incə nüanslarla zəngin səs oyunu tələb olunur. R.s.-ndə səsin, müxtəlif akustik effektlərin rolu radiorejissuranın spesifikasını müəyyənləşdirir.