AUDİOVİZUAL REKLAM (audiovisual advertisement) – Səs və görüntülü reklam (kinofilm, videofilm, diamaqnitofilm, slaydfilm, videoklip və s.).
AUDİTORİYA (audience/auditorium/lecture room)– 1) Mühazirə, məruzə, nitq, teleradio verilişi və s. yayım materialını dinləyənlərin toplusu; 2) Mühazirə oxumaq, iclas və s. keçirmək üçün zal, otaq və s.; 3) Kommunikasiya xətləri, KİV ilə verilən reklamı oxuyan, eşidən, ona baxan şəxslərin cəmi, reklamın ünvanlandığı istehlakçıların cəmi.
AUKSİON (auction) – Reklam olunan mallara əvvəlcədən aşağı satış qiyməti müəyyənləşdirilməklə keçirilən reklam tədbiri.
AUTYOR (auteur) – Bir çox parametrləri ilə seçilən, parlaq fərdi yaradıcılıq dəst-xəttinə malik olan və sırf müəllif əsərləri yaratmağa can atan kinorejissor, operator, yaxud prodüser. A.-luq nəzəriyyəsi elektron multimedia sahəsində müəlliflik anlayışına yeni münasibəti təqdir edir. Bu nəzəriyyə ilkin mətnin müəllifini A.-ların rəhbərliyi altında multimedia prosesində iştirak edən komandanın üzvlərindən yalnız biri kimi nəzərdən keçirir.